1888-ci ildə Cəlil Məmmədquluzadənin “Sahib-mənsəb ziyalılar yurdu” adlandırdığı Şahtaxtı kəndində Naxçıvan diyarındakı ilk məktəblərdən biri açılıb. Arxiv sənədlərində dövrünün qabaqcıl ziyalı mühitini öz ətrafında birləşdirən Şahtaxtı məktəbində məktəbin ilk nəzarətçisi İsgəndər bəy Əlibəyovun, şəriət müəllimi Molla Əli Axund Molla Ələsgər oğlunun, fəxri nəzarətçi Əbülfət ağa Şahtaxtinskinin, bir az sonra Həsən bəy Nəsirbəyovun, İsook Fərhadoviç Moroqulovun, Mirzə Məmməd Molla Məmməd Tağı oğlunun, Yusif bəy Qazızadə və Cəlil ağa Şahtaxtinskinin yanında, fənn müəllimi Əbülqasım Sultanovun da adı çəkilir. Sonralar Naxçıvan maarifçi və ədəbi mühitinin tanınmış nümayəndələrindən birinə çevrilən Əbülqasım Sultanov 1888-ci ildə Şahtaxtı kənd məktəbində müəllim kimi başladığı fəaliyyətini 1896-cı ilə qədər nəzarətçi (müdir) olaraq davam etdirib.
Həyatının böyük bir hissəsini insanların elminə, təhsilinə sərf edən Əbülqasım Sultanov 12 aprel 1866-cı ildə Naxçıvanda dünyaya göz açıb. Böyük demokrat Cəlil Məmmədquluzadə ilə birlikdə (1879-1882- ci illərdə) Naxçıvandakı üçsinifli ibtidai məktəbdə təhsil alan bu maarifpərvər insanın sonrakı təhsil illəri də Mirzə Cəlillə kəsişib. Naxçıvandakı təhsil illərinin ardından onlar birlikdə 1882-ci ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına daxil olublar. Xəstəliyi səbəbindən seminariyadakı təhsilinə bir il ara verən Əbülqasım oranı 1888-ci ildə bitirərək Şahtaxtı kənd məktəbinə təyinat alıb. Əbülqasım Sultanov 1888-1896-cı illər ərzində Şahtaxtı kəndində insanların təlim-tərbiyəsi ilə yaxından məşğul olaraq maarifpərvər gənc nəslin yetişməsində müstəsna rol oynayır. Daha sonra Cəlil Məmmədquluzadənin işlədiyi Baş Noraşen (indiki Cəlilkənd) məktəbində fəaliyyətini davam etdirir və 12 il (1896-1908) bu məktəbdə rus dili fənnini tədris edir. Həmin illər ərzində Əbülqasım Sultanovun “Baş Noraşen ikisinifli zemstvo məktəbinə daxil olan və oranı bitirənlərin siyahısı”nı tərtib etməsi məktəb tarixinin araşdırıcıları üçün dəyərli töhfə olub. Siyahıdan aydın olur ki, məktəbi bitirən 63 məzundan 13 nəfəri İrəvan Gimnaziyasına daxil olub, biri Aleksandropol (Gümrü) şəhər məktəbində təhsilini davam etdirib, Rəhim Kazımbəyov adlı digər bir məzun isə Qori Müəllimlər Seminariyasında oxuyub.
Əbülqasım Sultanovun maarifçilik sahəsindəki xidmətlərinin ən diqqətçəkən tərəfi onun həmin dövr üçün “böyük xidmət” hesab edilən qızları məktəbə cəlb etməsi idi. Əsl maarifpərvər ziyalı kimi çalışan Əbülqasım Sultanov qızların təhsil alması haqqında bu fikirləri söyləyib: “Hər bir ata və ana gərək axırıncı köynəyini satıb balalarına elm versin. Çünki elm insanı adam edib, hörmət sahibi edər. Qızlar elm öyrənməlidirlər ki, ana olanda öz balalarına tərbiyə verib pərvəriş etsinlər”. Bu fikirlər daşıyıcısı olan Əbülqasım Sultanov Dilbər və Süsən adlı iki qızını da oxudub, Naxçıvan rus-tatar məktəbində təhsil alan bu gənclər sonradan Naxçıvanın ilk qadın müəllimləri kimi ulu diyarda qadın təhsilinin inkişafında, savadlılıq dərəcəsinin zərif cinsin nümayəndələri arasında yüksəlməsində və ümumiyyətlə, onların ictimai-siyasi həyatda aktiv rol oynamalarında əhəmiyyətli fəaliyyət yürüdüblər.
Xalqının elmi, mədəni tərəqqisində böyük maarifçi ziyalı kimi çıxış edən Əbülqasım Sultanov Naxçıvanda teatr sənətinin inkişafı üçün də misilsiz xidmətlər göstərib. Xalqların və millətlərin elmi-mədəni tərəqqisində müstəsna rol oynayan teatrın Naxçıvan mühitində geniş yayılması və insanların teatrın əhəmiyyətindən yararlanması üçün səy göstərmiş ziyalılardan olan Əbülqasım Sultanov Naxçıvan teatr tamaşalarında əsas rolların, xüsusən də qadın rollarının mahir ifaçısı olub. Həmin dövrdə teatr tamaşalarının səhnələşdirilməsi zamanı qadın aktyorların tapılmaması xalqına sidqi-ürəklə bağlı olan Əbülqasım Sultanovu məcbur edir ki, qadın rollarında çıxış etsin və o, M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəlişah” komediyasında Gülçöhrə, E.Sultanovun “Azərbaycan qızı” pyesində Sənəm, Ə.Haqverdiyevin “Dağılan tifaq” faciəsində Sona xanım və “Pəri cadu” dramında Şamama obrazlarını məharətlə canlandırıb. O, Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Məcnunun atası, Z.Hacıbəylinin “Əlli yaşında cavan” musiqili komediyasında Qulu rollarını da peşəkarcasına ifa edib.
Qeyd edək ki, Əbülqasım Soltanovun tələbəlik illərində qələmə aldığı “Ədəbiyyatşünaslıq dəftəri” icmal formalı dərs vəsaiti olmaqla, həmin dövr üçün gənclərə böyük fayda verib.
Həmçinin tərcüməçilik fəaliyyəti ilə də məşğul olan Əbülqasım Soltanov Molla Nəsrəddin lətifələrini rus dilinə tərcümə edib. Onun tərtib etdiyi “Ədəbi nümunələr müntəxəbatı”nda XIX və XX əsrin əvvəllərinə aid şairlərin əsərləri toplanıb. Ciddi elmi-siyasi əhəmiyyətə malik “İranda qayda-qanun yoxdur” (1912) adlı fəlsəfi-publisistik traktat da Əbülqasım Sultanovun qələm məhsulu kimi diqqət çəkib.
Naxçıvan maarifçilik hərəkatının mühüm simalarından olan Əbülqasım Sultanov ömrünün sonlarını Qəzvin şəhərində keçirib. O, 1916-cı ildə Qəzvində dünyasını dəyişib. Qəzvindən yazdığı məktublarında Əbülqasım Sultanovun xalqın maariflənməsinə nə qədər böyük əhəmiyyət verdiyi bir daha özünü göstərir: “İnsanın cövhəri, qədir və qiyməti elm təhsil etməsidir. Hərgah müsəlman milləti sair millətlər kimi elmi vacib bilib oxusaydı, bu gün başına cürbəcür bəlalar gəlməzdi, vadiyi-zülmətdə qalmazdı, abu-xak və müqəddəs Vətən əldən getməzdi. Nə deyim, nə yazım, qoy qalsın. Ancaq ah çəkməkdən başqa özgə bir əlac əldən gəlmir. Lənət gəlsin o atalara ki, elm, fənn və sənətdən kənar düşüb, bəzi biməna sözlərə inanıb öz övladlarının haqqında zülm ediblər. Yan, qəlbim, yan! Şölə çək!”
Ömrünü xalqın maariflənməsinə həsr edən Əbülqasım Soltanov nümunəvi bir ömür yaşayıb. Maarifpərvər ziyalı Cəlil Məmmədquluzadə kimi xalqına şərəflə xidmət edib. Onun həyat və fəaliyyətinə nəzər salanda “Bir ziyalı necə olar?” sualına cavab tapırıq.
Anar Qasımov
“Yeni həyat” qəzeti