İbrahim Yusifoğlunun poetik dünyası və uğurları - İsa Həbibbəyli

A- A A+

İbrahim Yusifoğlu milli şeirimizin istedadlı və daim axtarışlarda olan nümayəndələrindən biridir. O, şeiri vərdiş, yaxud mütaliədən çox istedadla təbii ilhamın axarında yazan şairlərdəndir. İstedad İbrahim Yusifoğluna həyatı və insanları şairanə şəkildə, poetik görkəmdə duymaqda və görməkdə bələdçilik edir. İbrahim Yusifoğlunda zəhmət faktoru istedad amili ilə vəhdətdədir. Uzaq dağ kəndində, təmiz və səfalı, çiçəkli, bulaqlı təbiətin qoynunda böyüyüb boya-başa çatan, bütün kənd uşaqları kimi mənsub olduğu ailənin təsərrüfat həyatında mükəmməl zəhmət dərsləri keçmiş İbrahim Yusifoğlunun yaradıcılığında istedad şeirin ruhu və qanadı, zəhmət isə mahiyyəti və bəzəyidir. Sözlərdən, fikirlərdən, orijinal bədii təsvir və ifadə vasitələrindən şeirin "inşaat materialları" kimi özünəməxsus şəkildə, yaradıcılıqla faydalanmağı bacaran İbrahim Yusifoğlu sanki ilhamlı şeirlərinin istedadlı və zəhmətkeş bənnasıdır. Onun qələmindən çıxmış ən yaxşı şeirlər yaratdığı poeziya sarayının kərpicləri kimi uzunömürlüdür. "Ruhuma bircə bu yağış doğmadı" şeirində etiraf etdiyi kimi:

Mənim şeirlərim könül varımdı,

Onlarda həm sevinc, kədər varımdı.

Qəlblərə ələnən yağışlarımdı,

Ruhuma bircə bu yağış doğmadı.

Müşahidələr göstərir ki, İbrahim Yusifoğlu əksər məqamlarda yaşadığı mühitin qayğılı və rəngli şeiriyyətini ədəbiyyata gətirməyi bacarır. Şeirlərini diqqətlə oxumaqla onun hansı ictimai-mənəvi və ya maarifçi mühitdə nəfəs aldığını hiss etmək olur. O, şeirlərində özünü əhatə edən belə bir təbii və rəngarəng mühitin dilində danışmağa səy göstərir. Və əksər məqamlarda bunu yüksək peşəkarlıqla həyata keçirməyi bacarır.

Bundan başqa, İbrahim Yusifoğlunun şeirləri həm də sanki onun təmsil olunduğu mühitin bənzərsiz təbiətinin poetik coğrafiyasıdır. Şair çox vaxt uzun illər yaşadığı coğrafiyanın bütün fəsillərini ilhamla yazılmış şeirlərində və poeziyanın müxtəlif çalarlarındakı axtarışlarında ədəbiyyat faktına çevirməyə nail olmuşdur. Qoynunda doğulduğu dağlı-aranlı qədim Şərur Çuxurunun, Saralı-Xançobanlı Arpaçayın təbii görkəmi, həyat ritmi İbrahim Yusifoğlunun şeirlərində özünün əsl poetik mənasını və bədii obrazını tapa bilmişdir. Buna baxmayaraq, İbrahim Yusifoğlunun palitrasında "baharın tacı" sayılan bənövşənin və badam ağacının rəng çalarları üstünlük təşkil edir. Adama elə gəlir ki, İbrahim Yusifoğlu Şərurun qonur, çılpaq dağlarını və Arpaçay vadisini alaseyrək çiçəkli badam ağacı sifətində görür. İlham Yusifoğlunun təbiət şeirləri sanki badam ağacında bənövşə çiçəyidir. Həyatı barmaqları bənövşəyi mürəkkəbli şagirdlərin və müəllimlərin arasında keçən İbrahim Yusifoğlunun bir çox misraları isə həm rəng çalarlarına, həm də poetik mənasına görə bənövşə çiçəyinə həsr edilmiş ən yaxşı şeirlər olaraq fərqlənir, yadda qalır:

 

...Şərur Çuxurunda baharın tacı,

Gül-çiçək könlümü məst eyləmişdi.

Gözlərim önündə badam ağacı

Bənövşə çiçəyi çiçəkləmişdi.

 

...Bəlkə, müəllim ömrü yaşadığından

Badam bənövşəyi al çiçəkləyib?!

Bəlkə, şagirdlərin barmaqlarından

Şehli çiçəklərə mürəkkəb dəyib?!

("Bənövşə çiçəkli badam ağacı...")

 

Zəhməti və istedadı özündə birləşdirən İbrahim Yusifoğlu ən yüksək insani keyfiyyətləri ilə də seçilir. O, sadəcə yarım əsrə yaxın müəllim işlədiyi üçün deyil, həm də dərin mənəvi keyfiyyətə malik olmağı şəxsiyyət üçün dəyər kimi qəbul etdiyinə görə əsl müəllim ömrü yaşayır. İbrahim Yusifoğlunun şeirlərində əxlaqi-mənəvi dəyərlər ilhamla tərənnüm olunur. Çox yaxşı xüsusiyyətdir ki, bu qəbildən olan şeirlərində o, oxucusuna əxlaqi dərs keçmir, əksinə, insanın pak mənəviyyatını, yüksək mənəvi xüsusiyyətlərini obrazlı şəkildə təqdim etməklə diqqəti həmin keyfiyyətlərin aliliyinə yönəldir. Bu mənada İbrahim Yusifoğlu həyatda olduğu kimi, şeirlərində də həyatı obrazlı şəkildə qavrayan və ifadə edən müəllimdir. Onun maarifçi baxışları ilə maarifçilik fəaliyyəti bir-birini tamamlayır. Buna görədir şairin müəllim ömrü haqqında, müəllimlərə və məktəbə, şagirdlərə həsr olunmuş şeirləri yaxşı alınır. Oxucuları tərəfindən həvəslə oxunan, qəlblərdə özünə yer tapmış "Safdır, müqəddəsdir, müəllim ömrü!" şeiri müəllimlər haqqında mahnı kimi səslənir:

Ən parlaq Ulduzdu, nur saçan Aydı,

Dalğalı dənizdi, ləpəli çaydı.

Ömrü-ömürlərə paylanan paydı,

Safdır, müqəddəsdir, müəllim ömrü!

 

Həlimlik gözünün qarasındadı,

Əzizlik qəlbinin parasındadı,

Hər an şagirdlərin arasındadı,

Kövrəlmiş bir səsdi müəllim ömrü!

Şair, eyni zamanda, Naxçıvan Muxtar Respublikasında yaşayan qabaqcıl müəllimlər haqqında "Safdır, müqəddəsdir müəllim ömrü" adlı seriyasından yazıb çap etdirdiyi altı kitabda onlarca qabaqcıl müəllimin iş təcrübəsindən və həyat fəaliyyətindən, məktəblərdə keçən ömür yollarından bəhs edən oçerkləri (1999-2017) oxucularına təqdim etmişdir. İbrahim Yusifoğlu Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi kimi respublika müəllimlərinin XII qurultayının (1998) iştirakçısı olmuşdur.

İbrahim Yusifoğlu yeni dövr Azərbaycan maarifçi şeirinin əsas yaradıcılarından biri kimi böyük ədəbiyyata şərəflə xidmət edir. Onun məktəb şeirləri və uşaq poeziyası maarifçi şeirlərinin aparıcı qanadını təşkil edir. İbrahim Yusifoğlu müasir mərhələdə müəllim və məktəb haqqında ən yaxşı şeirlərin müəllifidir. O, uşaq ədəbiyyatı istiqamətindəki fəaliyyətini ardıcıl olaraq uğurla davam etdirən, bu istiqamətdə təsirli, yadda qalan şeirlər meydana qoyan istedadlı şairdir. İbrahim Yusifoğlunun demək olar ki, bütün kitablarında müəllimlər və uşaqlar üçün nümunəvi şeirlər vardır. Bununla belə, şair "Seçilmiş əsərləri"nin ayrıca bir cildini uşaq ədəbiyyatına həsr etmişdir. İbrahim Yusifoğlu müstəqillik dövrü uşaq ədəbiyyatında uşaq ədəbiyyatı külliyyatı yaratmış şairlərdəndir. Bundan başqa, o, "Futbolçu, topçu, gopçu", "Arpaçayın uşaqları", "Azərbaycan Vətənimdir", "Vətən nəğməsi", "Göy yerə zəng eyləyir" kitablarını balaca oxuculara hədiyyə etmişdir. 2020-ci ildə "Payızda üşüyən çiçək" adlı uşaq şeirləri kitabı Tehranda, "Xudafərin" nəşrlər evində fars əlifbası ilə çap olunmuşdur. Azərbaycan Yazıçılar Birliyinin tərtib etdiyi "Azərbaycan uşaq ədəbiyyatı antalogiyası"nda (2014), Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı"na dair "Müntəxəbat" dərsliyində İbrahim Yusifoğlunun silsilə şeirləri verilmişdir.

Dövri mətbuatda ən ardıcıl şəkildə çap olunan İbrahim Yusifoğlu "Ulduz", "Vətən nəğməsi", "Göyərçin", "Pioner", "Günəş", "Uşaqlar və Günəş", "Herba və flora", "İbtidai məktəb", "Azərbaycan qadını", "Kənd həyatı" kimi jurnal və toplularda, "Şərurun səsi", "Şərq qapısı", "Azərbaycan müəllimi", "Cik-cik", "Azərbaycan pioneri", "Savalan", "Tumurcuq", "Təhsil problemləri", "Ədəbiyyat", "Ədalət", "Kredo" və digər qəzetlərdə uşaq şeirləri və publisistik yazılarını müntəzəm olaraq oxuculara çatdırmaqda davam edir. Bu şeirlərdə, poemalarda və mənzum pyeslərdə uşaqlar öz dünyalarına qovuşur, öz şirin və şıltaq günlərini yaşayırlar. "Qıymayın uşaqlara" şeirində müəllif körpə fidanları öz şirin röyalarından ayrı salanlara, qönçə ikən onları dünyaya göz yumduranlara qarşı etiraz səsini ucaldır:

Ay, Günəş istəyirlər,

Nur ələnsin cahana.

Şeh, yağış diləyirlər,

Təbiət gəlsin cana.

İstəyirlər gül, çiçək

ətri çöksün hər yana.

Paketləri, topları

Tuşlamayın onlara.

Tanrıdan gələn səsdi:

- Qıymayın uşaqlara!

50 ildir ki, fəaliyyət göstərən "Şərur" Ədəbi Birliyi - Naxçıvan Yazıçılar Birliyinin Şərurdakı yaradıcılıq bazasıdır. Bu ədəbi birlik Azərbaycan ədəbiyyatına həm təcrübəli qələm sahibləri olan yazıçılar və şairlər, həm də yeni imzalar bəxş etməkdə davam edir. Azərbaycanın ayrılmaz parçası, Naxçıvan diyarının bənzərsiz bölgəsi olan qədim və həmişəcavan Şərurun bədii obrazı, nağıllı-əfsanəli Arpaçayın poetik səsi, elmi-publisist salnaməsi Şərur Ədəbi Birliyində formalaşır. Bu ədəbi birlik Dədə Qorqud yurdu Şərurun sabahına gur işıq salır. Tanınmış şair və publisist İbrahim Yusifoğlunun otuz ildən çox bu ədəbi birlikdəki "Məliküş-Şüəralığı", təşkilatçılıq fəaliyyəti ilə səmərəli yaradıcılıq işi yeni-yeni nəsillərin qələmdən ürəklə yapışmalarına dəstək vermişdir.

Çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan İbrahim Yusifoğlunun yaradıcılığında poema janrında yazılmış əsərlərin özünəməxsus yeri vardır. Janr baxımından onun poemaları liro-epik əsərlərdir. Şairin poemalarında seçilmiş həyat hadisələrinin təsviri ilə lirik düşüncələr bir-birini tamamlayır.

Eyni zamanda, İbrahim Yusifoğlunun uşaqlar üçün yazdığı mənzum pyeslərdə ibrətamiz, tərbiyəvi xarakterə malik olan hadisələri, uşaq dünyasının icəliklərini şairanə şəkildə təqdim edir. İbrahim Yusifoğlunun bir çox uşaq pyesləri Azərbaycan ədəbiyyatında bu janrda yazılmış ən yaxşı əsərlər sırasındadır. Onun ən yaxşı uşaq pyesləri böyük səhnə üçün faydalı ola bilən əsərlərdir.

İbrahim Yusifoğlunun hazırda 5 cildlik seçilmiş əsərləri çapa hazırlanır. Artıq oxucuların ixtiyarına verilmiş 4 cildindəki şeir külliyyatı onun çoxillik bədii yaradıcılığının böyük bir dövrünün yekunudur. Oxuculara təqdim olunmuş bu kitablardakı şeirlər, poemalar, mənzum pyeslər istedadlı qələm sahibinin ədəbiyyata, şeirə ürəkdən bağlı olduğunu, özünü poeziyada tapdığını və bu yolda şair kimi ədəbiyyatımızın inkşafına ləyaqətlə xidmət göstərdiyini bütöv şəkildə əks etdirir. Bu mənada hər yeni şeirlər külliyyatı şairin həm də bundan sonrakı yaradıcılıq fəaliyyətinin başlanğıcıdır. Onun müstəqil Azərbaycanın yeni gələn nəsillərinə demək üçün sözü hələ çoxdur:

Qırx ildir qələmlə külüng çalıram,

Hələ Fərhad arxı qazmamışam mən.

Göylərdən, yerlərdən ilham alıram,

Hələ öz şeirimi yazmamışam mən,

- deyən ömrünün və yaradıcılığının ən yetkin çağını yaşayan İbrahim Yusifoğluna bundan sonra da həyatında və ədəbi yaradıcılığında uğurlar arzulayıram.

İbrahim Yusifoğlu yeni dövrün ən yaxşı maarifçi poeziyasını və uşaq şeirini yaratmaqda davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: