Naxçıvan Teatrı 139-cu yaradıcılıq mövsümünə başlayıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sentyabrın 24-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı rus yazıçısı Nikolay Qoqolun “Müfəttiş” komediyası əsasında hazırlanan səhnə əsəri ilə 139-cu yaradıcılıq mövsümünü açıb.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, Azərbaycanda ilk peşəkar teatrın yaranmasından 10 il sonra – 1883-cü il mayın 11-də əsası qoyulan və bu gün 139-cu mövsümünə başlayan Naxçıvan teatrı həmişə Azərbaycan teatr hərəkatının önündə gedərək tamaşaçıların mənəvi və estetik tərbiyəsində mühüm rol oynayıb.
Sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi rus yazıçısı Nikolay Qoqolun “Müfəttiş” komediyası əsasında hazırlanan səhnə əsərini teatrsevərlərə təqdim edib.
Vəzifəli şəxslərin cəmiyyətə xidmət üçün deyil, yalnız öz mənafeləri üçün vəzifələrindən sui-istifadə etmələrindən, nəticədə, insanların sosial qayğılarına laqeyd yanaşmalarından bəhs edən tamaşanın rejissoru xalq artisti Kamran Quliyev, rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.
“Müfəttiş” tamaşasındakı əsas rolları Xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov, Azərbaycan Respublikasının əməkdar artistləri Əli Əliyev, Əbülfəz İmanov, Behruz Haxverdiyev, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Səməd Canbaxşiyev, aktyorlar Zakir Fətəliyev, Zəminə Məmmədova, Şölə Alışova, Ələsgər Quliyev, Səyyad Məmmədov, Rəhman Dünyamalıyev, Uğur Nəsirov və Anar Eyvazov canlandırıblar.
Mahmud Hüseynov