27 sentyabr Turizm İşçiləri Günüdür - FOTOLAR

Naxçıvanda turizmin inkişafı üçün davamlı tədbirlər görülür

A- A A+

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli Sərəncamına əsasən hər il sentyabrın 27-si ölkə­mizdə “Turizm İşçiləri Günü” peşə bayramı kimi qeyd olunur.

Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən ölkəmizdə turizmin inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli dövlət xadimi ölkəmizə hər iki rəhbərliyi dövründə bu sahənin inkişafını diqqətdə saxlamışdır. Ötən əsrin 70-ci illərində Azərbaycanda turizm təşkilatları və ekskursiya bazalarının geniş şəbəkəsi yaradılmış, müasir mehmanxanalar, ictimai əyləncə obyektləri inşa olunmuşdur. Müstəqillik illərində də ulu öndər bu sahənin inkişafını diqqətdə saxlamış, dövlət turizm siyasətinin tənzimlənməsi sahəsində mühüm hüquqi baza yaradılmış, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.

“Turizm sahəsi həm regionların inkişafı, həm də ki, ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir. Bizim çox gözəl təbiətimiz var. Bəlkə, nadir ölkələrdən biriyik ki, burada istənilən təbii şərait, istənilən iqlim var”, – deyən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ümummilli liderimizin siyasi xətti uğurla davam etdirilir. Son illərdə ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanıdılması istiqamətində, habelə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Ölkə başçısının imzaladığı sərəncamlar, qəbul edilən Dövlət proqramlarının uğurlu icrası Azərbaycanı dünyada turizm ölkəsinə çevirmişdir. Azərbaycanın bütün bölgələrində yeni turizm obyektləri, yay-qış turizm kompleksləri, mehmanxanalar inşa olunmuş, mədəni- tarixi qoruqlar yaradılmışdır. 2011-ci ilin “Turizm ili” elan edilməsi isə Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqətin daha bir ifadəsi olmuşdur.

Ölkəmizin hər bir guşəsi kimi, onun qədim insan və mədəniyyət məskəni, təbii sərvətlər muzeyi olan, “Şərqin qapısı” adlandırılan Naxçıvan Muxtar Respublikası bu gün turistlərin ən çox sevdiyi məkanlardandır. Əlverişli coğrafi mövqeyi, müxtəlif iqlim qurşaqlarının mövcudluğu, zəngin mədəni irsi, təbii müalicə mərkəzləri, mineral suları, özünəməxsus mətbəxi, yüksək qonaqpərvərlik ənənələri və müasir inkişafı muxtar respublikada turizmin inkişafını şərtləndirən başlıca amillərdir. 200-dən çox mineral bulağı, 400-ə qədər böyük və kiçik çayı olan Naxçıvan Muxtar Respublikasında Azərbaycanın nadir fauna və florası məskunlaşmışdır. Muxtar respublikanın zəngin təbiəti və onun qorunması sahəsində həyata keçirilən tədbirlər turizmin bir çox növünün inkişafına şərait yaratmışdır. Ərazidə olan flora və faunanın nadir növləri Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş və xüsusi mühafizəyə alınmışdır. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu, Arazboyu, Ordubad və Arpaçay Dövlət Təbiət yasaqlıqları hesabına xüsusi mühafizə olunan təbiət əraziləri muxtar respublika ərazisinin 28 faizini təşkil edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işləri turizmin inkişafına təkan vermiş, muxtar respublikaya gələn turistlərin sayı ilbəil artmışdır. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərinə belə, rahat yollar salınmış, su xətləri çəkilmiş, müasir infrastruktur obyektləri tikilmiş, fasiləsiz təbii qaz, elektrik enerjisi, rabitə xidməti və sürətli internet istifadəyə verilmişdir. Qədim diyarın Biçənək, Kükü, Ağbulaq, Nursu, Keçili, Xanəgah, Dırnıs, Nəsirvaz, Bist, Tivi, Şahbulaq, Gümüşlü, Ərəfsə və başqa yaşayış məntəqələrində kənd yaşıl turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Həmin kəndlərdə asudə vaxtını səmərəli keçirmək istəyən turistlərə həm də bütün zəruri xidmətlər təklif olunur. Həmçinin ailə təsərrüfatları tərəfindən hazırlanan ekoloji cəhətdən təmiz qida məhsulları və münasib qiymətlər turist məmnunluğunu səciyyələndirən amillərdəndir. Bu baxımdan muxtar respublikanın kənd yaşayış məntəqələrinə gələn turistlər həm də onlarla çeşiddə təmiz ekoloji məhsullarla tanış olmaq imkanı əldə edirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 29 noyabr tarixli Sərəncamına əsasən Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması və cari ilin fevral ayında Ağbulaq Xizək Mərkəzinin istifadəyə verilməsi muxtar respublikada ənənəvi turizm növlərinin inkişaf etdirilməsi ilə yanaşı, yeni turizm istiqamətlərinin formalaşması üçün də geniş imkanlar yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 7 oktyabr tarixli Sərəncamına əsasən yaradılmış Sahil Parkı qısa müddətdə şəhər sakinlərinin və qonaqların ən sevimli istirahət məkanlarından birinə çevrilmişdir.

Muxtar respublikada idman turizminin inkişafı da diqqətdə saxlanılır. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na əsasən yaradılmış və cari ilin aprel ayından istifadəyə verilmiş Uzunoba Təlim-Məşq İdman Kompleksi idman turizminin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Naxçıvan Muxtar respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Müasir dünyada turizm sektoru iqtisadi cəhətdən ən gəlirli və perspektivli sahələrdən biridir. Zəngin mədəni-tarixi irsə və əlverişli şəraitə malik olan Naxçıvan Muxtar Respublikasında turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Hazırda muxtar respublikada iqtisadi-sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür”.
Naxçıvan Muxtar Respublikasının tarix-mədəniyyət abidələri ilə zənginliyi turistləri bu diyara cəlb edən əsas amillərdəndir. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamına uyğun olaraq muxtar respublikada 1200-dən çox tarixi abidə pasportlaşdırılaraq qeydiyyata alınmış, 70-ə yaxın tarix və mədəniyyət abidəsi bərpa olunmuşdur. Son illər ərzində Möminə xatın türbəsi bərpa edilmiş, Əshabi-Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksində yenidənqurma işləri aparılmış, Nuh Peyğəmbərin məzarüstü türbəsi, muxtar respublika ərazisindəki buzxanalar, Naxçıvan şəhərindəki İmamzadə Kompleksi, Came məscidi, Zaviyə mədrəsəsi, İsmayılxan hamamı, Naxçıvanqala, Xan sarayı, Yusif Küseyir oğlu türbəsi, Naxçıvan şəhər buzxanası, Şərur rayonunun Yengicə kəndindəki Şərq hamamı, Culfa rayonundakı Xanəgah Abidə Kompleksi, Əlincəqala, Gülüstan türbəsi, Qazançı körpüsü, Ordubad rayonundakı Aza körpüsü, Qeysəriyyə, Kəngərli rayonundakı Qarabağlar Türbə Kompleksi, Şahtaxtı kəndindəki Şərq hamamı, Babək rayonundakı Nehrəm imamzadəsi və digər tarixi abidələr bərpa olunmuşdur. Həmçinin cari ilin 27 avqustunda Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının istifadəyə verilməsi muxtar respublikada geniş vüsət almış abadlıq və quruculuq tədbirlərinin məntiqi davamıdır. Hazırda Ordubad şəhərində yerləşən Cümə məscidinin bərpası davam etdirilir, həmçinin Cəhri qəsəbəsindəki XV əsrə aid tarixi “Heydərxanlı” məscidi öz orijinal layihəsi əsasında yenidən inşa olunur.

Qədim diyarda müalicə turizminin inkişafına da xüsusi diqqət yetirilir. Dünyanın bənzərsiz təbii şəfa mənbəyi olan Duzdağ Fizioterapiya Mərkəzində tənəffüs yolları xəstəliklərindən əziyyətçəkən xəstələr üçün müasir şərait yaradılmışdır. Ötən il Duzdağ Fizioterapiya Mərkəzinin müasir standartlara cavab verən inzibati binasının istifadəyə verilməsi isə bu sahəyə olan dövlət qayğısının əyani ifadəsidir. Darıdağ Arsenli Su Müalicəxanası da müalicə turizmi sahəsində böyük imkanlara malikdir. Hazırda tikintisi davam edən Darıdağ arsenli su müalicə və istirahət kompleksi, həmçinin ərazidə “Darıdağ” termal hotelin tikintisi bu şəfalı suyun müalicəvi xüsusiyyətlərindən səmərəli şəkildə istifadəyə şərait yaradacaqdır. Naxçıvan Muxtar Respublikasında dini turizmin inkişafı istiqamətində görülən işlər, dini-mədəni abidələrin bərpası və qorunması dini dəyərlərimizin dünyaya tanıdılmasında vasitə rolunu oynayır. Qədim inancları, möcüzəvi sirləri və əfsanələri özündə yaşadan Əshabi-Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, həmçinin pirlər, imamzadələr, qədim məscidlər dünyanın dörd bir yanından gələn zəvvarların ziyarətgahına çevrilmişdir. Bütün bunlar onu göstərir ki, Naxçıvanda dini turizmin inkişafı üçün də real imkanlar mövcuddur.

2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişafı ilə bağlı müşavirənin keçirilməsi, “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Pro­qramı”nın qəbul olunması turizmin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin yaradılması isə bu sahədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. 2019-cu ilin 23 sentyabrından etibarən Turizm Departamenti tarixi binada – Naxçıvanskilərə məxsus malikanədə fəaliyyətini davam etdirir. Departamentin fəaliyyəti üçün müasir standartlara cavab verən maddi-texniki baza yaradılmış, departamentin nəzdində fəaliyyət göstərən Milli Dəyərlər Muzeyinin ekspozisiyası yeni maddi mədəniyyət nümunələri ilə zənginləşdirilmişdir.

Zəngin və özünəməxsus mətbəx turistləri cəlb edən əsas amillərdəndir. Bu baxımdan Naxçıvan mətbəxi hər zövqə uyğun dadlı təamları ilə seçilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 9 aprel tarixli Sərəncamına əsasən yaradılmış “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi qədim mətbəx nümunələrimizin, eləcə də milli mətbəximizə aid adət-ənənə və folklor nümunələrinin toplanması, qorunması, sistemli şəkildə öyrənilməsi, inkişaf etdirilməsi və təbliği istiqamətində səmərəli fəaliyyətini davam etdirir. Mərkəzin nəzdində olan “Milli yeməklər” İctimai İaşə Məhdud Məsuliyyətli Cəmiyyətində milli mətbəx nümunələrinin hazırlanma qaydalarına dair televiziya verilişləri və videoçarxlar hazırlanaraq internet resursları vasitəsilə təbliğ olunur. Son illərdə qədim diyarımızın turizm potensialından səmərəli istifadə olunması, mövcud tələblərə cavab verən turizm infrastrukturunun formalaşdırılması sahəsində mühüm uğurlar əldə olunmuş, yeni hotellər və istirahət mərkəzləri istifadəyə verilmiş, tarixi yaddaşı əks etdirən abidələr bərpa edilmiş, muxtar respublika ərazisində təhlükəsiz mühit formalaşdırılmışdır. Hazırda fəaliyyətdə olan 5 ulduz kateqoriyasına malik “Təbriz” və “Duzdağ” hotelləri, “Saat Meydanı” turistik istirahət mərkəzi, Ağbulaq İstirahət Mərkəzi və digər turizm obyektlərində yüksəkkeyfiyyətli xidmətlər təklif olunur. Turizmin inkişafı yüksək səviyyədə qurulan infrastrukturla bağlı olduğu kimi, həm də sabitliklə bağlıdır. Bu iki amilin muxtar respublikada mövcudluğuturistlərin buraya gəlməsi üçün daha bir üstünlük yaradır.

Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi və ölkəmizin Gənclər Paytaxtı seçilməsi turizm imkanlarımızı nümayiş etdirmək baxımından mühüm əhəmiyyətə malik olmuşdur. Görülən işlərin nəticəsidir ki, Böyük Britaniyada nəşr olunan dünyanın ən məşhur səyahət jurnalı “Vanderlast” Naxçıvan şəhərini səyahət edilən 50 ən təhlükəsiz və gözəl şəhərlər sırasına daxil etmişdir. Naxçıvanın mübarizliyinin, əyilməzliyinin simvolu olan Əlincəqala Perudakı Machu Picchu qala şəhəri ilə müqayisə olunur. Bütün bunlar muxtar respublikamızda qısa müddətdə turizm sahəsində qazanılmış böyük uğurların göstəricisidir.

Turist məmnunluğunu səciyyələndirən amillərdən biri də nəqliyyat xidmətləridir. Muxtar respublikada müasir standartlara cavab verən nəqliyyat infrastrukturu qurulmuşdur. Taksi fəaliyyəti göstərən sürücülərin məlumatlılığının artırılması məqsədilə qrafik əsasında muzeylərlə tanışlığı və maarifləndirilməsi təmin edilir. Həmçinin daim fəaliyyət göstərən avtobus marşrutlarına nəzarət olunur, Əshabi-Kəhf Ziyarətgahı Dini Mədəni Abidə Kompleksinə, Uzunoba gölündəki çimərliyə və digər turizm potensiallı obyektlərə mövsümi marşrutlar fəaliyyət göstərir.

Turizmin inkişafını stimullaşdıran məsələlərdən biri də təbliğat və təşviqat işləridir. Turizm Departamentinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Turizm İnformasiya Mərkəzində muxtar respublikaya turistlərin cəlbi baxımından ardıcıl işlər görülür, turistlərin sorğuları cavablandırılır, internet resurslarından istifadə edilməklə muxtar respublikanın turizm potensialı tanıdılır. Həmçinin turistlərin məlumatlılığının artırılması məqsədilə Azərbaycanda və xarici ölkələrdə fəaliyyət göstərən turizm obyektləri ilə məlumat mübadiləsi aparılır, muxtar respublikanın turizm potensialı haqqında məlumatlar ölkəmizdə və 20-yə yaxın xarici ölkədə fəaliyyət göstərən mehmanxana və turoperatorların elektron poçt ünvanlarına göndərilir. Turizm marşrutlarının bukletləri hazırlanaraq çap etdirilmiş, turist xəritələri hazırlanmışdır. Muxtar respublikanın dini turizm potensialını daha geniş auditoriyaya çatdırmaq məqsədilə Naxçıvan Muxtar Respublikasının Dini turizm xəritəsi hazırlanaraq nəşr olunmuşdur. Hazırda fəaliyyət göstərən virtualnakhchivan.az saytı təbliğat-təşviqat sahəsində atılmış mühüm addımlardan biridir. Sayt vasitəsilə turistlər internet resurslarının köməyi ilə Naxçıvan Muxtar Respublikasında yerləşən tarix-mədəniyyət abidələrinə, muzeylərə, parklara, hotellərə və bir sıra digər turizm potensiallı obyektlərə virtual səyahət edə bilirlər. Azərbaycan və ingilis dillərində nəşr olunmuş “Naxçıvan: dörd fəsildə” kitabı da bu sahədə görülən işlərin davamı olmaqla yanaşı, muxtar respublikanın turizm sektoru üçün də mühüm töhfə olmuşdur.

Turizm sahəsində kadr hazırlığı mühüm məsələlərdəndir. Hazırda Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində Turizm işinin təşkili ixtisası üzrə kadr hazırlığı aparılır, Ordubad Texniki Peşə və Sürücülük Məktəbində, eləcə də Naxçıvan Şəhər Peşə Liseyində Turizm agenti ixtisası üzrə peşə kursları fəaliyyət göstərir. Tədris ilində tələbələrlə görüşlər keçirilir, onların Naxçıvan Muxtar Respublikasında yerləşən muzeylərə, tarixi abidələrə, müalicə mərkəzlərinə və xüsusi qorunan təbiət ərazilərinə ekskursiyaları təşkil edilir, təcrübələr və maarifləndirici seminarlar keçirilir. Bununla yanaşı, cari ilin iyununda Naxçıvan Muxtar Respublikasında mövcud olan turizm marşrutları üzrə bələdçilərin texniki peşə biliklərinin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində beynəlxalq təlimçilər tərəfindən təlimlər keçirilmişdir. Həmçinin qədim diyarın turizm potensialının öyrənilməsi və təbliği istiqamətində Turizm Departamenti tərəfindən “Turizm könüllüsü” layihəsi həyata keçirilməkdədir.

Muxtar respublikada turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər, yaradılan şərait qədim diyarın turizm potensialının inkişafı üçün bundan sonra da geniş üfüqlər açacaqdır.

Naxçıvan Muxtar Respublikası
Turizm Departamenti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: