Xəyyam Mirzəzadə musiqi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynamış sənətkarlardandır. Onun milli musiqi ilə müasir bəstəkarlıq texnikasının əlaqəsinə əsaslanan, özünəməxsus geniş diapazonlu yaradıcılığı Azərbaycanın zəngin musiqi sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Azərbaycanın Xalq artisti, Dövlət mükafatları laureatı, görkəmli bəstəkar və pedaqoq, professor Xəyyam Mirzəzadənin anadan olmasının 86-cı ildönümü tamam olur.
Otuzadək səhnə musiqisi, çoxsaylı estrada və caz nümunələri, mahnılar yazmış, “Violin və orkestr üçün” əsərin müəllifi Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda dünyaya göz açıb. 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində 10 illik musiqi məktəbini bitirdikdən sonra həmin il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, 1957-ci ildə ali təhsilini dahi bəstəkar Qara Qarayevin sinfində bəstəkarlıq ixtisası üzrə başa vurub.
Əmək fəaliyyətinə elə həmin ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayan Xəyyam Mirzəzadə burada baş müəllim, dosent və professor vəzifələrində çalışmış, 1971–1983-cü illərdə isə kompozisiya kafedrasının müdiri olmuşdur. O, 1983-cü ildən 2005-ci ilədək həmin təhsil müəssisəsinin professoru olaraq gənc musiqiçilər nəslinin yetişdirilməsində və yüksək ixtisaslı peşəkar musiqiçi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərib.
Qara Qarayev məktəbinin istedadlı yetirməsi və davamçılarından olan Xəyyam Mirzəzadə dünya musiqisinin nailiyyətlərindən uğurla bəhrələnərək, müxtəlif janrlarda qiymətli əsərlər yaradıb. Onun ayrı-ayrı illərdə bəstələdiyi instrumental, vokal, simfonik, xor və kamera əsərləri sənətkara böyük şöhrət qazandırıb.
Zəngin yaradıcılığı ilə Azərbaycan musiqi irsini, mədəniyyətini təbliğ etməklə yanaşı, kinomuza da töhfələr verən bəstəkar əsasən dram janrlı filmlərə musiqilər yazıb, ekran əsərlərinin məzmun ideyasını musiqi dili ilə çatdırmağa müvəffəq olub. Onun bir çox kompozisiyaları musiqi xəzinəmizin “qızıl fond”una daxildir. 40-dan artıq filmə, o cümlədən “Arxadan vurulan zərbə”, “Bağ mövsümü”, “Bakıda küləklər əsir”, “Birisigün gecəyarısı”, “Bizim küçə”, “Dənizə çıxmaq qorxuludur”, “Güllələnmə təxirə salınır”, “İlıq dənizdə buz parçası”, “O dünyadan salam”, “Yeddi oğul istərəm” və s. bədii, “Abidələr danışır”, “Bakı eyvanları” və s. sənədli, “Daş”, “Günlərin bir günündə”, “Meşəyə insan gəlir” animasiya filmlərinə yazılan musiqiləri xatırlamaq bəs edir ki, bəstəkarın sənət qüdrətinə heyran qalasan. Xəyyam Mirzəzadənin bənzərsiz kino musiqilərində mövzuya uyğun olaraq vətənə, xalqa, insanlara hörmət, sevgi, həmçinin yüksək insani keyfiyyətlər tərənnüm olunur. Eləcə də çox sayda dram tamaşalarına yazdığı musiqilər yüksək dəyərləndirilib.
Xəyyam Mirzəzadə eyni zamanda gözəl nəğmələrin müəllifidir. Onun bəstələdiyi mahnılar uzun illərdir ki, Azərbaycanın görkəmli ifaçılarının repertuarını bəzəyir.
Onun mötəbər konsert salonlarında, böyük orkestrlərdə və musiqi festivallarında müvəffəqiyyətlə səslənən əsərləri Azərbaycan musiqisinin dünyada tanınmasında böyük töhfə olub.
Bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilib. O, bir çox fəxri adlara layiq görülüb, Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Bəstəkar enişli-yoxuşlu sənət yolu keçsə də, heç zaman usanmayıb. 1970-ci ildə Almaniyada çap edilən “50 sovet bəstəkarı” kitabında onun da yaradıcılığından bəhs olunub.
Görkəmli bəstəkar Xəyyam Hadi oğlu Mirzəzadə 2018-ci il iyulun 30-da ömrünün 83-cü ilində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, ikinci Fəxri xiyabanda dəfn olunub.
Görkəmli bəstəkar, mahir pedaqoq və səmimi insan Xəyyam Mirzəzadənin əziz xatirəsi musiqisevər xalqımızın, onu tanıyanların qəlbində daim yaşayacaq.