“Fəryad-2” filminin çəkilişləri başa çatıb - FOTOLAR
“Həyat, deyəsən gözəldir” tammetrajlı bədii filminin Xocavənd rayonunun Hadrut qəsəbəsində, Xızı rayonunda, Bakıda və Abşeron yarımadasında iki aydan artıq müddətdir ki, həyata keçirilən çəkilişləri yekunlaşıb.
"Azərbaycanfilm" kinostudiyasından NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, rejissoru, Xalq artisti Vaqif Mustafayev olan film, erməni işğalçılarının 30 ilə yaxın bir müddətdə zəbt edərək talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki zəfərimizdən bəhs edir.
Süjet xəttinə əsasən, Azərbaycan Ordusunun hücumları nəticəsində ermənilər aciz qalır, təlaşa düşürlər. Əsir alınan erməni əsgərləri arasında iki qardaş da var. Qardaşların sonrakı aqibəti tragikomik janrda olan ekran əsərinin əsasını təşkil edir.
Kinostudiyasından bildirilib ki, ilkin işçi adı “Fəryad II” olan filmin, ssenari müəllifi və rejissoru Vaqif Mustafayev, təsvir rejissoru Orxan Abbasov, rəssamı Quram Navrozaşvili, geyim rəssamı Keti Kalandadze, bəstəkarı Tural Məmmədli, prodüseri isə Fariz Əhmədovdur. Əsas rollarda Hikmət Rəhimov, Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Celiya və Aftandil Maxaradze çəkiliblər.
Film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasının istehsalıdır.