Nüsnüs kəndindəki qədim yeraltı hamam qiymətli memarlıq abidəsidir - FOTOLAR

A- A A+

Qədim Şərqin bütün bölgələrində, eləcə də Naxçıvanda lap qədim dövrlərdən xalqımızın məişət xüsusiyyətləri, estetik zövqü və mədəni göstəriciləri arasında hamamların xüsusi yeri var. Hamamlar tarixən təmizlik, paklıq məskəni olaraq insanlar üçün rahat yerlərdən sayılıblar. Uzun müddət həm qadınlar, həm də kişilər ayrı-ayrı günlərdə hamamlara toplaşıb istirahət edər, söhbətləşər və yuyunub təmizləniblər. Ölkəmizdə olan qədim hamamlar xalqımızın mədəni tarixini özündə birləşdirməklə bərabər, həm də maddi - mədəniyyət abidəsi və memarlıq nümunəsi kimi də əhəmiyyətlidir.

Bu gün muxtar respublikada tarixi abidə kimi qorunub saxlanılan hamamlar sırasında Ordubad rayonunun Nüsnüs kəndində yerləşən Nüsnüs hamamı da xüsusi əhəmiyyətə malikdir. Bu hamam yeraltı hamamlar qrupuna aiddir. XIV-XV əsrlərdə inşa olunub. Hamamın planı düzbucaqlı formada olub, yuyunma salonu və onlara bitişik köməkçi otaqlardan ibarətdir. Uzunluğu 22,6 metr, eni 9,4 metr olmaqla, ümumi hündürlüyü 5,6 metrdir. Ümumi sahəsi 213 kvadratmetr olan hamamın soyunma və yuyunma salonu, ona birləşdirilən köməkçi otaqlar iki sferik günbəzlə örtülübdür. Soyunma və yuyunma salonu bir-biri ilə kiçik tamburlar vasitəsilə birləşdirilibdir. İsti su hovuzu yuyunma salonuna bitişik inşa olunub. Keçmişdə xəzinəyə su dağdan çəkilmiş saxsı borular ilə gətirilib. Su xəzinənin arxasında inşa olunmuş su anbarına toplanaraq oradan hamama və hovuza verilib. Hamamdan istifadə edən insanlar isti suyu yuyunma salonuna açılan hovuzdan, soyuq suyu isə digər borular vasitəsi ilə xəzinənin yanında yerləşdirilmiş otaqdan götürürdülər. Əsas otaq və ona birləşən otaqların altından isti havanın keçməsi üçün borular keçir. Kanal ilə bacanın keçidləri arasında əlaqə vardır.

Hamamın 3 bacası var: Biri əsas salonun cənub hissəsində ocağın üstündə, digər ikisi isə əsas salonun şimal hissəsində, qərb və şərq divarlarında yerləşir. Ocaq xəzinənin altında yerləşir, giriş oyması var.   

Əsas otaq və ona birləşən otaqların altından isti hava verən kanallar gedir. Kanalın bir ucu ocağa, digər ucu isə bacaya birləşdirilib. Hamamın salonlarının tavanı dairəvi günbəzlə, otaq və dərin taxçalar tağ-tavanla qapanıb. Hamamın digər orta əsr hamamlarından fərqləndirən cəhəti onun divalarının, günbəz və tağ- tavanlarının dağ daşı ilə inşa olunmasıdır. Hamamın içərisi günbəz və tavanının mərkəzində qoyulmuş baca vasitəsilə işıqlandırılır. Keçmiş zamanlarda hamamı qızdırmaq üçün samandan və odundan istifadə ediblər. Saman ocağa qoyulduqdan sonra ocağın bacası və ağzı qapanır, yaranan istilik həm xəzinədəki suyu qızdırır, həm də hamamın döşəməsinin altında yerləşdirilən borulardan keçərək yuyunma zalını qızdırırdı.

Nüsnüs kəndinəki bu tarixi abidə kənddən yuxarıda- dağın ətəyində, ağaclıq bir ərazidə yerləşir. Kəndi gəzə-gəzə gedib hamama çatdığımız zaman öncə yuxarı hissəsi açıq olduğu üçün oradan içəriyə boylandım, daha sonra çox həyəcanla içəriyə daxil olmaq istədim. Sol tərəfdən qaranlıq və ensiz pilləkənlər ilə içəriyə endik. Əvvəlcə onu qeyd edim ki, əsrlər keçsə də öz aurasını, öz möhtəşəmliyini və qədimliyini qoruyub saxlayan bir yeraltı möcüzə ilə qarşı-qarşıya gəldim. İçəri ilə rahat tanış ola bilməyim üçün özümlə bərabər işıq lampası da gətirmişdim. İçərisi çox qaranlıq idi. Divarları dağ daşından tikilmişdi. Çox fərqli və qəribə dizaynı var idi. Qədim memarlığımızın əksini tapdığı sənət incilərindən biri kimi bu günümüzə qədər gəlib çıxan bu tikili çöldən baxdığımızda balaca görünsə də içərisinə daxil olduğumuz zaman əslində tam əksini görmüş oluruq. Fotolarını çəkib daha sonra xoş təəssüratlar ilə oradan ayrılıram.

Südabə Əliyeva

 Culfa Rayon Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin əməkdaşı

“El həyatı”qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: