Bu gün “İstiqlal” ordenli, Xalq şairi Məmməd Arazın doğum günüdür.
NUHÇIXAN İnformasiya Agentliyi şairin yaradıcılığından bir neçə şeiri oxucularına təqdim edir:
Dünya səinin,dünya mənim
Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...
Çevrəsindən çıxsa əgər sevda fırfıran,
Bir ümidin ətəyindən tutub da fırlan,
Eşidərsən: pıçıldayır yıxılan, duran,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...
Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...
Ayaq saxla, dövrənə bax ötəri belə,
Min illərdir Araz belə, Həkəri belə.
Axşamların, səhərlərin təkəri belə,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...
Gülünclərə gülünc gələn bu ada güldüm,
Yüyəninə hər əl yetən bu ata güldüm,
Mən özümlə oynadığım şahmata güldüm...
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...
Azərbaycan-dünyam mənim
Azərbaycan – qayalarda bitən bir çiçək ,
Azərbaycan – çiçəklərin içində qaya .
Mənim könlüm bu torpağı vəsf eyləyərək ,
Azərbaycan dünyasından baxar dünyaya .
Azərbaycan – mayəsi nur, qayəsi nur ki ,
Hər daşından alov dilli ox ola bilər .
Azərbaycan deyiləndə ayağa dur ki ,
Füzulinin ürəyinə toxuna bilər .
Oğulları Kür gəzdirər biləklərində ,
Oğulların göz atəşi gözəl əridir .
Azərbaycan səhərinin bəbəklərində
Qütb ulduzu, dan ulduzu gözəlləridir .
Tariximə qara xətlə hicri , miladi !
Qılıncların qan ağzıyla yazılmadımı !
Babaların boz çöllərə bənzər muradı
Qızıl bayraq dalğasından yaz almadımı !
İllər olub – kürələrdə dəmir olmuşuq .
Sərhədlərdə dayanmışıq küləkdən ayıq .
Od gölündə, buz gölündə gəmi olmuşuq ,
Biz Bakının ilk səadət carçılarıyıq .
Min illərlə zülmətlərə yollar açıqdı ,
Dalğalandı Sabirlərin ümman dünyası ,
Azərbaycan qatarı da yollara çıxdı ,
Dağılanda qoca şərqin duman dünyası .
Azərbaycan – mayası nur , qayəsi nur ki ,
Hər daşından alov dilli ox ola bilər .
Azərbaycan deyiləndə ayağa dur ki ,
Ana yurdun ürəyinə toxuna bilər !!!
Saç ağartdım
Saç ağartdım: söz yolunda,
Sevda yolunda.
Təsbeh kimi dənələndim qovğa yolunda,
Yolağasız yolçu gördüm dünya yolunda,
Saç ağartdım,
Saç ağartdım.
Bir ağ üzə üz söykədim, qubarım itdi,
Hansı qəlbə qıfıl asdım - açarım itdi.
Boz dumanla həmdil oldum, qatarım itdi.
Saç ağartdım,
Saç ağartdım.
Qara kölgəm güzgü bilib divara sindi,
Buz sinəmi elə sıxdım, divar isindi.
İsmi Dönük, divar dedim, divar "isim"di...
Saç ağartdım,
Saç ağartdım.
O ürəkmi? Çaylağı boş, dəhnəsi boşdu?
Duz-çörəyi tapdayanın təhnəsi boşdu,
Söz anlamaz boyadımış bayatı qoşdu,
Saç ağartdım, Saç ağartdım.
Dil yalandan damla içsə - düzü ağarmaz,
Göz gülürsə, göz yaşının duzu ağarmaz,
Araz boyu ha daş çapdım - izim ağarmaz...
Saç ağartdım, Saç ağartdım.
Oxuyan Təbriz
Aşıq Cavan sarılmışdı sazına,
Toy qurmuşdu dünəninin yasına.
O, dərdini ya sındıra, ya sına;
Qəzəbi köklənib dağın-daşın da,
Təbriz ağlayırdı dağlar başında.
Heyrətindən donmuş idi Dəlidağ,
Nəfəs çəkib işqırırdı od-ocaq.
Göymü yeri, yermi göyü udacaq,
Buludlar üfüqdə əli qaşında...
Təbriz ağlayırdı dağlar başında.
Dəli mizrab "bəxti kəmi" oyadır,
Qəm heyrəti, heyrət qəmi oyadır,
Özü yatıb, bu aləmi oyadır -
Bir sayıl bəxti yox min bir yaşında,
Təbriz ağlayırdı dağlar başında.
Fəryadından qoyun-quzu duruxdu,
Ağlayan su, çağlayan su duruxdu.
Qara yelin sel umusu duruxdu,
Dərələr səngidi yaz yağışında,
Təbriz ağlayırdı dağlar başında.
Təbriz ağlayırdı - dedim...Nə dedim?!
Ağlayan bir sazın telinə dedim,
Sarı yamacların selinə dedim.
Ağlamaz söz yurdu dağlar başında,
Təbriz oxuyurdu dağlar başında!
Qarı nənə, nehrən dondu çatmada,
Gizli ahın fələklərə çatmada.
Həcər ana, Həcər ana, çat dada.
Təbriz ağlayırdı dağlar başında -
Təbriz oxuyurdu dağlar başında!
Ağlasa, ağlardı ildırım kimi,
Gurşad saçı yolan sıldırım kimi,
Qapıb şimşəkləri bir şırım kimi
Nəğmə toxuyurdu dağlar başında,
Təbriz oxuyurdu dağlar başında!
Ağlasa - ayaqda tüfəngə dönər,
Balası vurulmuş pələngə dönər.
Bir dərə ağızlı nəhəngə dönər,
Dumanlar yas qurdu dağlar başında,
Təbriz oxuyurdu dağlar başında!
Gərək dil susanda əllər danışa,
Əllər bağlananda dillər danışa
Elə danışalar, ellər danışa...
Dəli gülüşlərim ağlar başımda,
Təbriz oxuyurdu dağlar başında.
Doğma diyar
İstəyi nur, arzusu nur,
Hər qayası Koroğludur.
Qəhrəmanlar nər oğludur
Bu torpağın, bu diyarın.
Nəğməlidir qışı, yazı,
Arpaçayı, Xan Arazı.
Taleyini Günəş yazıb
Bu torpağın, bu diyarın.
Uşaqları qızıl lalə,
Gülüşləri gur şəlalə,
Ağ bir evləri ağ lalə
Bu torpağın, bu diyarın.
Əhd-ilqara düz ellərdir,
Süfrəsi gen düzənlərdir.
Çiçək tacı gözəllərdir
Bu torpağın, bu diyarın.