Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid:Qısa bir zamanda burada olmağıma baxmayaraq, hiss etdim ki, bu diyarın bənzərini heç yerdə görməmişəm
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi muxtar respublikamıza media-turtəşkil edib. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu əməkdaşları və media nümayəndələrinin iştirakı ilə başlayan turda iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Heydər Əliyev Muzeyi, Dövlət Bayrağı Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın türbəsi və Açıq Səma Altında Muzey Kompleksində olublar.
Turda iştirak edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid NUHÇIXAN İnformasiya Agentliyinə müsahibəsində bildirib ki, həqiqətən də, Naxçıvan turizm potensialında mühüm əhəmiyyəti ilə seçilən yerlərdən biridir. Burada yaradılmış infrastruktur imkan verir ki, muxtar respublikaya üz tutan turistlərin sayı daha da çox olsun. Qeyd edim ki, qısa bir zamanda burada olmağıma baxmayaraq, hiss etdim ki, bu diyarın bənzərini heç yerdə görməmişəm. Baxmayaraq ki, mən çox ölkələrə səyahət etmişəm. Naxçıvanın yaşıllığı, təmizliyi, abadlığı və səliqə-sahmanı insanı məftun edir. Mənə təsir edən əsas nüanslardan biri də Naxçıvanın landşaftı və əlbəttə ki, bu dəqiqə ən çox ehtiyacımız olan təmiz havası oldu.