İlk Naxçıvan baleti - “Əshabi-Kəhf”

A- A A+

Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Yaşar Xəlilov müasir dövrün istedadlı bəstəkarlarından biridir. Onun yaradıcılıq irsi geniş və rəngarəngdir. Buraya  “İblis” operası, “Əshabi-Kəhf” baleti, “Əcəmi” simfoniyettası, “Naxçıvana gəl” kantatası, instrumental konsertlər, xalq çalğı alətləri, simfonik və kamera orkestri üçün və xor üçün müxtəlif əsərləri, kamera- instrumental əsərləri, mahnı və romansları və s. daxildir.

Hələ gənclik illərindən bəstəkarlıq fəaliyyətinə başlayan sənətkar öz əsərləri ilə dinləyicilərin musiqi zövqünü formalaşdırmağa, mənəvi aləmini zənginləşdirməyə, onlarda ülvi hisslər aşılamağa çalışıb. Daim yaradıcılıq axtarışlarında olan, müxtəlif səpkili mövzulara müraciət edən bəstəkarın irsinin ana xəttini vətən, doğma torpaq mövzusu təşkil edir. Onun damarlarında axan vətən məhəbbəti, Naxçıvan diyarına olan sonsuz sevgisi müxtəlif janrlı əsərlərində öz əksini tapıb. Son zamanlarda tamamladığı “Əshabi-Kəhf” baleti yuxarıda deyilənlərə bariz nümunədir. 

Ümumiyyətlə, bu əsər novator ideyaları özündə cəmləşdirir  desək yanılmarıq. Belə ki, dünya bəstəkarlarının balet yaradıcılığına nəzər saldıqda bu cür fikir formalaşır ki, əksər baletlər məhəbbət mövzusuna əsaslanıbdır. Lakin onlardan fərqli olaraq “Əshabi-Kəhf” baletində dünyəvi məhəbbət deyil, ülvi məhəbbət tərənnüm olunur. Baletin özünəməxsus xüsusiyyətlərindən biri də odur ki, əsərdə ümumiyyətlə qadın personajı yoxdur. Bəstəkardan nədən belə mövzuya müraciət etdiyini soruşduqda, öz fikirlərini bu şəkildə izah etdi: “Əvvəla, əsərin də qayəsini məhəbbət mövzusu təşkil edir. Lakin bu adi, insani məhəbbət deyil, İlahi məhəbbətdir. Gənclər cahillikdən qaçaraq vəhdaniyyətə tapınırlar, onlara bəxş edilən hidayət sayəsində qəlbləri İlahi məhəbbət ilə çırpınır və sonda əbədi olaraq ona qovuşurlar”. 

Baletin liberettosunu da bəstəkar özü tərtib edib. Liberetto müqəddəs “Qurani-Kərim”in Əshabi-Kəhf surəsinin 9-cu və 26-cı ayələrinə əsaslanır. Əsərdə 18 nömrə var. I nömrə Proloq – introduksiya, sonuncu nömrə isə, epiloq – himn sayılır. Nömrələrin adlandırılması ayələrdən olan ümumi çıxarışa əsaslanır: I “Qüdrət”, II “Hidayət”, III “Şəhadət”, IV “Qüvvət”, V “Dəlil”, VI “Zülm”, VIII “Tərk”, VIII “Rəhmət”, IX “Dua”, X “Pərdə”, XI “Möcüzə”, XII “Əsrlərin yuxusu”, XIII “Oyanış”, XIV “Göndəriş”, XV “Ehtiyyat”, XVI “Mübahisə”, XVII “Vəh”, XVIII “Vahid”.

Əsərdə hər bir nömrə ayrılıqda sərbəst olsa da, onları ümumi dramatik inkişaf xətti birləşdirir. “Vahidlik” mövzusu bir leytmotiv olaraq əsər boyu inkişaf etdirilir və öz kulminasiya zirvəsinə XVI nömrədə çatır. Burada xor, epizodik olaraq orkestrlə birlikdə “Vahidlik” mövzusunu səsləndirir. Dəqiqliklə desək “Əzan”a daxil olan əsas və vacib kəlmələr xorun ifasında səslənir. 

“Əshabi-Kəhf”  baleti ilk Naxçıvan baleti olmaqla yanaşı, daha bir novatorluğu odur ki, İlahi sözlərə əsaslanan sənət əsəri olaraq, ümumiyyətlə bütün müsəlman Şərqində bu janrda yeganə nümunə sayıla bilər. 

Baletin uğurlu səhnə təcəssümünə qovuşması üçün xoş ümidlər bəsləyir və müvəffəqiyyətlər arzulayırıq.

Rumiyə Məmmədova
“Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: