NUHÇIXAN xəbər verir ki, hər il avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir. Bu, muğamsevərlər, ömrünü bu sənətin yaşamasına və təbliğinə həsr edənlər üçün ən əziz bayramdır.
Qoca Şərqin ən qədim musiqi janrlarından biri olan muğam əsrlərdən bəri tədqiqatçıların diqqətini cəlb edib və bu gün də dünya musiqi mədəniyyətinin öyrənilməsində mühüm təhlil obyektidir. Azərbaycan xalqının qədim irsi olan bu incəsənət növü tarixən enişli-yoxuşlu yollardan keçsə də, xalqımız onu qoruyaraq və inkişaf etdirərək nəsildən-nəslə ötürə bilib. Müstəqil Azərbaycanda isə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoyaraq dünyanı fəth edir.
Azərbaycan muğamının müasir tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.
Ölkəmizdə Beynəlxalq Muğam festivallarının, müsabiqələrin, muğam konsertlərinin, simpoziumların təşkili, “Qarabağ xanəndələri” albomunun buraxılması, “Muğam” jurnalının, “Muğam ensiklopediyası”nın nəşri, müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusunun hazırlanması Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət Fondunun bu sahəyə göstərdiyi diqqətə bariz nümunələrdəndir.
Azərbaycan muğamına yeni bir həyat bəxş edən Mehriban Əliyeva bu bənzərsiz sənət inciləri ilə bağlı fikirlərini belə ifadə edir: “Biz azərbaycanlılar hamımız, haqlı olaraq, öz doğma muğamlarımızla fəxr edirik. Hər bir azərbaycanlı üçün muğam xüsusi əhəmiyyət daşıyır. Qərblə Şərq arasında, Böyük İpək Yolu üstündə yerləşən Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkanda əsrlər boyu öz mədəniyyətini formalaşdırmışdır. Bəzi dövrlərdə biz müxtəlif imperiyaların daxilində yaşasaq da, dinimiz, milli dəyərlərimiz, dilimiz, mədəniyyətimiz bizi bir xalq kimi, millət kimi qoruyub saxlamışdır. Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam, muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm, muğam gözəlliyin və məhəbbətin rəmzidir - səhv etmərəm”.
Bəstəkarlarımız üçün ilham mənbəyi olan muğam həm də milli musiqi mədəniyyətimizin uğurlarının əsasında dayanır. Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasını muğam üzərində yazıb, Fikrət Əmirov “Şur” və “Kürd-Ovşarı” simfonik muğamları ilə dünya musiqisində simfonik muğam janrının əsasını qoyub. Niyazi, Qara Qarayev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Aqşin Əlizadə, Arif Məlikov, Firəngiz Əlizadə və digər görkəmli bəstəkarlarımızın yaradıcılığında muğamdan irəli gələn bədii prinsiplər ən müasir kompozisiya texnikası ilə qovuşur. Vaqif Mustafazadə isə bu janrı caz sənətinə gətirib.
Tarixən Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, Mir Möhsün Nəvvabın, Şamaxıda Mahmud Ağanın, Bakıda Məşədi Məlik Mənsurovun məclisləri, bu məkanlardan çıxan böyük sənətkarlar Azərbaycan muğamının inkişafına əvəzsiz töhfələr veriblər. Hələ 1922-ci ildə Bakıda açılmış ilk Avropa tipli musiqi məktəbinin dərs proqramına muğamın tədrisi daxil edilib. Muğam rəssamlarımız, heykəltəraşlarımız, şairlərimiz, rejissorlarımız üçün bu gün də ilham mənbəyi olaraq qalır. Dövlətimizin mədəniyyətimizə, o cümlədən muğam sənətinə, onu yaşadanlara böyük diqqət və qayğısı xanəndələrimizi yeni-yeni yaradıcılıq axtarışına həvəsləndirir.
Ustad və novator sənətkar, hələ 1999-cu ildə UNESCO-nun Beynəlxalq Musiqi Şurasının birinci mükafatına layiq görülmüş Alim Qasımov özünəməxsus ifası və muğam sənətinin geniş imkanları dünya auditoriyasını heyran qoyur. Muğam dənizlər, okeanlar üzərindən keçərək, dağlar aşaraq xalqları birləşdirir.
Sevindirici haldır ki, muğam irsimiz Azərbaycanda dövlət səviyyəsində qorunur. Buna əyani sübut kimi, son illər keçirilən geniştərkibli muğam müsabiqələrini göstərmək olar. Yüksək səviyyədə təşkil olunan müsabiqələr neçə-neçə istedadı üzə çıxarıb. Yəqin ki, bu müsabiqələr davamlı olacaq. Çünki muğam ruhumuzun qidasıdır.