Üzeyir Hacıbəylinin Naxçıvan teatrının “Dan ulduzu” adlandırdığı, teatrımızın ilk Leylisi, ilk Əslisi - Firuzə Əlixanova... - FOTOLAR
“Biz gedirik, gülüşümüz dodaqlarda qalacaq”
NUHÇIXAN İnformasiya Agentliyinin oxucularına təqdim etdiyi “PƏRDƏARXASI” rubrikasında həyatını incəsənətə həsr etmiş sənət adamlarının həyatlarının və yaradıcılıqlarının pərdəarxası, bilinməyən məqamlarından söhbət açılır.
“Pərdəarxası”nda bu dəfə Naxçıvan Dövlət Musiqili Dram Teatrının ilk aktrisalarından olan Xalq artisti Firuzə Əlixanova xatırlanacaq.
Ordubadlı Məmmədqulu bəyin ilk qız övladı idi Firuzə xanım. 1917-ci ildə bir payız günündə Ordubadda dünyaya göz açıb. Keşməkeşli taleyi olan aktrisanın anası Möhtərəmə xanım onu dünyaya gətirdikdən 10 saat sonra vəfat edir. Bu səbəbdən Firuzə xanım heç vaxt ad gününü qeyd etmir. Bu barədə özü həmişə deyərmiş: “Heç bilmədim, nəyə gəldim dünyaya, mənim dünyaya gəlişim anamın həyatına son qoydu”. Anasını görməyən Firuzə xanıma sonralar Məmmədqulubəyin ikinci həyat yoldaşı Xanım xanım bir ana nəvazişi göstərəcək, beş il sonra onun, daha sonra isə atasının ölümü ilə isə ailədəki bacı və qardaşlarına həm ana, həm ata əvəzi olacaqdı. Məmmədqulu bəyin ilk evliliyindən bir qızı Firuzə xanım, ikinci evliliyindən isə 2 qızı, bir oğlu olur. Doğmaları deyir ki, gözəl diksiyası, natiqlik qabiliyyəti Firuzə xanımda olan əsl aktyorluq keyfiyyətləri idi.
Firuzə xanımın gündəliyindən: “1930-cu ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdum. Ancaq hiss edirdim ki, məndən kənd təsərrüfatı işçisi çıxmaz. Çünki meylim və marağım səhnəyə, aktyorluq sənətinə idi. Bu barədə ürəyimdə çox götür-qoy edir, ancaq sirrimi heç kimə bildirmirdim. İki il texnikumda oxudum və nəhayət qərara gəldim ki, bunu uşaqlıq dostum, Naxçıvan Teatrının aktrisası Məhbubə Məmmədovaya deyim. Məhbubə xanım bu fikrimi bəyəndi və teatrda aktrisalara böyük ehtiyac olduğunu dedi. 1932-ci ilin iyun ayında onunla birgə teatra gedib rejissor Səməd Mövləvi ilə görüşdük. Və beləliklə, taleyimi teatra bağladım. Həmin dövrdə Naxçıvan teatrının əsas aktrisaları Zina Budaqova, Xədicə Qazıyeva, Məhbubə Məmmədova və Lala xanım idi”.
İlk başladığı dövrdə Səməd Mövləvi Firuzə xanıma: “Opera sənəti çətin sənətdir, talant istəyir”,- dedikdə Firuzə xanım,- “A kişi, mən bunu bacararam”,- deyir və “Şahnaz”ı ifa edərək onu təəccübləndirir. Beləliklə, səhnəyə ilk addımlarını atır. Gözəl səsi, güclü istedadı sonralar ona bir çox tamaşalarda baş rolları oynamağa imkan verir.
Naxçıvan teatrının ilk aktrisalarından olan Firuzə xanım ilk dəfə səhnəyə Üzeyir Hacıbəyovun “Arşın mal alan” tamaşasında Asya rolu ilə çıxır. Aktyor kimi yetişməsində isə 1931-1933-cü illərdə Naxçıvan teatrının bədii rəhbəri və direktoru işləmiş Sidqi Ruhullanın böyük rolu olur. Məhz onun quruluş verdiyi tamaşalarda - “Otello”da Emiliya, “Hacı Qara”da Tükəz, “Pəri Cadu” faciəsində Hafizə xanım obrazı Firuzə xanımın maraqlı ifa təqdimatında diqqəti cəlb edib. Hətta Firuzə xanım bir neçə tamaşada Sidqi Ruhulla ilə tərəf-müqabil də olub.
Firuzə xanım teatrda işə başlayanda atası Məmmədqulu bəy onu hər gün özü Ordubaddan faytonla Naxçan şəhərinə gətirər və tamaşadan sonra apararmış. Məlahətli səsi olan Firuzə Əlixanovanın Naxçıvan teatrına gəlməsi opera və musiqili komediyaların tamaşaya qoyulmasına imkan yaradır. O, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Ər və arvad”, “Aşıq qərib”də əsas qadın rollarının ifaçısı kimi şöhrət qazanır. Dahi bəstəkar Üzeyir Hacıbəyov naxçıvanlı aktyorların ifasında “Leyli və Məcnun”, “Arşın mal alan” tamaşasına baxan zaman Firuzə xanımın ifa etdiyi Leyli və Gülçöhrə obrazlarından təsirlənərək deyir: “Firuzə xanımı qoruyun. O, Naxçıvan teatrının “Dan ulduzu” olacaqdır”.
Bu haqda Firuzə Əlixanova xatirələrində belə qeyd edir: “Bir müddət sonra məlum oldu ki, Üzeyir bəy mənim musiqi təhsili almağım üçün Bakıya çağrılmağımı məsləhət bilib. Bu xəbərə nə qədər şad olsam da, lakin müəyyən səbəblərə görə musiqi təhsili almaq üçün Bakıya gedə bilmədim”.
Naxçıvan teatrında ilk dəfə Leylini, Əslini oynamaq ona nəsib olub.
Yaradıcılığının ilk illərində gənc aktrisa “Arşın mal alan” musiqili komediyasında Gülçöhrəni də oynayır, bu roldan sonra “Məşədi İbad”da Gülnazı oynayan Firuzə Əlixanova musiqili komediyalarda da yaddaqalan obrazlar yaradır.
Ölməz dramaturq C.Cabbarlının yaratdığı obrazlar isə Firuzə xanım üçün əsl səhnə məktəbi olub. Sevil, Gültəkin, Almaz, Edilya, Mariya, Yaqut, hərəsinin öz amalı, məqsədi və idealı... Hətta aktrisanın Sevil rolundan təsirlənən tamaşaçılar kəlağayılarını salonda qoyub gediblər.
Məcid Şamxalovun “Qayınana” komediyasındakı Cənnət xala obrazını da ilk dəfə Naxçıvan teatrının səhnəsində Firuzə Əlixanova oynayıb. Deyirlər, onun qayınanası bir əfsanə olub. Bu tamaşada Xalq artisti Zəroş Həmzəyeva Afaqı, Firuzə Əlixanova isə qayınananı - Cənnət xalanı oynayıb. Hətta Nəsibə Zeynalova da onun bu roluna heyran olaraq “Firuzə xanım, “sizin “Qayınana”nız tamam başqadır” deyə bildirib. Teatrın kollektivinə isə “Sizin ki belə qayınananız var, məni niyə dəvət edirdiz bura?” deyib.
Firuzə Əlixanova səhnədə dramatik obrazları da bacarıqla yaradıb.
Teatr aləmində özünün ən çox sevdiyi, pərəstiş etdiyi aktyorlar Hüseynqulu Sarabski, Hökümə Qurbanova olub. Aktrisa “Leyli və Məcnun” tamaşasında (1937) Hüseyqulu Sarabski ilə tərəf-müqabil olub. Hüseynqulu Sarabski Firuzə xanımın oynadığı Leyli və Əsli rollarını təqdir edərək onları əsl sənət nümunəsi adlandırıb.
Səhnədə adlı-sanlı sənətkarlarla Sidqi Ruhulla, Səməd Mövləvi, Miribrahim Həmzəyev, Zəroş Həmzəyeva, Əyyub Haqverdiyev, Mirhəsən Mirişli, İsa Musayevlə tərəf-müqabil olub. Səhnə onun qibləgahı, and yerinə çevrilib.
Ancaq tale Firuzə Əlixanovaya ailə xoşbəxtliyi, övlad bəxş etmədi. Amma yaratdığı rollar, şöhrətli səhnə övladları idi. 45 il sərasər Naxçıvan teatrının səhnəsində bir-birindən kəskin surətdə fərqlənən obrazlar silsiləsi yaradan Firuzə Əlixanovanın səhnəyə gəlməsi özündən sonra daha bir neçə gənc qızın teatra gəlişinə səbəb olub. Xalq artistləri Sofiya Hüseynova, Roza Cəfərxanova, əməkdar artistlər Pakizə Məmmədova, Tamara Məmmədova, Sürəyya Qurbanova və başqaları onun sənət çeşməsindən su içib.
Firuzə xanımın yaşadığı ev teatrın lap yaxınlığında olub. Teatr onun evinin ən gözəl mənzərəsi, həyatının mənası imiş. Hər səhər pəncərəsini açar və teatrla salamlaşarmış. Bəy qızının evi də həmişə qonaq-qaralı olarmış. Bakıdan gələn səhnə ustaları Rübabə Muradova, Zeynəb Xanlarova, Nəsibə Zeynalova və başqaları Firuzə Əlixanovanın evində qonaq olublar.
Azərbaycan xalqının mədəniyyətini keçmiş SSRİ məkanında layiqincə təmsil edən Firuzə xanım məlahətli və şirin səsi, fitri istedadı ilə həmişə tamaşaçılarını heyran etdi. Lirik, dramatik, romantik və komik obrazları ona əbədi şöhrət gətirdi.
Və beləcə, əsilzadə, zabitəli, bir o qədər də kövrək insan olan Firuzə Əlixanova həyatını sənətinə və doğmalarına həsr etdi.
1977-ci ildə 60 illik yubileyindən sonra o, teatrın o zamankı rəhbərliyinə müraciət edərək öz istəyi ilə səhnədən uzaqlaşır. Ölümünə yaxın bütün vərəsəsini bacısı qızı Sədaqətə bağışlayır. Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə onun Bakıda Fəxri xiyabanda dəfn olunması deyilsə də, Firuzə xanım vəsiyyətinə uyğun olaraq Naxçıvan şəhərində dəfn edilir.
“Məni teatra yaxın yerdə dəfn edin ki, ruhum tamaşaçılarımla yaşasın”.
Şərəflli və şöhrətli bir ömür yaşayan bu alçaqboylu, dolubədənli xanım səhnədə əsl xarüqələr yaratdı, sənətlə ucaldı. 17 oktyabr 1964-cü ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 15 noyabr 1974-cü ildə isə “Xalq artisti” fəxri adlarını aldı, SSRİ-nin “Şöhrət” ordeninə layiq görüldü.
Firuzə xanım ömrünün sonlarında deyərmiş: “Biz gedirik, gülüşümüz dodaqlarda qalacaq”. 1994-cü il noyabrın 23-ü bu həyata əbədilik gözlərini yuman Firuzə Əlixanovanın yaşadığı 78 illik ömür işıqlı və mənalı oldu. Unudulmaz aktrisanın gülüşü dodaqlarda, adı teatr sənətində əbədi qaldı. Onun sənətindən sonralar çox aktrisalar bəhrələndi.
Firuzə xanımın bu həyatdakı son istəyi övladı olmadığına görə adının Naxçıvandakı küçələrin birində əbədiləşdirilməsi olub. Ancaq hər halda bu sözləri deyəndə o bilmirdi ki, adı elə bu xalqın qəlbində əbədiləşəcək. Sənətlə yaşayıb, səhnə ilə nəfəs alan unudulmaz aktrisanın ömrü yaratdığı rollarda yaşayır və yaşayacaq.
Türkanə Əmoyeva
“NUHÇIXAN”