“Oxunması zəruri olan kitablar”  və ya gənc nəslin düzgün tərbiyə olunması

A- A A+

 Tarixin müxtəlif dövrlərinə nəzər yetirsək görərik ki, xalqların və millətlərin inkişafı gənc nəsillərin intellekt səviyyəsindən, bilik və bacarığından, həmçinin vətənə layiq əsl vətənpərvər kimi yetişməsindən asılıdır. Hər bir ölkənin tərəqqisi onun iqtisadi potensialı ilə yanaşı, intellekt inkişafı ilə sıx bağlıdır.

 Bu gün Şərqin qapısı, qədim və zəngin tarixi özündə yaşadan Naxçıvan sözün əsl mənasında inkişaf və tərəqqi yolundadır. Maraqlı cəhət ondan ibarətdir ki,  qloballaşan dünyada müasir inkişaf və tərəqqi yolunu seçmiş bir çox millətlər kosmopolitizm ideyalarının qurbanına çevrilərək öz milli soy-kökündən ayrılmaq, tarixini, mədəniyyətini, ulu keçmişini unutmaq təhlükəsi ilə üz-üzə qalıblar. Amma tam qətiyyətlə demək olar ki, Naxçıvanda belə problemlərlə üzləşmək üçün heç bir zəmin yoxdur. Muxtar respublikada müasir inkişaf milli ənənələr əsasında aparılır, milli-mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində əməli addımlar atılır. Bu mənada Qərbin bəzi ideoloji təbliğat vasitələri Naxçıvanda öz ideyalarını həyata keçirməkdə çətinlik çəkirlər, regionun milli təhlükəsizliyi, tarixi milli konseptual əsaslarla qorunur. Belə ki, Naxçıvanda "yolumuz Qərbə, yönümüz Şərqədir" prinsipləri ən yüksək səviyyədə təbliğ edilir, milli əsaslara söykənən həm İslam mədəniyyəti, həm də Qərb təkamülünə əsaslanan yeni inkişaf modeli təqdim olunur.  

Tarix sübut edib ki, o xalqlar xoşbəxtdir ki, onların arzu və istəkləri ilə rəhbərin yürütdüyü siyasət üst-üstə düşür, xalqın ürəyindən keçənlər rəhbərin fəaliyyətində öz əksini tapır. "Ernest Heminquey və Şərq" mövzusunda tədqiqat apardığımız zaman yazıçının "Kilimancaro ətəklərində" və  "İlk şəfəqə doğru" əsərlərində diqqətimizi cəlb edən bir məsələni oxucularla paylaşmaq istəyirəm. Bu gün dünyanın ən güclü dövləti hesab olunan Amerika Birləşmiş Ştatlarında cərəyan edən bəzi neqativ hadisələr Amerikanın tanınmış yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminqueyi dərindən narahat edir. Yazıçının uşaqlıq illərinin qəhrəmanı 1901-1909-cu illərdə Amerika Birləşmiş Ştatlarının 26-cı prezidenti olmuş Teoder Ruzvelt (1858-1919) "İlk şəfəqə doğru" əsərində idmançının söhbətlərində onu ruhlandıran tarixi şəxsiyyət kimi yüksək dəyərləndirilir. Əsərdə qeyd olunur ki, Teoder Ruzvelt həm həyatının əvvəlki, həm də Ağ evdəki fəaliyyəti dövründə ən yaxşı idmançıları toplayaraq, idmanı milli siyasətin əsas tərkib hissəsinə çevirir. Bununla yanaşı, Teoder Ruzveltin Amerika Birləşmiş Ştatlarında milli parkların mühafizəsi, ətraf mühitin qorunması, yeni meşə zolaqlarının yaradılması istiqamətindəki əməli fəaliyyəti, Amerika ictimaiyyətinin təbiətə qarşı amansız münasibətinin dəyişməsini şərtləndirir. Bu faktı qeyd etməkdə məqsədim ondan ibarətdir ki, muxtar respublikada təbiətin qorunması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilir və yeni yaşıllıq zolaqları yaradılır. Bu tədbirlər insan faktorunun qorunması və inkişafı ilə paralel aparılır. Bu mənada zəngin tarixi keçmişə malik olan xalqımız fəxr edə bilər ki, onun arzu və istəkləri dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Əlbəttə, bütün sahələrdə müşahidə edilən tərəqqi və inkişafın əsas mərkəzində cəmiyyətə layiq vətəndaşların yetişdirilməsi dayanır və oxucuların diqqətini bir məsələyə yönəltməyi vacib hesab edirəm. Gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2017-ci il 28 avqust tarixdə "Oxunması zəruri olan kitablar haqqında" Sərəncam imzaladı  və həmin Sərəncama 30 kitabın siyahısı əlavə edildi. Bundan əlavə, Sərəncamda Ali Məclisin Aparatına oxunması zəruri olan kitabların siyahısının zənginləşdirilməsi işinin diqqətdə saxlanılması tapşırılıb. Qeyd etmək lazımdır ki, bu Sərəncam böyük tarixi, siyasi, elmi və mədəni əhəmiyyətə malikdir və cəmiyyətin, gənc nəslin inkişafı istiqamətinin müəyyən edilməsinə böyük töhfə verməkdədir. Qloballaşan dünyada yüksək mənəvi idealların saxta ideallarla əvəzləndiyi bir dövrdə yetişən gənc nəslin informasiya cəmiyyətinin bəzi neqativliklərindən xilas edib, yüksək ideallar naminə kitaba yönəltmək çox böyük qətiyyət və vətənpərvərlik tələb edir. Ötən dövrə nəzər saldıqda aydın görürük ki, bu istiqamətdə müntəzəm olaraq iş aparılır və yeni-yeni kitabların adları həmin siyahıya əlavə edilir. Bu Sərəncamdan sonra cəmiyyətimizdə kitaba maraq xeyli artıb. İndi əksər gənclərin bu kitabları müzakirə etməsi və artıq kitaba maraq göstərmələri aydın şəkildə hiss olunur. Maariflənən cəmiyyət, gənc nəsil təbii ki, ilk olaraq bu vacib bilinən kitabları oxumaqla mütaliəni bir vərdişə çevirirlər. Bir il ərzində kitabların oxunması, təbliği ilə bağlı yetərincə tədbirlər həyata keçirilib. Kitabxanalar zənginləşib, oxunması zəruri olan kitablarla bağlı bütün təşkilatlarda sərgilər yaradılıb. Bu kitabların oxunma sayı xeyli artıb. İlk baxışdan bu Sərəncam kitablara sevgi və qeyd etdiyimiz kimi, insanlarda  mütaliə vərdişi aşılamaq kimi görünür. Əslində isə onun arxasında sağlam, vətənpərvər və geniş dünyagörüşlü müasir cəmiyyət formalaşdırılması istəyi, bilikli, savadlı vətəndaş tərbiyə edilməsi faktı da diqqətdən yayınmır.    

Əlbəttə, həmişə böyük taleyüklü tarixi qərarlar Naxçıvanda qəbul edilmiş və sonradan ölkə səviyyəsində dəstəklənmişdir.  İnanırıq ki, bir il bundan öncə verilmiş bu Sərəncamın əhəmiyyətli qiymətini tarix və zaman özü verəcəkdir.

 "Oxunması zəruri olan kitablar"ın siyahısına nəzər saldıqda həm Azərbaycan ədəbiyyatının, həm də Dünya ədəbiyyatının nümayəndələrinin əsərlərini görə bilərik. Belə ki, bu Sərəncam gənc nəsli həm milli vətənpərvər, həm də dünyəvi proseslərdən məlumatlı və dünya mədəniyyətinə yaxından bələd olmağa səsləyir. "Oxunması zəruri olan kitablar" təkcə mövzu müxtəlifliyi ilə seçilmir. Onların müəlliflərinin dünyagörüşü və  coğrafiyası da fərqlidir. Bu kitabların hər biri istənilən məqamda azərbaycanlı gəncin yoluna işıq salma gücünə malikdir. Bu kitabların siyahısına görkəmli Amerika yazıçısı Ernest Heminqueyin "Qoca və dəniz" povesti də daxil edilib. Fikrimizcə, Ernest Heminquey irsinin təbliği və öyrənilməsi istiqamətində muxtar respublikada həyata keçirilən işlər təqdirəlayiqdir. Muxtar respublika rəhbərliyinin diqqət və qayğısı, görkəmli ədəbiyyatşünas alim, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Naxçıvan Dövlət Universitetində 2002-ci ildən "Heminquey Mərkəzi" fəaliyyət göstərir. Hesab edirəm ki, bu mərkəz Şərq və Qərb mədəniyyətinin birgə öyrənilməsi üçün mənəvi körpü rolunu oynamaqdadır. Naxçıvanda Ernest Heminquey irsini araşdırarkən yazıçının Azərbaycan adının "Əcəl zəngi" əsərində istifadə etməsi faktını üzə çıxarmaqla göstərdik ki, bu gün muxtar respublika rəhbərliyinin elmə göstərdiyi qayğı nəticəsində Naxçıvanda aparılan elmi tədqiqat işləri də milli əsaslarla söykənməklə, yeni faktları üzə çıxarmaqla Azərbaycan elminə öz töhfəsini verməyə cəhd göstərir. Çünki indiyə qədər Azərbaycanda aparılmış elmi tədqiqat işlərində yazıçının əsərlərinin Azərbaycanda tərcümə edilməsi məsələlərinə, öyrənilmə səviyyəsinə toxunulsa da, Azərbaycan adlı məmləkəti tanıması və bu qədim diyarın adını "Əcəl zəngi" əsərində işlətməsi barədə elmi məqalələrdə bəhs olunmamışdı. Maraqlıdır ki, ispan mövzusundan bəhs edən "Əcəl zəngi" romanı özünün bir sıra maraqlı cəhətləri, oxucuda faşizmə qarşı nifrət oyatması ilə seçilir. Romanın maraqlı cəhətlərindən biri Ernest Heminqueyin "Pravda" qəzetinin jurnalisti ilə söhbəti əsnasında SSRİ adlı dövlətə daxil olmuş respublikaların heç birini deyil, məhz Azərbaycanda yaşayan insanların azadlığa meylliliyi, ədalətsizliyə qarşı mübarizliyinin əks olunmasıdır. Amerika ədibinin əsərində ölkəmizin adının yer alması Ernest Heminqueyin Azərbaycanın sərhədlərini tanımasını göstərir. Yazıçının "Əcəl zəngi" romanında Azərbaycanla bağlı olan məqamı oxuculara çatdırırıq.

"Karkov əmin idi ki, onun sadəliyi ancaq xeyir verir, o, xeyirxah məqsədlə işə qarışmağın gücünə inanırdı.

- Bilirsinizmi,  bütün SSRİ-də hətta Azərbaycanın kiçik bir şəhərində də hər hansı ədalətsizlik olursa, mənə "Pravda"nın ünvanına məktub yazırlar. Bu sizə məlumdur? Adamlar deyirlər: Karkov bizim dadımıza çatar".

Xalqımızın ümummili lideri Heydər Əliyevin "Mən istərdim Azərbaycan gəncləri Şekspiri ingilis dilində, Puşkini rus dilində, Nizamini isə Azərbaycan dilində oxusunlar" fikri bir daha göstərir ki, müstəqil Azərbaycan dövlətinin banisi ulu öndərin daxili, xarici  və gənclərlə bağlı uzaqgörən siyasəti Azərbaycanın gələcək inkişafının təməlidir. Bu gün Naxçıvanda böyüyən gənc nəsil ulu öndərin ideyalarına sadiqlik nümayiş etdirməklə, öz düzgün və parlaq gələcəklərini təmin etmiş olurlar. Doğrudan da, düzgün tərbiyənin əsası hələ gənc yaşlarından qoyulur və böyüyən gənc nəsil qürurla fəxr edə bilər ki, ölkəmizdə onların gələcəyini düşünən əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla davam etdirilən müdrik siyasət mövcuddur və bu siyasət bizim hər birimizin inkişafını istiqamətləndirir. Yolumuz uğurlu olsun, əziz Azərbaycan gəncliyi!

SÜSƏNBƏR AĞAMALIYEVA

Filologiya üzrə fəlsəfə doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: