Naxçıvanın bəstəkarlıq məktəbinin yetirməsi - Kamal Əhmədovun yaradıcılığında mahnı janrı

A- A A+

Ulu Naxçıvan diyarının qədim musiqi sənəti və dəyərli sənətkarları olub. Doğma yurdumuzun zəngin musiqisi, incə duyumlu musiqiçiləri, xüsusi qabiliyyətə malik ifaçıları və bəstəkarları var. Burada musiqi folkloru və ifaçılıqla yanaşı, bəstəkarlıq sənəti də inkişaf edib. Bu sənətin ilk formalaşmağa başladığı illər XX əsrin II yarısına təsadüf edir. Məmməd  Nəsirbəyov, Nəriman Məmmədov, Ramiz Mirişli, Məmməd Məmmədov, Məmməd Ələkbərov, Rəşid Məmmədov, Səfər Rəcəbov, Vahid Axundov, Məmməd Cavadov kimi sənətkarlar ilk əsərlərini məhz bu illərdə yaradıblar.

Naxçıvan bəstəkarlıq məktəbinin ənənələri bu gün də istedadlı bəstəkarlar tərəfindən layiqincə davam etdirilir. Bu bəstəkarlardan biri, zəngin yaradıcılığı, rəngarəng musiqi irsi ilə Naxçıvan mədəniyətinin inkişafına xüsusi töhfəsi olan Kamal Əhmədovdur.

Kamal Rüstəm oğlu Əhmədov 1948-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. Kiçik yaşlarından musiqiyə və bəstəkarlıq sənətinə maraq göstərməsi heç də təsadüfi deyildi. Belə ki, onun ixtisas müəllimi Rəşid Məmmədov məhz ilk Naxçıvan bəstəkarlarından idi. O, tar sənətinin sirlərini kiçik Kamala öyrədib.

Təhsilini Bakı şəhərində 1967-ci ildə Asəf Zeynallı adına orta ixtisas Musiqi texnikumu, 1976-cı ildə isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında tar, 1979-cu ildən isə bəstəkarlıq  ixtisası üzrə davam etdirən Kamal Əhmədov hələ gənc yaşlarından yaradıcılıqla məşğul olmağa başlayır. Tələbəlik illərində “Prelüdlər”, “Prelüd və fuqalar”, “Mövzu ilə variasiyalar”, sonatalar, kvartetlər və müxtəlif xarakterli mahnılar bəstələyir. Təhsil illərində yazdığı ən mükəmməl əsər isə “Cavid” simfonik poeması olur. Belə ki, həmin əsərin ilk premyerası Krım vilayətinin Yalta şəhərində keçirilir.

Azərbaycan Dövlət Konservatoriyasında 1985-ci ildə təhsilini bitirdikdən sonra Kamal Əhmədov Naxçıvan şəhərinə gəlib, burada yeni yaranmış Naxçıvan Dövlət Filarmoniyasının  Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru vəzifəsində çalışaraq orkestrin formalaşmasında böyük əmək sərf edibdir.

Kamal Əhmədov zəngin yaradıcılıq irsinə malik bəstəkardır. O, demək olar ki, musiqinin bütün janrlarına – səhnə əsərlərindən tutmuş simfonik, kamera instrumental, xor əsərləri və s.-dək müraciət edib. Müxtəlif musiqi janrlarında yazdığı nümunələr istər forma, istərsə də məzmun baxımından kamil örnək ola biləcək əsərlər sayılır.  Bəstəkarın  “Cavid” simfonik poeması, “Gəmiqaya” və “Xocalı” simfoniyaları, “Ballada”, “Trio”, “Kvartet”, “Aşıqsayağı”, “Sonata”, “Mövzu ilə variasiyalar” və s. instrumental əsərləri, “İthaf”, “Naxçıvan lövhələri”, “Cəngi”, “Səyahət” və s. kimi orkestr əsərləri, qarışıq xor və simfonik orkestr üçün “Ömrün Heydər zirvəsi”, “Azərbaycan bayrağı” odaları, a kapella xor üçün “Qədim Naxçıvan” kantatası, “Dirilən adam”, “Dəli yığıncağı”, “Fərhad və Şirin” tamaşalarına bəstələdiyi musiqilərlə yanaşı vokal əsərləri də yaradıcılığında böyük yer tutur.   Bəstəkar hələ fəaliyyətə başladığı ilk illərdən vokal musiqisi sahəsində məhsuldar fəaliyyət göstərib, müxtəlif xarakterli mahnı, romans, kantata və odalar bəstələyib. Hələ 2001-ci ildə Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının I hesabat konsertində Kamal Əhmədovun “Anacan”, “Qoşa çinar”, “Unutdun sən məni” mahnıları, “Azadlıq türküsü” marşı, 2005-ci ildə II hesabat konsertində isə “Vətəndir” romansı ifa olunubdur.               

Bütün yaradıcılığı boyu vokal janrına, xüsusilə də mahnılara müraciət edən bəstəkar bu sahədə çoxsaylı görkəmli sənət nümunələri yaradıbdır. Mahnı janrı Azərbaycan musiqi mədəniyyətində özünün bədii-estetik və üslub xüsusiyyətlərinə görə mühüm yer tutur. Bu janr xalq tərəfindən daim sevilibdir. Məhz elə Azərbaycan xalq mahnılarında olan mövzu genişliyi, janr-üslub xüsusiyyətləri Kamal Əhmədovun mahnılarında qorunub saxlanılıb, daha da zənginləşdirilibdir. Bəstəkarın mahnılarının uğurlu alınmasının digər səbəbləri isə onun muğamatın sirlərinə dərindən bələd olması, folklor və xalq musiqisiylə estrada janrının, Şərq və Qərb musiqisinin sintezinə nail olması, milli bəstəkarlıq məktəbi ənənələrindən, lazımınca bəhrələnə bilməsi, metroritmik, məqam-intonasiya dəyişkənliyindən böyük məharətlə istifadə etməsi idi.

K.Əhmədovdan mahnı yaradıcılığı haqqında soruşduqda belə cavab verir: “Mən Bakı şəhərində Asef Zeynallı adına Musiqi Texnikumunu bitirdikdən sonra Ordubad musiqi məktəbinə müəllim təyin olundum. Təyinatda olarkən musiqi məktəbində Xalq Çalğı Alətləri okestri yaratdım. Mənim mahnı janrına meylim və mahnı yaradıcılığım məhz bu orkestrdə etdiyim işləmələrdən və aranjemandan başlayır. Bir çox bəstəkarların mahnılarında oxşarlıq var. Lakin mənim mahnılarım hər biri digərindən fərqlidir. Tar alətini bitirdiyim üçün muğamlar ruhuma daha yaxındır. Avropa üslubundan istifadə etsəm belə, milli ruh mahnılarımda üstünlük təşkil edir. Mahnılarım mənə ilham verən ilk mövzudan doğur, həmin mövzu əsasında isə bütün əsər yaranır.”

Kamal Əhmədovun mahnı yaradıcılığını aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Vətən haqqında mahnılar;

2. Məhəbbət mövzusunda mahnılar;

3. Azərbaycan təbiətini tərənnüm edən mahnılar;

4. Ana mövzusunda mahnılar; 

5. Marş xarakterli mahnılar;

Kamal Əhmədovun mahnı yaradıcılığına diqqət yetirərkən onun poeziyaya böyük önəm verdiyini görürük. Bu mənada mahnıların mövzu dairəsi çox maraqlı, geniş və zəngindir. Daim aktual temalara müraciət edən bəstəkar bütün yaradıcılığı boyu mahnı janrının spesifikasına uyğun şeirlərə üz tutub.

Kamal Əhmədovun mahnı yaradıcılığında daha çox Naxçıvan şairlərinin, xüsusilə Xanəli Kərimlinin sözlərinə yazılmış mahnılar üstünlük təşkil edir. Onun poeziyasına “Nazlanan söyüdlər”, II Qarabağ müharibəsinə həsr olunmuş “Şəhidlik nəğməsi” mahnılar, həmçinin “Mən səni sevmişəm” romansı, “Azərbaycan bayrağı” odası bəstələri aiddir. Qeyd etmək lazımdır ki bəstəkar bu günlərdə həmin şairin “Ata” poemasından götürülmüş kupletlər əsasında eyniadlı mahnı  üzərində işləyir.

Vətən və onun gözəlliklərini tərənnüm edən mahnılardan danışarkən, bəstəkarın H.Valehin sözlərinə “Qoşa Çinar”, M.Nəsrlinin sözlərinə “Qızlar bulağı”, T.Əhmədovun sözlərinə “Güney Qışlaq”, “Mənim millətimindir”, B.Vahabzadənin sözlərinə “Tənha məzar”, Y.Şirinoğlunun sözlərinə “Naxçıvanım”, S.Gültəkinin sözlərinə “Doğma yurdum” və s. mahnılarını misal göstərmək olar.

Kamal Əhmədovun yaradıcılığında sevgi-məhəbbət mövzusunda yazılmış mahnılar da çoxluq təşkil edir. Bu mahnılar lirik melodiyalara malik yüksək səviyyəli sənət əsərləridir. “Gözəl qız” (söz. M.Nəsirbəyli), “Ürək səsləri” (söz. R.Oqtay), “Unutdun sən məni” (söz. T.Aslan), “Saçlarıma qar da yağdı” (söz. Y.Şirinoğlu), “Nakam eşqim” (söz. C.Fədai), “Gülüm” (söz. İ.Fərəməzoğlu), “Gözün aydın” (N.Gəncəvi), “Bənövşə” (söz. T.Maqsudova)  və s. kimi mahnıları bu qəbildəndir.

Kamal Əhmədov mahnı yaradıcılığında, həmçinin duetlərə də yer verib, “Öyrət mənə sevməyi” (söz. İ.Fərəməzoğlu), “Adını de” (söz. M.Qasımzadə), “Yar ola” (söz. E.Maqsudov) kimi duetlər bəstələyib.

Qeyd etmək lazımdır ki, bəstəkar bəzi mahnılarını məhz öz sözlərinə bəstələyibdir. “Sevdam”, “Sevgi dəryasında”, “Aylin” mahnıları, “Zəfər türküsü” marşı bu qəbildəndir.

Kamal Əhmədovun fəaliyyəti onun bəstəkarlığı ilə məhdudlaşmır. Belə ki, Kamal müəllim 1996-cı ildən Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb, uzun illər İncəsənət fakültəsində  “Bəstəkarlıq” kafedrasının müdiri və 2000-ci ildən Naxçıvan Bəstəkarlar Təşkilatının məsul katibi vəzifəsində çalışıbdır. O, gənc nəslin hərtərəfli musiqi təhsili almasında, bəstəkarlığın sirlərinə dərindən yiylənmələrində öz əməyini əsirgəmir.

K.Əhmədovun 65 illik yubileyi 2013-cü ildə- Naxçıvan Mədəniyyət Nazirliyinin sərəncamı ilə Naxçıvanda, “Gənclik mərkəzi”ndə, 70 illik yubileyi isə 2019-cu ildə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib. Bəstəkarın musiqi sahəsindəki səmərəli fəaliyyəti Naxçıvan Muxtar Respublikası rəhbərliyi tərəfindən də yüksək dəyərləndirilib və 2013-cü ildə ona “Əməkdar incəsənət xadimi” fəxri adı verilib.

Məhsuldar bəstəkar Kamal Əhmədovun yaradıcılıq axtarışları bu gün də davam edir. O, daim öz üzərində işləyir, bir-birindən maraqlı və dəyərli sənət əsərləri ərsəyə gətirir. Biz musiqiçilər fəxr edirik ki, belə bir bəstəkarın müasiri və həmkarıyıq. Kamal Əhmədova işlərində uğurlar və yeni yaradıcılıq nailiyyətləri arzu edirik.

Rumiyə Məmmədova

“Musiqişünaslıq və metodika” kafedrasının müəllimi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: