Dünya xalqlarının mədəniyyəti qarşılıqlı təsir dairəsində inkişaf edərək zənginləşmişdir. Türk dünyasının ortaq dəyərləri də hər bir türk xalqı üçün böyük əhəmiyyət daşıyır. Türk xalqlarının mədəniyyəti və ədəbiyyatı bu mənada dünya mədəniyyəti və ədəbiyyatının ayrıca qolu və mərhələsi olmaqla yanaşı, həm də əsas tərkib hissəsidir. Türklər öz tarix və mədəniyyətlərinin qədimliyi, zənginliyi baxımından dünya xalqları arasında böyüklüyünü, aparıcılığını tam şəkildə təsdiqləyə biliblər. Qədim türk dastanlarının mətnləri bütöv halda əlimizdə olmasa da, bu dastanlar türk epos zənginliyinin, estetik düşüncə mükəmməlliyinin təsdiqi baxımından əhəmiyyətlidir. Həmin dastanlar, eyni zamanda türkün etnogenezisi, siyasi idarəçilik və dini baxışları, dünyada milli özünütəsdiq arzu və iddiaları və s. haqqında təsəvvür yaratmaqda böyük rol oynayır. Dastançılıq xalqın bir neçə əsrlik milli-məişət həyatını gözəllik və əlvanlığı, təzad və ziddiyyətləri ilə özündə əks etdirən öncül bədii düşüncənin məhsuludur.
Məlumdur ki, qədim türk dastanları cox qədim və zəngin ənənələrə malikdir. Əsasən e.ə. I minilliyin ortalarından meydana çıxsa da, epos ənənəsinə uyğun olaraq daha qədim dövrlərə məxsus olan hadisələri, etik və estetik əhvali-ruhiyyəni özündə əks etdirir. Qədim türk dastanlarının dili Avrasiyanın mərkəzində Şərqdən Qərbə doğru geniş ərazidə nəinki türklər, hətta qeyri-türklər tərəfindən də anlaşılan qədim türk dili olubdur ki, dastanlar həmin dilin yüksək inkişaf etmiş, zəngin obrazlılığa, dərin fəlsəfi mənaya malik mükəmməl bir dil olduğunu söyləməyə imkan verir.
Türk dastanları mifoloji-epik baxışların nəticəsi kimi zaman etibarilə yaranma və formalaşma baxımından iki dövrə bölünür:
İslamiyyətdən öncə türk dastanları və islamiyyətdən sonra türk dastanları.
Qədim türk mifoloji dünyagörüşünün ilk mükəmməl nümunələrindən biri “Dünyanın yaranması haqqında” (“Yaradılış”) təsəvvürü - dastanı XIX əsrdə türkoloq V. Radlof yazıya alıbdır. Mifik dünyagörüşün təsiri altında olan dastanda qədim türklərin dünyanın yaranması haqqında epik təsəvvürü əks olunubdur. Türklərin törəyişi haqqında olan təsəvvür dastanlar çox güman ki, “Dünyanın yaranması haqqındakı dastan”dan sonra formalaşıbdır.
“Oğuz Kağan” dastanı qədim türk eposunun ən mükəmməl nümunələrindən biri hesab edilir. Dastan təxminən e.ə. I minilliyin sonlarında formalaşıbdır. Oğuz Kağan tanrı mənşəlidir, mərkəzləşmiş türk cəmiyyətinin epik yaradıcısı, hamisi və hökmdarıdır. Qeyd edək ki, dastan türk epos təfəkkürünü sistemli və mükəmməl şəkildə əks etdiribdir. Dastanın ideya məzmunu, onun poetik xüsusiyyətləri ilə bağlı kifayət qədər mənbələrdə məlumat var.
“Alp Ər Tonqa” dastanı təxminən e. ə. I minilliyin sonlarında formalaşıbdır. Dastanda qədim türklərin geniş coğrafi təfəkkürü, dünyada baş verən ictimai-siyasi proseslərə nəzarət edə bilmək bacarığı, dövlətçilik təsəvvürləri və sairədən bəhs olunur. Mənbələrdə verilən məlumatlarda qeyd olunur ki, hətta dastanın hamısı ozanlar tərəfindən əzbər söylənilmişdir. Alp Ər Tonqanın adı İran qaynaqlarında Əfrasiyab kimi verilir. Mahmud Kaşğari öz “Divan”ında bildirmişdir ki, türklər ta qədimdən böyük sərkərdələrinə xan, Əfrasiyaba isə xaqan adı vermişlər. Qaz adı isə Əfrasiyabın qızının adı kimi qeyd olunmuşdur. Məhz bu səbəbdən “Kitabi – Dədə Qorqud” dastanında “qaza bənzər qız” ifadəsinin işlənməsi “gözəl qız” mənasını verib.
“Şu” dastanı Makedoniyalı İsgəndərin Türküstana yürüş etdiyi dövrün hadisələrindən bəhs edən, e.ə. I minilliyin sonu eramızın ilk əsrlərində ümumtürk eposu əsasında formalaşıbdır. Burada əks olunan bir sıra rəvayətlər Mahmud Kaşğarinin “Divan”ında da öz əksini tapmış, hətta türkmən, kalaç sözlərini izah edərkən bu dastanı nümunə gətirmişdir. Dastanda qeyd olunur ki, Zülqərneyn kimi tanınan İsgəndər Səmərqəndi keçib türk torpağına gəldikdə onların hökmdarı Şu olmuşdur. Şunun çox güclü ordusu olmuş, Balasaqun şəhəri yaxınlığında Şu qalasını tikdirmişdir. Dastanda əks olunan hadisələr qədim türk tarixindən, onların fəaliyyətindən, igidliyindən xəbər verir.
“Ərgənəkon” dastanı təxminən birinci minilliyin ortalarında formalaşmışdır. Dastanın məzmununu XIV əsrdə F. Rəşidəddin, XVII əsrdə isə Əbül Qazi xan danışır. Türklərdə Ərgənəkondan çıxmaq yazın gəlişi ilə əlaqələndirilib, bu tarixi hadisəylə bağlı möhtəşəm mərasim yaranıb. Həmin mərasimdə isə dəmir döymək, yəni dəmirçiliyin müqəddəs bir sənət olduğunu nümayiş etdirmək adəti zəmanəmizə qədər gəlib çıxıbdır.
“Köç” dastanı türklərin mofoloji, tarixi-estetik düşüncəsinin məhsulu olaraq onların Ötükəndən Tarım hövzəsinə köçmələrindən bəhs edir. Dastanın bir variantı Çin, digər variantı isə İran mənbələrində saxlanılıbdır. Bu dastanda doğma yurda, el-obaya sevgi duyğularının bədii ifadəsi çox mənalı və ibrətamizdir. Türkün mənşəyini tanrı ilə bağlamaq inamı da ən qədim hesab olunur. Torpağın bir zərrəsini belə yağıya vermək xəyanət kimi başa düşülür, vətənin bütövlüyünü qorumaq hər bir türkün müqəddəs vəzifəsi sayılır.
“Siyenpi” dastanı da qədim türk dastanlarından hesab olunur. Dastanda Molo Neu, Tanşe Noay kimi obrazların timsalında türklərin dünyagörüşü, qəhrəmanlığı, onların yaşayış tərzi təsvir olunur.
Ümumiyyətlə, türk dastanları türklərin dastanlaşmış tarixidir. Türklərin yenilməzliyi, gücü, qüdrəti, döyüşləri, daxili mənəvi aləmi, dövlət quruculuğu kimi xüsusiyyətləri məhz bu dastanların yaranması üçün mənbə olubdur.
Xumar Məmmədova
filologiya üzrə fəlsəfə doktoru, dosent
Naxçıvan Müəllimlər İnstitutunun müəllimi