UNESCO Baş Konfransı çərçivəsində Mədəniyyət Komissiyasının iclasına ilk dəfə Azərbaycan sədrlik edir
Parisdə UNESCO Baş konfransının 41-ci sessiyası keçirilir. Baş konfrans çərçivəsində konfransın Mədəniyyət Komissiyası öz işinə başlayıb.
UNESCO-nun bütün üzv ölkələrinin və müşahidəçi statusunda olan təşkilatların da iştirak edəcəyi Komissiyanın iclasına Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə sədrlik edəcəkdir.
Nazirlikdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, komissiyanın gündəliyində Büronun tərkibinin seçilməsi, 2022-2025-ci illər üçün büdcə layihəsi, mədəniyyət sahəsində proqramlar, 2022-2029-cu illər üçün Prioritet Afrika Əməliyyat strategiyasının layihəsi, mədəniyyətlə bağlı konvensiyaların icra vəziyyəti, 40-cı Baş Konfransda qəbul edilmiş 43 və 67 saylı qətnamələrin icra vəziyyəti, Qanunsuz olaraq ölkədə çıxarılmış mədəni mülkiyyətin geri qaytarılması ilə bağlı hökumətlərarası komitənin 2020-2021-ci illərdə fəaliyyəti ilə bağlı hesabat, Qeyri-maddi mədəni irs üzrə hökumətlərarası komitənin fəaliyyət hesabatı, Mədəniyyətin təbliği üzrə Beynəlxalq Fondun 2020-2021-ci illər üzrə hesabatı, həmçinin Ümumdünya İrs Komitəsinin 2020-2021-ci illər üzrə hesabatı ilə bağlı müzakirələr aparılacaq.