Naxçıvan Teatrı 1883-cü ildə yaranandan sonra teatr həvəskarları ilk illərdə M. F. Axundov, E. Sultanov, N. Vəzirov, Zülfüqar Hacıbəyov, C. Məmmədquluzadə ilə yanaşı rus yazıçılarının vodevillərindən də istifadə edirlər. 1884-cü ildə Y. Solovyovun “İşin başlanğıcında” və T.Barrer, L.Tivunun birgə yazdığı “Evdə qalmaqal” pyesləri, 1907-ci ildə isə teatrın rejissoru Böyükxan Naxçıvanlı tərəfindən N. Qoqolun “Ölü canlar” əsəri səhnələşdirilib. Qoqolun “Müfəttiş”indən sonra müxtəlif illərdə teatrda, həmçinin İ. Turgenevin “Pulsuzluq” (1910), Molyerin “Zorən təbib” (1911), Z. Hacıbəyovun ruscadan tərcümə etdiyi “Qırmızı araçqın” (1912), A. Belinin “Qovulmuşlar” (1913) və digər əcnəbi müəlliflərin əsərləri tamaşaya qoyulub.
Maraqlı faktlardan biri isə Naxçıvan teatrında 1918-ci ilə qədər Türkiyə dramaturqlarının əsərinin oynanılmamasıdır. Yalnız 1918-ci ildə öz ölkəsində ilk dəfə Avropasayağı türk ədəbiyyatını yaradan və bu üslubun sevilməsinə səbəb olan yazıçı Namik Kamalın “Vətən, yaxud Silistrə” və “Zavallı cocuq” əsərləri tamaşaya qoyulub. Qəribə də olsa, bu tamaşaların rejissorluq və bədii tərtibat işlərini Qafqaz-İslam Ordusunun komandanı Kazım Qarabəkir paşa öz öhdəsinə götürüb. Lakin əsərin tərtibat və quruluşunun üzərində Naxçıvan teatrının rejissoru Rza Təhmasib və rəssam Bəhruz Kəngərli işləyib. 1919-cu ildə isə Əbdülhəqq Hamidin “Hind qızı” və Şəmsəddin Saminin “Dəmirçi Gavə” adlı pyesləri səhnəyə qoyulur. 1920-ci ildə rejissor Həsən Səfərli “Dəmirçi Gavə” əsərinə quruluş verir. Sonra isə həmin rejissor 1923 və 1924-cü illərdə də bu əsərə müraciət edib. Əsərin mövzusu isə Firdovsinin “Şahnamə”sindən götürülüb. Onun qayəsində istibdad simvolu olan, öz ilanlarını yedirmək üçün hər gün iki gənci qurban verən Zöhhakı öldürərək xalqı azadlığa çıxaran dəmirçi Gavənin qəhrəmanlığı dayanır. Bir neçə il dalbadal bu əsərin tamaşaya qoyulması mövzu etibarilə həmin dövrə, ictimai-siyasi hadisələrlə zəngin olan ötən əsrin 15-20-ci illərinə uyğun gəlirdi.
Çünki 1918-ci ildə artıq Azərbaycanda Xalq Cümhuriyyəti qurulsa da, Naxçıvan ingilislər tərəfindən işğal olunmuşdu və erməni daşnakları bu bölgəyə sahiblənmək üçün onların yardımından istifadə edirdi. Bu nöqteyi-nəzərdən də Şəmsəddin Saminin əsəri öz aktuallığını qoruyurdu. Sonrakı vaxtlarda, yəni 1928 və 1929-cu illərdə rejissor Səməd Mövləvi bu əsərə müraciət edib. Bundan sonra uzun illər Naxçıvan teatrında Türkiyə yazarlarının əsərlərinə müraciət olunmayıb. Təbii ki, bunun arxasında siyasi motivlər dayanırdı. Həmin illərdə Sovet hökumətinin “pantürkist” siyasəti nəticəsini verdi. Hətta 1922-ci ildə Naxçıvan teatrına dövlət statusu verilərək Naxçıvan Türk Hökumət Teatrosu adlandırıldı, lakin türk kəlməsinə ciddi reaksiya verən, onu özlərinə qarşı təhdid hesab edən bolşeviklər və onların yerli tərəfdarları tezliklə teatrın adını Naxçıvan Dövlət Teatrı ilə əvəzlədilər. Çünki bu illərdə yetərincə təcrübə qazanan teatr kollektivi onu geniş auditoriyaya öz sözünü deməyi bacaran, tamaşaları ilə ictimai-siyasi hadisələri analiz, milli-mənəvi dəyərləri təbliğ edən bir qüvvəyə çevirə bilmişdi. O da məlumdur ki, 1950-ci illərdə ümumiyyətlə Azərbaycan teatrlarında türk əsərlərinin oynanılması qadağan idi.
Lakin Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında gənc rejissor Vəli Babayev 1968-ci ildə bu “ənənəyə” son qoydu.
Naxçıvan teatrının ali təhsilli ilk peşəkar rejissorlarından olan Vəli Babayev (1945-1989) Naxçıvan şəhərində anadan olub. 1962-66-cı illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Rejissorluq fakültəsində oxuyub. İnstitutu müvəffəqiyyətlə bitirdikdən sonra Naxçıvana təyinat alıb. Gənc rejissor kimi teatra qayıdan Vəli Babayev tələbəlik illərində dərs aldığı müəllimlərin Rza Təhmasib və Mehdi Məmmədovun təcrübələrini və ustalığını özünəməxsus tərzdə davam etdirir. Maraqlı faktlardan biri də budur ki, Vəli Babayev teatrda daha çox əcnəbi əsərlərə üstünlük verirdi. Elə ilk rejissor işi də 1966-cı ildə G. Mdivaninin “Konsulu oğurladılar” adlı pyesi olur. İtaliya cəmiyyətinin həyatından bəhs edən tamaşa çox uğurla təqdim edilir. Bundan sonra bir neçə yerli və əcnəbi əsərə quruluş verən rejissorun tamaşaları Naxçıvan teatrında yenilik kimi qəbul edilir. Rejissor 1968-ci ildə uzun müddətlik fasilədən sonra Naxçıvan teatrında türkiyəli dramaturqun əsərinə müraciət edir. Bu Nazim Hikmətin Vera Tulyakova ilə birlikdə yazdıqları “Kor padşah” əsəri olur. Tamaşanın quruluşçu rəssamı Məmməd Qasımov, bəstəkarı Şəfiqə Axundova idi. Əsərin mövzusu çox maraqlı süjet xətti üzərində qurulub. Dünyanı fəth edən padşahın bir gün gözləri tutulur. Həkimlər ona indiyədək ayağı dəyməyən yerdən gətirilən bir ovuc torpağın onun gözünə dərman olduqlarını deyirlər. Padşahın 3 oğlu bu torpağı tapmaq üçün yola düşürlər. Böyük oğul qonşu ölkələrdən birinin padşahı olur, ikinci oğlu isə maraqlandıran ancaq təbiət gözəlliyi və sakitlikdir. O da belə bir yer tapıb orada qalır. Yalnız kiçik oğul atasının dərmanını tapmaqda israrlıdır. Lakin o da dərk edir ki, hökmdar atasının ayağı dəyməyən yerdən torpaq gətirərsə, gözü açılan ata oranı da işğal edəcək. Ona görə kiçik oğul da bu torpağı tapmaqdan imtina edir. Nəticədə padşah kor qalır. Əsərin məzmunu ilk baxışdan işğalçıya qarşı etirazdır. Məhz bu mövzuya görə Vəli Babayev bu əsəri seçmişdi. Çünki gənclik illərindən zorla Azərbaycanı işğal edən Sovet hakimiyyətinə qarşı Vəli Babayevdə heç də rəğbət yaranmamışdı. Sənət yoldaşı olan, xalq artisti Rövşən Hüseynov söhbətlərindən birində qeyd etdi ki, Vəli arada gənclərlə söhbətində türkçülükdən, bozqurdun türk totemi olmasından danışırdı. O zaman “boz qurd” termininin hansı anlamda olmadığını bilən biz gənclər onunla zarafat etdikdə, “Gözləyin, nə vaxtsa bozqurdu yenidən Azərbaycanda tanıyacaqsınız”,- deyirdi. Bu isə onu göstərir ki, gənc rejissor məxsus olduğun xalqın keçmişini, milli türkçülük ideyalarını səhnəyə qoyduğu əsərlərlə, Türkiyə dramaturqlarının pyesləri ilə tamaşaçılara çatdırmaq istəyirdi. Yəni milli düşüncəni, keçmişə bağlılığı bu vasitə ilə yaşatmağa çalışırdı. Bir tərəfdən Sovet ideologiyasının diktəsi ilə o zaman yazılan yerli əsərlərin bəsitliyi və mövzu sayalığı gənc, vətənpərvər rejissoru qane etmirdi. Lakin ozamankı senzuranın icazə verdiyi əcnəbi əsərlərlə bu boşluğu doldurmaq istəyirdi. Sənətlə məşğul olanlar yaxşı bilir ki, Avropa və digər ölkələrin yazıçılarının qələmindən çıxan pyeslər Sovet ədəbiyyatının yaratdığı səhnə əsərlərindən daha təsirli və aktyor oyunu, rejissor fikrinin tam çatdırılması, reallıq, təbii və gerçəkliklə dolu, daha inandırıcı hadisələri təqdim etmək üçün çox yaxşı vasitə idi. Məhz bu baxımdan Vəli Babayev də Naxçıvan teatrında bu cür əsərlərə üstünlük verirdi. Sonradan, yəni 1971-ci ildə Naxçıvan tamaşaçıları dram teatrın səhnəsində Əziz Nesinin “Toros canavarı”, 1980-ci ildə N. Hikmətin “Bayramın birinci günü”, elə həmin il Orxan Kamalın məşhur “Yad qızı”, 1984-cü ildə Turan Oflazoğlunun “Dəli İbrahim”, 1988-ci ildə Rəşad Nuri Güntəkinin “Dodaqdan qəlbə” (ikinci rejissor Vaqif Əsədov) əsərlərinə tamaşa etdilər. Onu da qeyd edək ki, bu əsərlər anşlaqla-geniş tamaşaçı auditoriyası ilə qarşılandı. Bu tamaşaların hamısının rejissoru olan Vəli Babayevin sayəsində Naxçıvanın gənc nəsil tamaşaçıları Türkiyə həyatı və oradakı sənətkarların yaradıcılığı ilə yaxından tanış oldular.
Sonradan isə bu ənənə davam etdi. Rejissor Əsgər Əsgərov 1989-cu ildə Nazim Hikmətin “Qəribə adam”, 1992-ci ildə Əziz Nesinin “Ölən adam” (“Taxtalı köydən məktublar”), Xalq artisti Rövşən Hüseynov 2007-ci ildə N. Hikmət və Vera Tulyakovanın “Kor padşah” əsərini, Xalq artisti Kamran Quliyev 2012-ci ildə Nazim Hikmətin “Kəllə”, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Səməd Canbaxşiyev 2015-ci ildə Tuncər Cücənoğlunun “Rəngsaz” (“Boyaçı”) əsərini Naxçıvan teatrında tamaşaya qoydular.
İnanırıq ki, naxçıvanlı rejissorlar bundan sonra da Türkiyənin klassik və çağdaş ədəbiyyatına müraciət edəcək və qardaş ölkənin dramaturgiyasının məhsulu olan maraqlı əsərləri yerli tamaşaçılara uğurla təqdim edəcəklər.
Səməd Canbaxşiyev
Naxçıvan Muxtar Respublikasının
əməkdar artisti