Ey mənim ürəyim, canım Ordubad, Şöhrətim, şərəfim, şanım Ordubad! - FOTOLAR

A- A A+

Tarixin bütün dönəmlərində bu qədim yurd yeri barədə yüksək fikirlər söylənildiyini oxumuşam. Göylərə boyverən möhtəşəm Soyuq, Bəlqə, Fələkbaba, Əcnövür dağları, füsunkar təbiəti, yeraltı və yerüstü sərvətləri, dadlı-tamlı meyvələri, görkəmli elm xadimləri ilə tanınan və ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad bu gün özünün yeni inkişaf mərhələsindədir. Qədimliklə müasirliyin vəhdətini hər addımda gördüyümüz Ordubad şəhəri haqqında görkəmli adamlar, tanınmış səyyahlar, buraya gələn qonaqlar ən yüksək təəssüratlara malik olduqlarını dilə gətiriblər. Ordubadın şəninə şeirlər yazılıb, mahnılar qoşulub. Həmin təəssüratların, həmçinin ordubadlıların dillər əzbəri olan mahnı və şeirlər bu yazının qələmə alınmasına səbəb oldu.

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, gözəl şairimiz mərhum Hüseyn Razi bu qədim yurd yerini belə tərənnüm edirdi:

Dağlarımda neçə əsrin qarı var,

Bağlarımda neçə fəslin barı var.

Təmiz arzu, böyük qayə, düz ilqar,

Mənə çatıb bu dövrandan hədiyyə.

Ordubadda səfərdə olmuş amerikalı jurnalist və tədqiqatçı Peter Tasenin bu qədim bölgəyə verdiyi qiymət hər bir sakində qürur doğurur: “Ordubadın gözəl mənzərəsi var. İnsanları çox qonaqpərvər və istiqanlıdır. Gözəl mənzərələr və müasir infrastruktur turistlərin diqqətini cəlb edir. Ordubad şəhərində yaradılmış infrastruktur, həqiqətən də, Qərbi Avropanın şəhərlərindəki kimidir. Tarixən strateji yer hesab olunan Ordubada səfər edən turist və tədqiqatçılara buranın qədim mədəniyyətini tanıtmaq imkanı vardır. Ordubad şəhərində hazırda muzey kimi fəaliyyət göstərən tarixi Qeysəriyyə binası var. Tarixən bu regionda 3 belə Qeysəriyyə binası olub. Digər iki Qeysəriyyə binası Səmərqənd və Təbrizdədir.

Bu gün valehedici Ordubad şəhəri Şərq aləminin canlı muzeyi hesab olunur. Avropa və Asiya arasında coğrafi və etnoqrafik əlaqəni təmin edən şəhər öz tarixini və ənənələrini qoruyaraq nəsildən- nəslə ötürür”.

Burada yadıma gözəl şairimiz mərhum Elman Həbibin misraları düşür:

Bu yerlərin sükutu da dinəndi,

Ordubadım dağlarıma güvəndi,

Dağlarımın nəğməsini Dübəndi

Çatdırıbdı əsrlərdən bizəcən.

“Günəş Ordubadın ulduzudur. O, behiştə verilən tərifə layiqdir. Huri-mələklərin gözünü onun Nəzərə dağı işıqlandırır”. XVII əsr tarixçisi İsgəndər Münşiyə aid olan bu çox düzgün qənaətin izahına ehtiyac olmadığını düşünürəm və rayonun ən yaşlı sakini ömrünün doqquzuncu onilliyində, ötən il dünyasını dəyişmiş el ağsaqqalı Ələkbər Əmirovun sözlərini xatırlayıram:

“Ordubadın dünənini görən birisi kimi deyə bilərəm ki, buranın təbiət gözəlliklərinə, tarixi abidələrinə Ordubada gələn qonaqlar heyranlıqla baxırlar. Qədim məhəllələri İçərişəhəri xatırladan Ordubadın çinarları, məscidləri, kəhrizləri ilə məşhur olan bu yurd yerinə, əfsuslar olsun ki, sovet dönəmində bir o qədər qayğı göstərilmədi. Ancaq son illərdə burada görülən işlər Ordubada yeni gözəlliklər bəxş edib. Camaatımız da sağ olsun ki, belə gözəlliklərə qiymət verməyi, onları qorumağı bacarırlar”.

Doğma Ordubadın belə gözəllikləri Zərnigar Əliyevanı da ilhama gətirib:

Böyük arzularla ucalmaqdasan,

Günəşə boylanıb parlamaqdasan,

Ey mənim ürəyim, canım Ordubad,

Şöhrətim, şərəfim, şanım Ordubad!

Ordubad şəhərinə xüsusi gözəllik verən, min bir zümzümə ilə axan Dübəndi çayı üzərində salınmış körpü və əyləncə yeri son illərin quruculuq ərməğanlarıdır. Burada düzəldilmiş süni şəlalə əraziyə xüsusi yaraşıq verib. Ordubadlı şair Hüseyn Əzimin poetik misralarını xatırlayıram. Şair bu gözəllikləri elə ustalıqla qələmə alıb ki, şeiri oxuyarkən özünü o ünvanda hiss edirsən, gördüklərin qəlbinə bir təravət bəxş edir:

Hər yanın gül-çiçək, hər yanın çəmən,

Səndən həyat alır lalə, yasəmən.

Sən ki yaranışdan belə gözəlsən,

Yoxdur bərabərin, Dübəndi çayı.

Görkəmli ədəbiyyatşünas alim Firudin bəy Köçərli Ordubada bir ayrı cür qiymət verir: “Ordubadın ab-havası mötədildir. Özü də bağat içində basəfa yerdə vaqe olubdur. Ordubadın meyvələri və məhsulları az yerdə tapılar”. Bu yurdda yetişdirilən meyvələr dünya sərgilərinə çıxarılıb. Bağlar diyarı kimi də tanınan Ordubadda gözəl meyvələr yetişdirilir. Ötən əsrin sonlarında böyük həcmdə meyvə bağlarının kökünə balta çalınsa da, artıq yeni salınan bağlar bu itkini unutdurmaqda, meyvəçiliyin şöhrəti özünə qaytarılmaqdadır. Ordubadın mətbəxi də özünəməxsusluğu ilə seçilir.

Şair Muxtar Qasımzadə də Ordubadla bağlı xeyli şeir qələmə alıb, buranı cənnətə bənzədib. Yaradıcı insanlar üçün ilham qaynağı olan bu yurd yerinin poetik lövhəsini yaradıb:

Cənnət adlı bir aləmə

Yeri düşmüş Ordubadın

Mis qayası döymə-döymə,

Naxış-naxış Ordubadın.

Tarix elmləri doktoru, professor Teymur Bünyadov da Ordubadın əsrarəngiz təbiətinə vurulub. Ordubada yüksək qiymət verən alim yazır: “Ordubadda gözəlliklərdən doymursan, öz-özünə deyirsən: Ordubadı görməyən nə Vətən görüb, nə vətənpərvərlik görüb, nə də gözəllik duyub”. Belə təəssüratlar, şeirlər onlarla, yüzlərlədir. Mən isə Teymur Bünyadova istinadən deyərdim ki, Ordubadı olduğu kimi görmək, onun gözəlliklərini duyub zövq almaq üçün bu torpağa qonaq gəlin!

Bahar Əliyeva

“El həyatı” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: