ŞƏRUR YALLILARI

A- A A+

Əzizim Naxçıvana, Yol gedir Naxçıvana. Şərurum bir tamaşa, İndi gəl Naxçıvana.

Elə ki, hava qaraldı, qaranlıq gecənin bağrını dələn  bir səs yüksəlir göyə. Yallının səsi. Onda nə hikmət, nə ululuq varsa adamı tez əfsunlayır, sehrinə salır.  Nağaranın səsi  dağlarda, daşlarda əks-səda verir. Hay-harayın kəndləri bürüdüyünün şahidi olursan, çiyinlər birləşir, qollar çarpazlaşır, ayaqlar şimşəkdən sanki güc alır.  Mağar boyu halay qurulur, yallı tutulur.  Belə başlanır Şərur toyları. Yaşlı nənələr, sinəsi  sazlı-sözlü babalar, müdrik insanlar danışırlar ki, bu qədimlərdə də belə olub. Şərur elinin  bütün məclisləri  yallı ilə başlayıb, yallı ilə  sona  çatıb. Bu yurd yerinin  suyundan içib, havasından udan hər kəs  bu qədim rəqsin  bir neçə növünü  bacarırmış.  Əslində  elə indi də  Şərurda  az adam tapılar ki, bütövlük, birlik simvolu olan  vətənpərvərlik, mübarizlik təlqin edən  bu qədim rəqsi bilməsin. Elə  yallı Şərur elinin  “milli emblem”idir aforizmi də  bu  mənada yaranıb. Həm də ona görə ki, Şərur deyiləndə  milli folklorumuzun  bu qədim növü yada düşür.  Nə zaman keşməkeşləri, nə də  müasirləşmə  yallılarımızı  bizə unutdura bilməyib.

Şərurda fəaliyyət göstərən folklor ansamblları incəsənətimizin  bu nadir növünü qoruyub yaşadır. Nəsildən-nəslə ötürücü, zənginləşdirici missiyasını uğurla davam etdirir.  Yenidənqurma və  əsaslı təmirdən sonra  estetik görünüşü ilə göz oxşayan Şərur Rayon Mədəniyyət Şöbəsinin  binasından ətrafa yayılan  gözəl  bir musiqiyə  hakim kəsilmək isə bir başqa aləmdir.

Yallılar  milli pasportumuz olan  tarixi abidələrimiz  qədər dəyərlidir. Səsi-sorağı sərhədləri aşır Şərur yallısının.   Haralarda olmayıb Şərur yallısı?

1924-cü ildən fəaliyyətə başlayan  bu folklor ansamblı  böyük səhnəyə 1936-cı ildə qədəm qoyub. 1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti  ongünlüyündə  doğurduğu rezonans isə o zaman dahi bəstəkarımız Üzeyir Hacıbəyovun bu münasibətlə kollektivə göndərdiyi təbrik teleqramında da  öz əksini tapıb.

Milli mənəvi varlığımızın, qəhrəmanlıq,  mübarizlik kimi  ali  keyfiyyətlərinin  təcəssümü  olan  bu qədim  sənəti yaşadan kollektiv Azərbaycan tarixinin dirçəliş mərhələsinin başlanğıcından  fenomenal şəxsiyyət Heydər Əliyevin  diqqət və qayğısı sayəsində  respublika ümumittifaq miqyaslı  tədbirlərin  fəal iştirakçısına  çevrilib.

Azərbaycanın  Əməkdar Mədəniyyət  işçisi Kimya Babayeva deyir ki, Azərbaycanın milli mədəniyyətinin,  folklorunun gözəl  incilərindən biri  yallılarımızdır. Yallılar Azərbaycanın bir çox bölgələrində  yayılıb  və inkişaf edib. Amma ən çox yallı növü Şərur mahalında  geniş yayılıb.  Şərur yallısının çox böyük  tarixi var. Bir əsrə bərabər  yaşı olan  rəqs növü bu  günümüzədək  qorunub, saxlanılıb. Məqsədimiz  gələcək  nəsillərə  təqdim  etməkdən ibarətdir.  “Şərur” yallı ansamblı əvvəllər kiçik qrup şəklində  olub.  Sonradan  dahi bəstəkar Üzeyir Hacıbəyovun  SSRİ Ali Sovetinə bu rayondan  deputatlığa namizədliyi  irəli  sürülüb.  Onun seçiciləri  ilə göruşə gəlməsi  zamanı  konsert proqramı təşkil  olunub. Yallı bəstəkarın  çox  xoşuna gəlib.  Deyib ki: “Azərbaycanda da  yallılar var,  amma  yallı  Şərurda  doğulub. Yallının  məkanı  Şərurdur”.

Sözsüz ki,  belə gözəl fikirlər müəyyən  zamanlarda  ulu öndərimiz  Heydər Əliyev  tərəfindən  də deyilib.  Biz Bakıda keçirilən tədbirlərdə  iştirak edəndə,  Ulu Öndər  bizim kollektivə yaxınlaşıb bildirdi ki: Şərur yallısı bizim dünənimiz,  bu günümüz və  gələcəyimizdir. Şərur yallılarını  qoruyub saxlamalıyıq”. Bu fikirlər  bu gün də  bizim üçün önəmlidir. Şərur yallı ansamblı  doğma Naxçıvanımızı nəinki Azərbaycanda, ondan kənarda ,dünyanın bir çox ölkələrində keçirilən folklor festivallarında təmsil etmişdir. Keçmiş SSRİ dönəmində biz Almaniyada, Macarıstanda, Polşada, müstəqillik əldə olunduqdan sonra 2000-ci ildə Misir Ərəb Respublikasında  keçirilən folklor festivallarında iştirakçısı olmuşuq. Kollektiv orada yüksək çıxışına görə “Qızıl açar” mükafatına layiq görülmüşdür. Mədəni əlaqələrimiz genişləndikdən sonra demək olar ki, hər il  Türkiyə Respublikasına dəfələrlə dəvət olunur, folklor festivallarında iştirak edirik. Yaxın vaxtlarda  türk ulusoyun xətti ilə  bu ilin gözəl bir tədbiri milli bayramımız olan Novruza təsadüf etdi və biz 10 gün müddətində həmin tədbirlərin iştirakçısı olduq. Hər bir yallı üzvü təşəkkür bəlgəsi ilə qiymətləndirildi. Son 2-3 il ərzində bizim 4-5 unudulmuş yallımız səhnədə ifa olunur.  Gözəl musiqi və hərəkətləri var. Şərur Yallı ansamblı üzvlərinin əksəriyyəti Azərbaycanın və Naxçıvanın fəxri adlarına layiq görülüblər. Onların arasında Prezident mükafatçıları da var. Biz çalışırıq ki, yüksək diqqət və qayğıya görə işimizin öhdəsindən layiqincə gələk.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: Naxçıvanın üç incisi bizim üçün xüsusilə əzizdir: Əshabi-Kəhf, Gəmiqaya və Şərur yallıları”. Buna görə də biz bu inciləri qoruyub saxlamalıyıq.

Xalqımızın yaratdığı belə rəqslər saysız-hesabsızdır.  Mütəxəssislərin fikrincə bir vaxtlar Şərur bölgəsində yallının 100-dən çox növü olub. Onların bir qismi toy mərasimlərində, el şənliklərində yaşadılaraq bu günə gəlib çıxıb. Şərur yallısının qorunması, yaşadılması və təbliğində Şərur yallı ansamblının mühüm rolu olub.

“Nurani” Yallı ansamblının üzvü Azad Qasımov: 1963-1964-cü illərdən bu kollektivdə fəaliyyət göstərirəm. MR-də və Azərbaycanda keçirilən əlamətdar günlərdə kollektivlə birgə iştirak etmişəm. Şərur yallı ansamblına marağı babalarımızdan öyrənmişik.  Onlar toylarda yallı gedər və bizə də təbliğ edərdilər. Həm də bu yallıya həvəs bizim qanımızda, canımızdadır. Yallıya bugünkü qədər diqqət və qayğı olmayıb. 1972-ci ildə Moskvada “Ruhani xalq rəqsi” adlı veriliş verildi. Bir neçə  yallını biz orada ifa etdik. Bakıda filarmoniyada yenə konsert təşkil olundu. Almaniyada qazandığmız nailiyyətlərə görə hamı ora yığışmışdı. Məqsədimiz o idi ki, onu gələcək nəsillərə ərmağan edək. 70-dən artıq yaşım var, yenə bu kollektivdə aparıcılardan biriyəm. Yaşlı insanların təmsil olunduğu “Nurani” yallı ansamblının 12 nəfər üzvü var. Onların 70-dən yuxarı yaşları olmasına baxmayaraq, el şənliklərində iştirak edirlər.

1972-ci ildə Almaniya Demokratik Respublikasında folklor festivalı keçirilir. Ansamblı bu tədbirə xalq artisti Əminə Dilbazi hazırlaşdırır. Məşhur rəqqasə xatirələrində yazır: “mən bilirdim ki, bizim yallı  mədəniyyətimiz Naxçıvanda - Şərur torpağındadır. Biz ora-Almaniyaya elə bir folklor nümunəsi aparmalıyıq ki, üstündə xalqımızın möhürü olsun. Bu, Şərur yallısı idi.

Həmin il ansambl SSRİ Ali Sovetinin fəxri fərmanı ilə təltif olunur. Kollektivə Xalq Yallı ansamblı status verilir. 1984-cü ildə Polşanın Zelyonaya Qora şəhərində təşkil olunan Beynəlxalq festivala qatılan ansamblın fəaliyyətini əks etdirən “Şərur yallısı” sənədli filmi çəkilir. Kollektivin bu uğurlarında Əminə Dilbazi, Əlibala Abdullayev, Xumar Zülfüqarova, Qəmər Almaszadə, Kamil Dadaşov, Roza Cəlilova kimi Azərbaycanın tanınmış musiqisi və rəqs ustalarının böyük xidmətləri olub. Müstəqillik dövründə ansambl daha böyük uğurlara imza atır. Kollektiv 1997-ci ildə Türkiyənin İsgəndərun, 1998-ci ildə Bayburt şəhərlərində keçirilən Dədə-Qorqud festivallarında uğurla çıxış edir. 2001-ci ildə Misirin paytaxtı Qahirədə XII Beynəlxalq Folklor Festivalında da yüksək sənət nümayiş etdirirlər. Bu gün Şərur rayonunda “Şərur qönçələri” uşaq yallısı, “Gənclər yallısı” və “Nurani yallısı” fəaliyyət göstərir.

Azərbaycanın  əməkdar mədəniyyət işçisi Səttar Əhmədov: “Şərur qönçələri” yallı ansamblı 1998-ci ildən rayon Mədəniyyət Sarayının nəzdində fəaliyyət göstərir. Bu il ansamblın 20 yaşı tamam olur. Kollektivin 30 nəfər üzvü var. 15 oğlan, 15 qız. Repertuarda 20-yə yaxın yallı növü vardır ki, gənclər bu yallıları səylə mənimsəyib, ifa edirlər. 2006-cı ildə “Şərur qönçələri” ilk dəfə olaraq Türkiyənin Qars şəhərində keçirilən 1 nisan Cocuq bayramında uğurlu çıxışlarına görə qızıl medala layiq görülmüşlər. Uşaqların əksəriyyəti 9-13-16 yaş qruplarındadırlar.  “Şərur” Xalq yallı ansamblının 6 nəfər üzvü “Şərur qönçələri”nin  yetirmələridir.

Çalışırıq nəsildən-nəslə bu yallıları yaşadaq, inkişaf etdirək.

Azərbaycan xalqının milli dəyərlərinin və tarixi yaddaşının bərpasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Milli dəyərləri xalqımızın varlığının vacib şərti hesab edən fenomenal şəxsiyyət deyirdi: “Milli dəyərləri olmayan millət həqiqi millət, milli dəyərləri olmayan xalq həqiqi xalq ola bilməz”. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında , yaşayışında formalaşıb. Biz öz milli dəyərlərimizlə fəxr edirik. Milli dəyərlərimiz, onun əsas daşıyıcısı olan xalq yaradıcılığının qorunması, yaşadılması və təbliği sahəsində ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət MR-də bu gün də uğurla davam etdirilir. 2016-cı il sentyabrın 30-da Naxçıvanqala Tarix Memarlıq Muzey Kompleksində “Plov” və “Yallı” festivalları keçirilib. Keçirilən festivallar MR-ın  mədəni həyatında əlamətdar hadisə olub.

Xalqımızın birlik və mübarizlik rəmzi sayılan yallıların təbliği olduqca əhəmiyyətlidir.

Naxçıvan-Şərur el yallıları kitabı da xalq musiqi və xoreoqrafiya incilərinin  qorunub saxlanması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədli: Yallıların əksəriyyəti xalqın süzgəcindən süzülərək indiki dövrümüzə qədər gəlib çıxmışdır. Yallıların indiki dövrdə toplanıb nota salınması işini oğlum Kənan Məmmədli ilə özümüzə vəzifə borcu saydıq və bu yallıları toplayıb nota saldıq.

Biz  92 yallı növü topladıq. Yallının məkanı ilə maraqlandıq, Azərbaycanın əməkdar mədəniyyət işçisi İsgəndər Əliyev və MR-in əməkdar artisti tarzən Zöhrab Axundovun köməkliyi ilə yallıların toplanmasını həyata keçirə bildik. Yallıların əksəriyyət növü Şərur bölgəsində inkişaf edib. Gözəl musiqi və xoreoqrafiya abidəmiz olan yallıları toplayıb kitab halında gələcək nəslə ərmağan etdik. Belə qənaətə gəldik ki, harda yallı varsa, ora oğuz türklərinin torpağıdır.

Kitabda Azərbaycan xalq musiqi janrına aid olan yallılar, həmçinin yallıları müşayiət edən musiqi dəstəsi, bu dəstədə istifadə olunan çalğı alətləri, Şərurda ifa olunan yallılar haqqında məlumat verilmişdir.

Musiqişünas Kənan Məmmədli: Bir çox Azərbaycan bəstəkarları əsərlərində yallıların müəyyən növlərindən istifadə etmişdir. Yallı Şahbuzda bir adda ifa olunubsa, Şərurda digər adda ifa olunmuşdur. Yallının qədimliyi e.əvvələ gedib çıxır. Yallıların nota salınması işində atam Əkrəm Məmmədli ilə birlikdə yallıları qeydə aldıq. Kitab Naxçıvan MR Ali Məclisi Sədrinin təşəbbüsü ilə həyata keçirildi. Bu işi yenə də davam etdirmək niyyətimiz var.

Unutmayaq ki, yallı xalqımızın birlik rəmzidir. Onu qoruyub saxlamaq isə hər kəsin müqəddəs borcudur.

 

İki sahil qəzeti

Adilə Səfərova

Naxçıvan Televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: