Nizami Gəncəvi yaradıcılığında kimya

A- A A+

Xalqımızın mütəfəkkir, filosof şairi, dünya ədəbiyyatının əlçatmaz, ünyetməz zirvələrindən biri olan Nizami Gəncəvi poeziyasında açılmamış səhifələr çoxdur. 12-ci əsr Azərbaycan elmində tətbiqi kimyanın cücərtiləri hiss olunurdu. “Xəmsə”ni dərindən oxuyub düşündükcə bu cücərtilərin təzahür formalarına rast gəlirik. Bu isə böyük şairi kimyadan xəbərdar bir alim kimi tədqiq etməyə imkan verir. Məlumdur ki, kimyanın və ümumiyyətlə təbiət elmlərinin ən böyük qanunlarından biri olan “Maddə kütləsinin saxlanması qanunu” 1748-ci ildə rus alimi Lomonosov tərəfindən kəşf edilib. Təbiətdə baş verən bütün dəyişikliklər nəticəsində bir cisimdən nə qədər maddə ayrılarsa, başqa bir cismə həmin qədər maddə birləşir şəklində ifadə edilib. Dini ideyaların güclü olduğu 12-ci əsrdə Nizami Gəncəvi “İsgəndərnamə” əsərində qətiyyətlə yazırdı:

Torpaqda çürüyən bədənlərimiz

Dağılır, dəyişir, məhv olmur təmiz.

Yerində qalarsa o dağıntılar,

Bir yerə yığılan yenə canlanar.

Cəsarətlə deyilmiş bu fikir “Maddə kütləsinin saxlanması qanunu”nu tam əks etdirir. Canlı orqanizmlərin çürüməsi kimyəvi proses olduğundan, dahi şairin bu qənaətini Lomonosovun kəşfindən daha qiymətli hesab etmək olar. Şair fikrini belə tamamlayır:

Torpağa tökülmüş şeylər tamamən,

Torpaqdan dirçəlib qalxar yerindən.

Bu qanun, həmçinin 1789-cu ildə Fransız alimi Antuan Lavuazye tərəfindən də müəyyənləşdirilib. Elmi əsərlərdə bu qanunun başqa alimlər tərəfindən də təcrübədə təsdiq olunması qeyd olunsa da, bu qanunun ilk dəfə Nizami Gəncəvinin əsərlərində əsaslandırılması haqqında heç bir məlumat yoxdur.

50 ilə yaxındır ki, filosof şairin əsərlərini oxuyub təhlil edirəm. Dəfələrlə araşdırıb qeydlər aparmağıma baxmayaraq, hər dəfə oxuduqca yeni-yeni elmi ideyalarla qarşılaşıram. Nizami dövrünün filosofları dünyanın əmələ gəlməsini 4 ünsürün –torpaq, hava, su və odun vəhdətində görürdülər. Dünyanın əmələ gəlməsi haqqındakı fikirlər mütəfəkkir şairin “Sirlər xəzinəsi” və “İsgəndərnamə” əsərlərində əsaslandırılmış şəkildə verilib. Bu isə o dövrün müasir yunan filosoflarını arxada qoyub.

Maddələrin daha kiçik hissəciklərdən ibarət olması faktı 19-cu əsrin sonu və 20-ci əsrdə tam şəkildə öyrənilib. Maddələrin daha kiçik hissəciklərə parçalanması və parçalanmaqda davam etməsi hamı tərəfindən qəbul olunub. Lakin bunun 8 əsrdən çox müddət əvvəl Nizami Gəncəvi tərəfindən şübhə altına alınması şairin böyük uzaqgörənliyinin nəticəsidir.

O şey ki bizlərə aşikardır,

Orda da gizli bir xəzinə vadır.

12-ci əsrdə elmə 10 kimyəvi element məlum idi. Bu elementlərin bir çox birləşmələri də insanlar tərəfindən istifadə edilirdi. “Xəmsə”də qızıl, dəmir, qurğuşun, mis, qalay, gümüş, sürmə, kükürd kimi elementlərdən bədii vasitə və bənzətmə kimi istifadə edilib.

Qızılı saymaqda bil ki, səhvin var,

Dünyanın gözünü ağıl parladar.

Misə qızıl vurmaq nəyə gərəkdir,

Mis yenə özünü göstərəcəkdir.

“Xəmsə”dəki bir çox bənzətmələrdə civə və onun xassələri bədii təsvir vasitəsi kimi istifadə edilib. Civə maye halında olan yeganə metaldır, parlaqdır, su kimi axıcıdır. Həm zərərli, həm də dərman kimi təsir edən maddədir. “Daranın sərkərdələr tərəfindən öldürülməsi” hissəsində olan bir beytdə oxuyuruq:

Civə tək parlayan polad qılıncdan,

Civə tək qaçardı hər yerdə insan.

“İqbalnamə”sində “İsgəndərlə Sokratın əhvalatı” başlığı altında verilmiş  parçadan bir beyt:

Sokrat verdi ona gümüş tək cavab,

Dedi ki, qulağa tökülməz simab.

Sonuncu misrada verilmiş “simab” civə deməkdir. Şair obrazlı təsviri gücləndirmək üçün kükürd və onun xassələrini də poeziyaya gətirir. “Şərəfnamə”dən bir yarpaq:

Kükürdün tozu tək qupquru çöllər,

Cəhənnəm odu tək yandırdı ciyər.

Və yaxud

Başqa imiş torpağın tərkibi yəqin,

İçində kükürd də varmış o yerin.

Nizami Gəncəvinin  “Xəmsə”si göstərir ki, bir çox xalqlar ibtidai icma həyatı sürdüyü vaxt Azərbaycan xalqı filizlərin yerdən çıxarılmasını, metal emalını həyata keçiribdir. Bütün bunlar isə Azərbaycan xalqının zəngin mədəniyyətə və elmi təfəkkürə malik bir xalq olduğunu sübut edir.

Yunis Quliyev

Şahbuz rayon Kükü kənd sakini

Təqaüdçü müəllim

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: