Bu gün Xalq şairi Məmməd Arazın anım günüdür. “İstiqlal” ordenli Vətəndaş şair 2004-cü il dekabrın 1-də vəfat edib, Bakıda Fəxri xiyabanda dəfn olunub.
NUHÇIXAN İnformasiya Agentliyi şairin qəzəllərini oxucularına təqdim edir:
Artıran söz qədrini…
Biz artıra bilmədik sözün qədrini, ustad!
Əydik də qamış kimi sözün qəddini, ustad!
Yalanı dirək vurduq “göyü saxlamaq” üçün,
İtirdik nəfsimizin sərhəd xəttini, ustad!
Hürənə dəm tutanı yalaq başında gördük,
Həddinə göstərmədik sözün həddini, ustad!
Beş-on çır-çırpı yığdıq “söz çələngi” adında,
Əlimizlə uçurtduq sözün səddini, ustad!
Qoca kimi sızladı, uşaq kimi bağırdı –
Sözün bayramı sandıq sözün dərdini, ustad!
Sözə əhyə vermədik, sözü şeypur elədik:
Biz düzəldə bilmədik sözün qəddini, ustad!
Ağlamasın
Könül sevda əlindən aldısa kam, ağlamasın,
Nəşələnmək dəmidir, təbi-ilham ağlamasın.
Eşq odum dağ əridər, göz yaşım səhranı sular,
Mən ki varam, pərvanə yanmasın, şam ağlamasın.
Mənəm eşq göylərinin bir əbədi sönməz ayı,
Doğacaq, yubansa da, o, bu axşam ağlamasın.
Dost əli ağu töksə badəmə, meydir gətirin,
Almaram yad əlindən meyi-cam, ağlamasın.
Bir gözəlin oxu dəysə, əgər ölsə Məmməd Araz,
Deyin bu səadətdir, gülsün anam, ağlamasın.
***
Al məni dərd əlindən, ey saqi, piyalə gətir,
Dağıdıb qəm dağını könlümü bir halə gətir.
Çox öyünərsə hilal göstəribən qaşlarını,
Təbiət, yaz hüsnünə bənzəyən bir lalə gətir.
Duya bilsən ahımı, qanə dönər sarı-sinəm,
Ey bülbül, bağıma gəl, azca ahu-nalə gətir.
İnsafın varsa, gözəl, bir dəfəyə al canımı,
Az məni ayağına sən sorğu-suala gətir.
Hicranın qucdu məni, qollarınsa özgəsini,
Xəyal olan Arazı barı bir xəyalə gətir.
***
Dedim əhd-ilqar bağlayaq, biilqar istəmədi,
Eşqimin tər çiçəyi soldu da, xar istəmədi.
Dedim: al bu qılınc, bu da canım, öldür, öldür,
Məndən qılınc almağı da o nigar istəmədi.
Bivəfaya könül verdi, bir əğyara yar oldu,
İlk oxu dəycək daşa onu əğyar istəmədi.
Duyub eşqin dadını, sonra dedi: gəl barışaq,
Könül inad elədi, dərilmiş nar istəmədi.
Gör sevda atəşləri nə günə qoydu Arazı,
Kül oldum, canı yoxdu deyə məzar istəmədi.