Azərbaycanın süjetli və portret xalçalarının yaradılmasında Kamil Əliyevin rolu - FOTOLAR

A- A A+

Azərbaycanda toxuculuq sənətinin kökləri çox qədimdir. Toxuculuğun bir növü olan xalçaçılıq sənətinin yaranması və inkişafı, onun uzun təkamül yolu keçdiyindən xəbər verir. Azərbaycanda xalçaçılığın inkişafı orta əsrlərdə bölgələrdə xalçaçılıq məktəblərinin də formalaşmasına gətirib çıxarıb. Bu məktəblərdə bacarıqlı ustalarla yanaşı tərtibatçı rəssamlar da yetişirdi. Xalçaçılıq üzrə tərtibatçı rəssam kimi formalaşan və Azərbaycanda xalçaçılıq sənətinin inkişafında əməyi olan sənətkarlardan biri də Kamil Əliyevdir.

Xalçaçı rəssam Kamil Müseyib oğlu Əliyev 1921-ci il oktyabrın 22-də Qərbi Azərbaycanın (Ermənistan SSR-in) mərkəzi İrəvan şəhərində anadan olub. Hələ kiçik yaşlarından nənəsi Gülsüm xanım və anası Xanımın toxuduğu xalçalar kiçik yaşlı Kamilin bu sənətə gəlməsində böyük rol oynayıb. İlk xalça toxumaq təcrübəsini yaşadığı evdə nənəsi və anasından öyrənən Kamildə bu sənətə yaranan sevgi onu Bakı Rəssamlıq Məktəbinə gətirir və 1936-cı ildə məktəbə qəbul olur.

Kamil Əliyev 3 il məktəbdə “Dekorasiya” şöbəsində təhsil alır və müəllimlərinin məsləhəti ilə “Azərxalça” birliyində eksperimental laboratoriyada köçürücü rəssam kimi işləməyə başlayır. Xalçaçılıq sənətilə yanaşı Kamil Əliyev Bakı Bədii Rəssamlıq Fondunda çalışarkən fil sümüyündən, qızıl və gümüşdən əşyalar da hazırlayır. Onlarla orijinal əntiq əşyaların bədii tərtibatçısı, rəssam-müəllifi K.Əliyev 24 mart 1960-cı ildə bədii sənət üzrə fəxri fərmanına, respublikanın tətbiqi sənət ustası, 7 iyul 1967-ci ildə “Azərbaycan SSR-in əməkdar rəssamı”,1 dekabr 1982-ci ildə Azərbaycan SSR-in xalq rəssamı, 27 dekabr 1999-cu ildə “İstiqlal” ordeni, “Şərəf nişanı” ordeni adına layiq görülür. Xalq dekorativ-tətbiqi sənəti sahəsində gördüyü səmərəli elmi işlərə görə ona professor elmi dərəcəsi verilib.

Xalçaçı rəssam Kamil Əliyev zəngin yaradıcılığı ilə Azərbaycan xalq dekorativ-tətbiqi sənətini yüksəkliklərə qaldıran, xalça sənətinin incəliklərini qoruyub saxlayaraq onu daha da zənginləşdirən, xalçada rəngarəng milli naxışlar, rəng çalarları, müxtəlif kompozisiya və süjetlər yaradan görkəmli bir sənətkardır. Hələ 1930-cu illərdə Bakı rəssamlıq məktəbində oxuyarkən “Azərxalça” birliyində Lətif Kərimov, Qəzənfər Xaliqov, Kazım Kazımzadə və başqa görkəmli sənət adamları ilə birlikdə bacarıqlı ornamental rəssam kimi çalışır.

1939-cu ildə Nizami Gəncəvinin 800 illik yubileyinə həsr olunan süjetli xalçaların toxunmasında fəal iştirak edir. Bu illərdə Lətif Kərimovdan çox şey öyrəndiyini söyləyən Kamil Əliyev Lətif müəllimin onun yaradıcılığına müsbət təsiri olduğunu həyatının sonunadək etiraf edirdi.

1946-cı ildə İkinci Dünya müharibəsindən qayıdan Kamil Əliyev öz sevimli peşəsini davam etdirir. Bir müddət o, Respublika Bədii Fonduna rəhbərlik edir, sonralar Bakı zərgərlik fabrikində direktor vəzifəsində çalışır. Həmin illərdə o, yalnız xalı, parça kimi toxuma mallarında yox, həmçinin qızıl, gümüş və digər materiallarda da özünün mahir bədii tərtibatçı, ornamental rəssam kimi məharətini nümayiş etdirir. 1950-ci illərdən etibarən, Kamil Əliyevin yaradıcılığında süjetli xalıların və portret-xalçaların yaradılması aparıcı mövqe tutur. Bu illərdə sənətkar bir-birinin ardınca yüksək professionallıqla Azərbaycan klassiklərinin, görkəmli dövlət xadimlərinin portretlərini yaradır.

Kamil Əliyev ornamentdən istifadə edərək şair, mütəfəkkirlərin yaradıcılığındakı hisslər və emosiyalar aləmini rəng çalarları vasitəsilə canlandıraraq, tamaşaçının mənəvi dünyasına təsir göstərir.

Kamil Əliyev ilk portret-xalçasını 1958-ci ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyinə həsr edib. Bu xalçanın toxunması ideyası dahi Füzulinin dövlət tərəfindən qeyd edəcəyi 400 illik yubileyi ilə bağlı idi. Xalqımızın tarixi yaddaşından gələn rənglərin, naxışların, mifik obrazların vəhdəti, qüdrəti, kompozisiyanın bədii gücü, estetik-fəlsəfi qayəsi, monumental ruhu xalçanı sənət zirvəsinə yüksəldib. Bu xalçada məhəbbət simvolu olan bülbüllər, çiçəklər çox böyük ustalıqla toxunublar.
​Poeziya vurğunu olan Kamil üçün atdığı ilk müstəqil addım çox uğurlu olur. Sonralar o, Azərbaycanın neçə-neçə şair, dramaturq, ictimai-siyasi xadiminə xalçalar həsr edir. Hətta dünya klassiklərinin obrazlarını canlı olaraq xalça üzərində ilmələrə yatırır. Bu xalçanın təravətli, şux rəngli naxışları Füzuli lirikasının dərinliyini tamaşaçıya çatdırır. Bu xalı xalq sənətimizin qiymətli bir incisi kimi Azərbaycan Dövlət İncəsənət Muzeyinin daimi ekspozisiyasına daxil edilibdir. Kamil Əliyev bu əsərindən bir müddət keçəndən sonra İmaməddin Nəsiminin (1973)  600 illik yubleyinə və Nizami Gəncəviyə (1978) həsr edilmiş xalıları yaradır.

İmadəddin Nəsimi xalçası  üzərinə 700 mindən artıq ilmə vurulubdur.

“Nizami Gəncəvi” xalçasının bədii tərtibatı üzərində işlərkən Kamil Əliyev qədim Quran əlyazması kitabında rast gəldiyi naxış elementlərindən istifadə edir. Rəssam öz əsərində dahi Nizamini ədəbiyyatımızın peyğəmbəri kimi göylərə yüksəldir.

Rəssam bu dahi şairlərimizin hər birinin yaradıcılığına və dünyagörüşünə xas olan cəhətləri xalça sənətinin ifadə vasitələri ilə açmağa səy göstərib və məqsədinə nail olubdur.

Hazırda Bakıda Azərbaycan xalçası muzeyində nümayiş etdirilən Nizami Gəncəvi xalısının iki başqa variantı da var. Onlardan birini müəllif Kiyevdə keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti günlərində özbək xalqına bağışlanıbdır. Kamil Əliyevin portret-xalçalarının ikinci silsiləsi müxtəlif ölkələrin tanınmış siyasət və dövlət xadimlərinə həsr olunubdur.

Daha sonralar toxunmuş “Mirzə Fətəli Axundov” (1978), “Aleksandr Sergeyeviç Puşkin” (1987), “Şota Rustavelli” (1981), “İndira Qandi” (1985), “Rabindranat Taqor” (1987) kimi xalçaların hər birində Kamil Əliyev tərəfindən istifadə edilən fərqli medalyon məmulat üzərində təqdim edilən şəxsin dünyaya baxışları və fəlsəfəsi ilə uzlaşır.

Rəssam Hindistanda yaradıcılıq ezamiyyətində olarkən qədim Şərq ölkəsinin mədəniyyətilə yaxından tanış olur və vətənə qayıtdıqdan sonra uzun müddət İndira Qandinin portret-xalçasının çeşnisi üzərində işləyir. Uzun axtarışlar və hind incəsənətinin incəliklərilə tanış olan müəllif xalçanın tərtibatında Azərbaycan və Hindistan sənəti üçün ənənəvi olan “Buta” ornament motivindən, hindli və azərbaycanlı xalça ustalarının çox sevdiyi tünd-göy rəng çalarlarından özünəməxsus ustalıqla istifadə edib.

Kamil Əliyevin süjetli qalereyasını zənginləşdirən, yeni ruh gətirən şəxsiyyətlər içərisində Azərbaycan üçün önəmli simalar və dünya miqyasında tanınan ictimai xadimlər və siyasətçilərdən Heydər Əliyev (1980, 1998, 2004), İlham Əliyev (1997), Məmmədəmin Rəsulzadə (1989), Mustafa Kamal Paşa Atatürk (1991, 1996), Turqut Özal, Süleyman Dəmirəl (1994), B.Yeltsen (1996), Bill və Hillari Klinton (1997) və çoxlu burada adları çəkilməyən tanınmış şəxsiyyətlər var.

Xalçaçı rəssam Kamil Əliyevin yaratdığı türk xalqının böyük oğlu Atatürkün portret-xalısı tam başqa ovqatlı bədii üsluba malikdir. Bu portret-xalı Kamil Əliyevin ən böyük sənət uğurlarından sayılır.

Kamil Əliyevin böyük əsərlərindən biri də 1999-cu ildə Azərbaycanın böyük dövlət xadimi Heydər Əliyevə həsr etdiyi xalıdır. Bədii xüsusiyyətləri ilə seçilən bu əsərdə Kamil Əliyev Heydər Əliyevi ölkənin Ali Baş Komandanı kimi general libasında portret xalçasını yaradıb. İctimaiyyət arasında böyük rəğbətlə qarşılanan Heydər Əliyevin portret xalçası rəssamın Ulu öndərimizin 75 illiyinə həsr etdiyi hədiyyə idi. Heydər Əliyevin portretini əks etdirən xalı Naxçıvan Dövlət Xalça Muzeyində sərgilənməklə yanaşı, müzeyin də ən dəyərli portret janrında toxunmuş xalılarındandır.

Portret təsvirli xalılar, adətən, “Türkbaf” ilməsi ilə toxunur. Bu da rəsmin dəqiq, real təsvirini təmin edir. Bu xalılar çox sıx toxunması ilə də səciyyəvidir. Texniki cəhətdən portret xalçaçılığı yüksək professionallıq tələb edir. Bütün bunlar xalçalardakı portretlərin orijinala oxşamasına da böyük təsir göstərir.

Kamil Əliyev yaradıcılığının əsasını Təbriz elit rəssamlıq məktəbi və Bakı məktəbinin xovlu xalça toxunuş üslubu təşkil edir. Bu kübar əsərlərin ərsəyə gəlməsində də müəllif bədii və texnoloji üslubuna görə əsasən iki təməlli örnəkdən bəhrələnir. Onlar ən birincisi kompozisiya quruluşu, əyrixətli ornamental üslub, keyfiyyətli sıx toxuma texnikası baxımından və süjetli xalçaların daha çox üstünlük təşkil etdiyi klassik Təbriz xalçalarına və kolorit həllindəki incə, yumşaq tonlara görə Bakı xalça məktəbinə daha yaxındır. Özünün də etiraf etdiyi kimi Kamil Əliyev qızılı rəngi çox sevirdi. Bu rəng onun gözündə bütün rəng çalarlarına yaraşıq verirdi. Bu rəngin müxtəlif tonlarına ilk əvvəl miniatur kitablarında rast gələn rəssam o effekti xalçalar üzərində də qazanmağa nail olubdur.

​Kamil Əliyev yaradıcılığının diapazonu çoxşaxəlidir. Onun yaratdığı xalçalar, şübhəsiz ki, yüksək sənət əsərləri zirvəsinə ucalıblar. O, Azərbaycan incəsənətini yüksəklərə qaldıran, onu öz əsərləri ilə daha da zənginləşdirən görkəmli şəxslərdən biridir. Rəssamın əsərləri Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və başqa şəhərlərin nüfuzlu muzey və qalereyalarında nümayiş etdirilibdir.

1 mart 2005-ci ildə dünyasını dəyişmiş Kamil Əliyev Azərbaycanın dəyərli sənətkarlarından biri olmaqla yanaşı Azərbaycan xalçaçılıq sənətinin, süjetli, əsasən də portret janrında toxunan xalçaların yaradılmasında iştirak edən dəyərli sənətkarlarımızdandır.

                                                                          Gülnarə Qənbərova

                                               Naxçıvan Dövlət Universiteti “Memarlıq” kafedrasının dosenti,

 memarlıq üzrə fəlsəfə doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: