Almaniyanın “Vostok” jurnalında dahi şairimiz Nizami Gəncəviyə həsr olunmuş məqalə dərc edilib

A- A A+

2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” və dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planına uyğun olaraq, dahi şairimiz və mütəfəkkirimizin həyat və yaradıcılığına dair Almaniyanın kütləvi informasiya vasitələrində məqalələrin dərc edilməsi istiqamətində Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən işlər davam etdirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Almaniyada nəşr olunan “Vostok” jurnalında “Nizami Gəncəvi – 880 ildən bəri canlı” adlı məqalə (məqalə 2021-ci ilin birinci yarısında hazırlanaraq jurnalın redaksiyasına təqdim edilib, bu jurnalın payız-qış buraxılışında isə işıq üzü görüb) dərc olunub.

Məqalənin müəllifləri səfirliyimizlə sıx əməkdaşlıq edən filologiya elmləri doktoru, Almaniyanın Potsdam Universitetinin professoru Vilfrid Furman və Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, mərhum akademik Çingiz Qacardır.

Məqalədə Nizami Gəncəvinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilir. Bildirilir ki, Nizaminin əsərlərində işıqlandırılan mövzular hər zaman aktuallığını qoruyur. Onun əsərləri bir növ Azərbaycan folklorunun ensiklopediyası kimi xarakterizə edilə bilər.

Nizaminin demək olar ki, indiki humanist ideyalarımızda düşündüyünü və onun yaradıcılığının bir çox sahələrdə, xüsusən də təsviri və dekorativ yaradıcılığa təsir etdiyini görmək olar.

Nizami təkcə fəlsəfi yox, həm də siyasi şairdir. Onun niyyəti bir müəllim kimi “didaktik” hekayələr vasitəsilə hökmdarı da, xalqı da tərbiyə etmək idi.

Nizamini Höte ilə müqayisə edən müəlliflər bildirirlər ki, Nizami və Höte həm təbiət elmləri, həm də humanitar elmlərdə eyni dərəcədə maraqlı və bilik yönümlü idilər. Hər ikisi həmişə daha dərin, “ilahi” bilik axtarırdılar.

Onlar diqqətə çatdırırlar ki, Nizami öz yaradıcılığı ilə Azərbaycanın milli-mədəni sərvəti olmaqla yanaşı, eyni zamanda millətlərüstü və dünya miqyaslı şəxsiyyətdir.

Məqalədə eyni zamanda 2021-ci ildə Azərbaycanda və dünyanın bir çox ölkələrində şairin 880 illik yubileyinin qeyd olunduğu vurğulanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: