Milli Məclisin dekabrın 14-də keçirilən plenar iclasında “Turizm haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Turizm haqqında” qanun layihəsi bütövlükdə, turizm sənayesi subyektləri üzərində ağır öhdəliklər yaratmadan turizm bazarının tənzimlənməsinə, turizm sahəsində sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, ölkənin turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və turist məmnunluğunun təmin edilməsinə istiqamətlənib. Beş fəsil, 22 maddədən ibarət layihədə əsas anlayışların mənaları verilib, turizmin forma və növləri, bu sahədə qanunvericiliyin çərçivəsi öz əksini tapıb, turizm sahəsində dövlət siyasətinin əsas istiqamətlərinə, vəzifələrinə aydınlıq gətirilib. Layihədə dövlətin üzərinə turizm sahəsində əlverişli investisiya mühiti yaratmaq, sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını genişləndirmək və rəqabətin məhdudlaşdırılmasının qarşısını almaq, turizm sənayesi subyektlərinin və turistlərin hüquqlarını, qanuni maraqlarını qorumaq kimi bir sıra öhdəliklər qoyulub. Layihədə turizmin xidmət keyfiyyətinin yüksəldilməsi, turizm iştirakçıları, onların etik davranış qaydaları, reyestrdə qeydiyyatı, hüquq və vəzifələri, təhlükəsizliyi, turizm vizalarının verilməsi kimi mütərəqqi yeniliklər təsbit edilib, turizm sahəsinin maliyyə mənbələri açıqlanıb.