Bu gün Xalq rəssamı Səttar Bəhlulzadənin doğum günüdür - FOTOLAR

A- A A+

Azərbaycan təsviri incəsənət tarixində doğma təbiətin gözəlliklərini tərənnüm edən sənətkarlar az olmamışdır. Azərbaycan mənzərəsinin füsunkar gözəlliyini öz əsərlərində əks etdirən yaradıcı sənətkarlar sırasında Behzadın, Soltan Məhəmmədin, Bəhruz Kəngərlinin adları çəkilə bilər. Həssas sənətkar qəlbinə malik olan bu rəssamlar öz incə təsvirlərilə insanda təbiətə qarşı böyük məhəbbət hissi yatmağa qadir olmuşlar. Elə buna görə də onların əsərləri xalqın, qədirbilən tamaşaçıların, oxucuların və dinləyicilərin şüurunda, qəlbində dərin iz salaraq əbədi yaşayır, xalqın mənəviyyatında, bədii yaradıcılığında, estetik təkamülündə mühüm rol oynayır. Bu mənada Xalq rəssamı Səttar Bəhlulzadənin ölməz irsi təsviri sənətimizdə yeni və unudulmaz səhifələr yaradıb. O, doğma təbiətimizi tərənnüm edən istedadlı mənzərə ustalarımızdan biridir. Öz vətəninin gözəlliklərinə valeh olan bu rəssam Azərbaycan təbiətinə həsr edilmiş yüzlərlə mənzərələr çəkib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasından 112 il ötür.

Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu ildə Bakının Əmircan kəndində anadan olub. Orta təhsil aldıqdan sonra o, 1927-1931-cı illərdə Azərbaycan Rəssamlıq Məktəbində oxuyub. İstedadlı gənc rəssam yaradıcılığa o dövrdə artıq yaxşı tanınan və sevilən rəssam Əzim Əzimzadənin rəhbərliyi ilə “Kommunist” qəzetində başlayıb. 1931-1933-cü illərdə qəzetdə onun müasir məzmunlu ilk karikaturaları çap olunub. Lakin ustadı ona qabiliyyətini boyakarlıqda sınamağı, bunun üçünsə təhsilini davam etdirməyi məsləhət görüb.

Beləliklə, gənc Səttar Moskvaya yollanır və Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olur. Burada o, 1933-1940-cı illərdə məşhur rəssamlar V.A.Favorski və Q.M.Şaqalın rəhbərliyi altında ümumən rəssamlıq sənətini, o cümlədən də boyakarlığın sirlərini öyrənir. Vətənə qayıdar-qayıtmaz rəssam faşist Almaniyasının SSRİ-yə hücuma keçməsi xəbərini eşidir. Respublikamızın elm və mədəniyyət xadimləri ilə birlikdə, Azərbaycan rəssamları da bu dövrdə bütün qüvvələrini xalqımızı qələbəyə ruhlandıran sənət əsərləri yaratmağa sərf edirlər. Siyasi-təşviqat plakatları çəkir, səyyar rəsm sərgiləri yaratmaq sahəsində yorulmaq bilmirlər. Vətən müharibəsi, yadelli qəsbkarlara nifrət rəssamlarımızın əsas movzuları idi. 1941-1945-ci illərdə Səttar Bəhlulzadə “Babək üsyanı”, “Fətəli xan” əsərlərini çəkir. Bu əsərlərdə o, torpaqları uğrunda canlarını fəda etməyə hazır olmuş tarixi şəxsiyyətləri təsvir edib. “Bəzz qalasının müdafiəsi” lövhəsi boyaların ahəngi, koloritin dürüstlüyü ilə fərqlənir, eyni zamanda vətən torpağına məhəbbət hissi aşılayır. Müharibədən sonrakı illərdə Səttar Bəhlulzadənin yaradıcılığında təbiət təsvirlərinə meyil getdikcə güclənir, o, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlayır. 1946-1947-ci illərdə respublika bədii sərgilərində rəssamın Abşeron etüdləri – “Buzovnada neft mədənləri”, “Əmircan”, “Bakıda atəşfəşanlıq” və s. əsərləri nümayiş etdirilir.

Tənqidçilər yeni üslubda işləyən istedadlı rəssamın getdikcə daha artıq püxtələşdiyini qeyd edirlər. Səttar Bəhlulzadə təəssürat rəssamıdır. O, təbiətin zəngin boyalarından, günün müxtəlif çağlarından, ilin fəsillərindən aldığı təəssüratları Səttar Bəhlulzadə yalnız ona məxsus xüsusi məharətlə verə bilirdi. Onun “Qədim atəş”, “Odlu torpaq”, “Əbədi məşəllər”, “Abşeron tağı” mənzərələrində fərdi təəssüratdan doğan lirik hisslər, həyəcanlar həlledici rol oynayır.

Azərbaycanımızın müxtəlif rayonlarını qarış-qarış gəzən rəssam bir çox təbiət mənzərələri yaradıb. Rəssamı ilhama gətirən təbiət motivləri rəngarəngdir. O, səfalı dağ mənzərələrini, meyvə bağlarını, bərəkətli pambıq tarlalarını, baharın gözəlliyini, payızın qızılı rənglərini dönə-dönə, hər dəfə də vurğunluqla tərənnüm edib. “Doğma düzənliklər”, “Gölməçələrdə ördəklər” şairanə mənzərələrində Lənkəranın təbiətini əks etdirən rəssam “Yuxarı Daşaltı”, “Cıdır düzü”, “Dumanlı dağlar”, “Yaşıl xalça” lövhələrində Qarabağın səfalı yerlərini fırçasının möcüzəsi ilə kətan üzərində canlandırıb.

Müşahidəçi rəssam hər dəfə yeni-yeni mənzərə motivləri tapır, təbiətin gözəlliklərini insan əməyi ilə əlaqələndirirdi. Bu mənada rəssamın Abşeron təbiətinə həsr etdiyi “Neft daşları” mənzərə silsiləsi onun yaradıcılığında xüsusi yer tutur. Həmin silsilə Xəzərdə salınmış əfsanəvi neft şəhəri haqqında poetik təsəvvür yaradır. Bəhlulzadənin gərgin yaradıcılıq axtarışlarınm məhsulu olan “Xəzər gözəli”, “Suraxanı atəşgahı”, “Əfsanəvi torpaq” əsərlərində rəssam tədricən rəng palitrasını zənginləşdırmis, koloritin dekorativliyinə nail olmuşdur. “Xəzər üzərində axşam” mənzərəsi rəssamın geniş şöhrət qazanmış əsərlərindəndir. Mavi, gümüşü dumanlar arasından göy dənizin səthı üzərində yüksələn əfsanəvi estakada və neft buruqları sanki zühur edir.

Bu qəribə mənzərə təbiətin sənaye ilə vəhdətini göstərən şairanə nəğmə kimi səslənir. Səttar Bəhlulzadənin lirik, poetik mənzərələr ustası olmasını 1947-1953-cü illərdə yaratdığı “Qudyalçay sahili”, “Qudyalçay vadisi”, “Qızbənövşəyə gedən yol”, həmçinin “Kəpəzin göz yaşları”, “Vətənimin baharı”, “Azərbaycan nağılı”, “Şahnabat”, “Naxçıvan. Axşamçağı Ordubad bağlarında” mənzərələri birmənalı şəkildə təsdiqlənib. O, real mənzərə motivlərini rəssam təxəyyülünün məhsulu olan şərti təsvir formaları ilə əlaqələndirməyi bacarıb.

Mənzərələrin koloritində açıq rənglərin vəhdəti (ağ, mavi, çəhrayı, yaşıl və s.) əsas yer tutur. “Muğanda bahar”, “Bağlar arasında”, “Çiçəklənən torpaq”, “Torpağın arzusu”, “Nağıl” və s. əsərlərində doğma torpağa və onu dəyişdirən zəhmət adamlarına hədsiz məhəbbət elə ilk baxışdaca aşkar duyulur.

Məhsuldar fəaliyyətinə və yüksək sənətinə görə Azərbaycan SSR Əməkdar incəsənət xadimi, Azərbaycan SSR Xalq rəssamı fəxri adlarına layiq görülmüş rəssama 1972-ci ildə yekdilliklə Azərbaycan SSR Dövlət mükafatı verilib. O, iki “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif edilib. Səttar Bəhlulzadənin tabloları respublika, ümumittifaq, habelə rəssamın fərdi sərgilərində göstərilib, Əlcəzair, Misir, Livan, Suriya, Tunis, Norveç, Almaniya, Çexiya, Bolqarıstan, Macarıstan, Rumıniya, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və s. ölkələrdə keçirilən sovet təsviri sənəti sərgilərində nümayiş etdirilib. 1964-cü ildə Praqada onun qrafika əsərlərindən ibarət fərdi sərgisi təşkil olunub.

Görkəmli rəssam, müasir Azərbaycan boyakarlıq sənətində mənzərə janrının yaradıcılarından və ən böyük ustadlarından biri Səttar Bəhlulzadə 1974-cü ildə Moskvada vəfat edib, Əmircana gətirilərək doğma kəndində dəfn olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: