Qədim diyarımız zəngin musiqi mədəniyyəti tarixinə malikdir

A- A A+

Hər bir xalqın zəngin musiqi mədəniyyəti onun milli-mənəvi sərvətidir. Tarixə nəzər salsaq, görərik ki, bəzi xalqlar musiqinin qeyri-adi gücə malik olduğuna və Tanrı tərəfindən insanlara bir lütf olaraq göndərildiyinə inanıblar. Musiqi dilləri fərqli olan xalqların tək ortaq dilidir. Bir sözlə, musiqi, həqiqətən də, ruhumuzun qidasıdır. Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi: “Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz”.

Dünyada zənginliyi ilə fərqlənən Azərbaycanın musiqi mədəniyyəti çoxəsrlik inkişaf yolu keçib. Bu inkişafın göstəricisi olaraq bu gün Azərbaycan musiqisi qitələr dolanır və sevilir. Musiqimizi inkişaf etdirən, qoruyan, özündən sonrakı nəsillərə ötürən sənətkarlarımızdan biri – Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, ustad tarzən Zöhrab Axundovla həmsöhbət olduq. Onunla Naxçıvanda milli musiqimizin dünənindən, bu günündən, bu qədim diyarda yaşamış və fəaliyyət göstərmiş sənətkarlar haqqında danışdıq. – Zöhrab müəllim, ilk olaraq Naxçıvanda milli musiqinin inkişaf tarixindən, musiqi mühitinin formalaşmasından söhbət açmanızı istərdim.

– Milli musiqimiz Azərbaycanımızda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda çox qədimdən inkişaf edən bir mədəniyyət sahəsidir. Ümumiyyətlə, burada milli musiqinin inkişafı, xüsusilə ilk musiqi məclislərinin, musiqi mühitinin formalaşması XVIII-XIX əsrlərə təsadüf edir. Artıq XIX əsrin sonu, XX əsrin birinci yarısında burada musiqi mühitini formalaşdıran xanəndə və sazəndələr yetişmişdi. Onlardan Məşədi Əsəd, Məşədi Həsən, Məşədi İsmayıl, Sarı Heydər və İdris Nağıyevin adları xüsusi qeyd olunmalıdır. Mənim müəllimlərim o zaman bu sənətdəki ustadlardan Məşədi Həsənin “Heyratı”, Məşədi İsmayılın “Qatar” və “Şahnaz”, İdris Nağıyevin “Şur” muğamları oxumaları haqqında heyranlıqla danışardılar. Onların o dövrdəki fəaliyyəti bugünkü gənc musiqiçilər üçün bir məktəbdir. Yaxşı haldır ki, dövrümüzdə həmin sənətkarların yaratdıqları irsə dönə-dönə müraciət olunur. – Həmin dövrdə musiqi məktəbləri olmadığı halda belə sənət adamları necə yetişirdi? – Qeyd etdiyim sənət adamlarının vaxtilə təşkil etdikləri ədəbi məclislər həm yeni nəsil xanəndə və sazəndələrin yetişməsinə səbəb oldu, həm də musiqimizi inkişaf etdirdi. Məclis iştirakçıları yaşından asılı olmayaraq, yeni yaranan şeir, nəsr nümunələrini bir-birinə oxuyur, məsləhətləşir, xanəndə və sazəndələr oxuduqları yeni mahnıları, muğamları məclis iştirakçılarına təqdim edir, bir-birlərinin tövsiyələrini dinləyirdilər. Həmin vaxtlarda məclislərin fəaliyyət göstərməsi musiqinin inkişafına təkan verir. Bir müddət sonra Eynəli bəy Sultanovun təşkilatçılığı ilə Naxçıvanda xalq teatrı yaradılır, bununla da, incəsənətin inkişafı yeni mərhələyə qədəm qoyur. XIX əsrin 20-ci illərindən başlayaraq burada dərnəklər təşkil edilir. Dərnəklərdə müəyyən ixtisaslar üzrə dərslər keçilir. Bir çox sənətkarlarımız məhz o dərnəklərdən bəhrələniblər. Bundan əlavə, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin Naxçıvanda fəaliyyət göstərməsi də burada musiqinin inkişafında həlledici rol oynayıb. Böyük sənətkar burada olduğu müddətdə ətrafına musiqiçilər toplayaraq ilk ifaçı qrup yaratmağa nail olur. Bir az öncə qeyd etdiyim dərnəklərdən bəhrələnmiş Adil Kəngərli, Mansur Sultanov, Əli Şərifov, Məmməd Sultanov, 30-cu illərdə isə bu musiqiçilərin davamçısı kimi Tapdıq Hüseynov, Yusif Şeyxov, Səfər Rəcəbov olublar. – Bəs Naxçıvanda musiqi məktəbləri nə vaxtdan fəaliyyətə başlayıb? – Bu təşəbbüs də məhz dahi bəstəkarımız Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Belə ki, 1937-ci ildə onun xeyir-duası ilə Naxçıvan şəhərində musiqi məktəbi yaradılır. Məktəbin fəaliyyətə başlaması inkişafa yeni qapılar açır. Burada bacarıqlı və istedadlı tarzənlər, xanəndələr, bəstəkarlar yetişir. Onlar sırasında Nəriman Məmmədovu, Ramiz Mirişlini, Əkrəm Məmmədlini, Yaşar Səfərovu, Nazim Quliyevi, Nazim Kazımovu, Həsənağa Qurbanovu, Şəmsəddin Qasımovu, Zeynalabdin Babayevi, Əbülfət Babayevi misal göstərə bilərəm. Düzdür, artıq həmin sənətkarların bir çoxu aramızda yoxdur, ancaq onlar sənət dünyamızda həmişə yaşayacaqlar. Mən bu sadaladığım sənətkarların içərisində, xüsusilə Əkrəm Məmmədlinin adını qeyd etmək istəyirəm. Çünki Əkrəm müəllim, həqiqətən də, milli musiqimiz üçün çox böyük işlər görüb. Onun ayrı-ayrı illərdə müxtəlif nəşriyyatlarda işıq üzü görmüş “Tar üçün etüdlər”, “Tar üçün qamma və etüdlər”, “Azərbaycan muğamları” tədris vəsaitləri təhsil müəssisələrimizdə tədris olunur. – Naxçıvanda həmin illərdə ürəkaçan məqamlardan biri də xalq çalğı alətləri orkestrinin, daha sonra “Araz” Mahnı və Rəqs Ansamblının yaradılması olub. İstərdim həmin kollektivlərin yaranma tarixindən də söhbət açasınız. – 1959-cu ilə qədər Naxçıvandakı bütün ansambllar ictimai əsaslar üzrə fəaliyyət göstəriblər. O vaxt xalq çalğı alətləri orkestrinə mərhum Məmməd Cavadov rəhbərlik edirdi. O həm bəstəkar, həm də müəllim kimi fəaliyyət göstərirdi. Sonra bu orkestrlə yanaşı, müxtəlif ansambllar da fəaliyyətə başlayıb. Bu musiqi kollektivlərindən biri də “Araz” Mahnı və Rəqs Ansamblıdır. Bu orkestr və ansamblın tərkibində Vahid Axundov, Kamil Abdullayev, Yusif Şeyxov, Ənvər Hüseynov, Məmməd Ramazanov, Zərqələm Cavadova, Rəfail Səmədov kimi dəyərli sənətkarlarımız çıxış ediblər. Naxçıvan musiqisinin ən önəmli hadisələrindən biri də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci ildə orta ixtisas musiqi məktəbi, yəni indiki Naxçıvan Musiqi Kollecinin yaradılması idi. Daha bir önəmli fakt isə odur ki, artıq Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsinin fəaliyyətə başlaması diyarımızda musiqi mədəniyyətinin inkişafına davamlı maraq göstərilməsinin ifadəsidir. Bu da qürurvericidir ki, muxtar respublikanın musiqi təhsili verən bütün məktəblərində çalışan müəllimlərin böyük əksəriyyəti musiqi təhsillərini məhz Naxçıvanda alıblar. – Milli musiqimizin bu günündən də danışaq. Belə bir deyim var ki, musiqi, muğamat hər yeniliyi qəbul etməz. Bu gün yenilik axtaran gənc nəslin fəaliyyəti sizi qane edirmi? – Bu gün doğma Naxçıvanımızda musiqi mədəniyyəti öz çiçəklənmə dövrünü yaşayır. Hərtərəfli dövlət qayğısı hər il Naxçıvan musiqi mədəniyyəti və incəsənətinə yeni-yeni uğurlar gətirir. Ölkəmizdə keçirilən müxtəlif festivallar, muğam müsabiqələri, beynəlxalq musiqi yarışmaları sadalananların sübutudur. Həmin tədbirlərdə naxçıvanlı musiqiçilərin, xanəndələrin iştirakının təmin olunması diqqət mərkəzində saxlanılır. Son illər dövlətimizin bu sahəyə qayğısı nəticəsində Naxçıvanın ən ucqar dağ kəndlərindən başlayaraq rayon mərkəzlərinədək yeni musiqi məktəblərinin, mədəniyyət evlərinin inşasını, onların müasir maddi-texniki baza ilə təmin olunmasını görəndə insanın ürəyi dağa dönür. Bunun müqabilində gənclərimiz də daim axtarışdadır və yaşlı sənətkarlar onların etdikləri yenilikləri həmişə dəstəkləyirlər. Həyata keçirilən məqsədyönlü tədbirlər bu gün də doğma Naxçıvanımızda bəstəkarlar, xanəndələr, sazəndələr, bir sözlə, Azərbaycan musiqisini zirvələrə aparan musiqiçilər yetişdirməyə imkan verib.

Pərviz HACILI

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: