Qubadlı rayonu haqqında Vikipediyada özbək dilində bölmə istifadəyə verilib

A- A A+

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə 27 il Ermənistanın işğalı altında qalan və Azərbaycan Ordusunun apardığı Vətən müharibəsi nəticəsində azad olunan Qubadlı rayonu haqqında özbək dilində bölmə istifadəyə verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bölmədə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonuna aid olan, Azərbaycanın Qərb qapısı Qubadlı rayonu haqqında geniş məlumatlar öz əksini tapıb.

Məlumatda Qubadlı toponiminin eyniadlı qəbilənin adı ilə bağlı olduğu vurğulanır, 1823-cü ilə aid mənbəyə görə, Qarabağ xanı İbrahimxəlil xanın kəndə məxsus torpaq sahəsini pulla satın alaraq qardaşı Mehdiqulu xana bağışlayıb, Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsindən sonra viranə qalmış kəndi rus generalı P.S.Kotlyarevskinin göstərdiyi xidmətin müqabilində Hacı Ağalar bəy adlı birinə verdiyi qeyd olunub. Sonradan isə zəmanəsinin görkəmli şəxsiyyəti olan Qarabağ xanı Pənahəli xanın uzaqgörən siyasəti sayəsində Zəngəzurun ayrılmaz hissəsi kimi Qarabağ xanlığının idarəçiliyinə verildiyi yazılır.

Bölmədə Qubadlı adının Şirvanşah Şeyx İbrahim Dərbəndinin babasının adı Keyqubadın adı ilə bağlı mülahizələrə də yer verilir.

1933-cü ildə Azərbaycanın inzibati–ərazi vahidi olaraq rayon kimi təşkil olunan Qubadlının tərkibində 1 şəhər, 93 kəndin mövcud olduğu, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1993-cü ildə Qubadlının işğal edildiyi, rayonun şəhər və kəndlərinin tamamilə dağıdıldığı və bütün infrastrukturun, çoxsaylı tarixi abidənin məhv edildiyi bölmədə öz əksini tapıb.

Yaradılan məlumat mənbəyində Birinci və İkinci Qarabağ müharibələri, Azərbaycan Ordusunun apardığı qalibiyyətli hücum nəticəsində 2020-ci il 25 oktyabr tarixində Qubadlının Ermənistanın işğalından azad olunduğu bildirilir, Zəngəzur bölgəsinin ən qədim yaşayış məskənlərindən biri olan Qubadlı rayonunun tarixi abidələrinə nəzər salınır. Rayonun Balahəsənli kəndində IV əsrə aid “sığınacaq”, Gavur dərəsində isə ilk orta əsrə aid mağara-məbəd, Muradxanlı kəndində V əsrə aid Qala, habelə tarixi məqbərələr, məscidlər, körpülər, qəbiristanlıqlar və türbələr haqqında məlumat verilir.

Bölmədə Qubadlının tarixi şəxsiyyətləri, rayona aid fotoşəkillər və xəritələr verilib. Xüsusi ilə İkinci Qarabağ müharibəsi zamanı Qubadlı uğrunda gedən döyüşlər, Vətən uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov haqqında məlumatlar yer alıb.

Qeyd olunur ki, 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri Ermənistanın işğalından azad edilib. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qubadlıya səfəri və bu haqda fotoşəkillər yaradılan bölmədə öz əksini tapıb.

Vikipediya Ensiklopediyasında yaradılan Qubadlı rayonu haqqında özbək dilində bölmə ilə bu linkdə- https://uz.wikipedia.org/wiki/Gubadli_tumani tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: