Onun şeirləri vətən nəğməsidir

Nəğməkar şair, gözəl drammaturq İslam Səfərli

A- A A+

Naxçıvan çayının sol sahilində bir kənd var. Azərbaycan ədəbiyyatının nəğməkar şairi kimi tanınan İslam Səfərli 98 il bundan öncə fevralın 12-də bu kənddə dünyaya göz açdı. Babək rayonunun Şəkərabad kəndində…

Alnına şərəfli, lakin çətin olan enişli-yoxuşlu bir şair ömrü yazıldı onun. Babək rayon Şəkərabad kənd yeddiillik orta məktəbini bitirdikdən sonra atası Əhməd kişi ailəsi ilə birlikdə Naxçıvan şəhərindəki Sarvanlar məhəlləsinə köçdü. Əhməd kişi bu şəhərdə  mühasib işlədi. Balaca İslam isə 1 nömrəli məktəbdə oxudu. O məktəb ki  bu gün elə şairin adını daşıyır.

1941-ci ildə orta məktəbi bitirən İslam Səfərli gecə-gündüz imtahanlara hazırlaşır, 1941-ci ildə Azərbaycan Pedaqoji Universitetinin Naxçıvan filialına daxil olur. Еlə təzəcə ədəbi aləmdə tanınır ki, müharibə başlayır. İkinci Dünya Müharibəsinin başlaması onun böyük arzularını alt-üst edir, kövrək qələmini süngü əvəzləyir.

Şair əsgər şineli geyir, 416-cı atıcı diviziyasında kəşfiyyatçı olur, Şimali Qafqaz, Krım, Ukrayna, Pribaltika cəbhələrində döyüşür. Cəbhədə bərkiyir, sifətindəki uşaqlıq təbəssümləri silinir. Sonralar müharibənin onun hafizəsində buraxdığı dərin izlərin təsirindən “Ordumuza ithaf”, “Ədəbi gənclik”, “Onüçlər”, “Əmin ol, ata!”, “Qoşa söyüd”, iki dəfə Sovet İttifaqı qəhrəmanı adını almış tank qoşunları qvardiya general-mayoru, mərd Azərbaycan oğlu Həzi Aslanovun əziz xatirəsinə həsr etdiyi “Təzə çiçəklər”, “Üçüncü hərb istəmirik” kimi şeirləri yaranır. Saçlarımda gümüş tozu,

Masam üstə, iki hərbdə yazı-pozu.

О günlərdən ürəklərdə xal qalıbdır,

Gözümüzdə həsrət adlı yol qalıbdır.

O yol gedib oğullarla,

Bir də görən о yollarla,

Dönəcəkmi Novruz dayı?

Qohum, qardaş, əmi, dayı?

Ürəyimə olub qənim,

Həsrət məni didə bilər.

Əsgər yaşlı oğlum mənim

Gedə bilər, gedə bilər!

Nişanlı qız durub yalqız,

Eşitməsin top səsini.

Qoy analar, qoy atalar,

Yaysın qəzəb nəğməsini.

-Birincidə

Ağır həyat sürmüşük biz,

-İkincidə

Min bir dəhşət görmüşük biz,

Biz poladıq, indi daha tunc olmuşuq,

Biz poladıq, Üçüncü hərb istəmirik...

Müharibə mövzusu İslam Səfərlinin poemalarında da öz əksini tapıb. Şair-dramaturqun “Yaralı nəğmə”, “Çex qızının məhəbbəti” kimi poemalarında İkinci Dünya müharibəsində qəhrəmanlıqla vuruşan və zəfərlər qazanan oğullarımızın igidliklərindən söhbət açılır. Şair təxəyyülünün deyil, özünün keçdiyi döyüş yolunun qanlı-qadalı günlərinin, aylarının, illərinin acı xatirələri olan bu poemalarda sabaha nikbinlik, cəsurluq, torpağa, Vətənə sevgi, daim irəli, qələbəyə sarı addımlayan anlar təsvir olunub. Qafqazdan tutmuş Ukrayna və Pribaltikaya qədər şərəfli döyüş yolu keçmiş İslam Səfərli bu poemalardakı hadisələri təbii bir şəkildə açıb göstərə bilib. Çünki buradakı hadisələr müharibə zamanı özünün gördüyü, üzləşdiyi hadisələrdir və bu hadisələr hər bir zaman lent kimi onun gözləri önündən keçib. Müharibə bitir və İslam Səfərli ədəbi aləmə qayıdır. Doğma torpaq onu qəhrəman kimi qarşılayır. Ana qucağı necə də isti olurmuş. Ana nəvazişi necə də gözəl imiş. O, soyuq qış günlərində səngərin bir küncünə qısılıb şeir yazanda da, əlində qumbara düşmən tankının üstünə tərəf sürünəndə də, Şimali Qafqazdan Pribaltika ellərinə kimi döyüşə-döyüşə qələbə notlarını çalanda da, sinəsini orden və medallar bəzəyəndə də hər an gözü yollara dikili qalan anasını düşünmüşdü. İndi evlərində, ata-anasının, bacı-qardaşlarının yanında idi. Anaya, Vətən torpağına olan məhəbbəti döyüşlərdən sağ-salamat çıxarmışdı şair İslam Səfərlini.

Azərbaycanın ayrılmaz hissəsi olan qədim Naxçıvan torpağı şairin doğulduğu, boya-başa çatdığı, həyatı qədər sevdiyi bir diyardır. Məhz buna görədir ki, İslam Səfərli yaradıcılığı bu torpağı məhəbbətlə tərənnüm edib, neçə-neçə gözəl şeirlər ərsəyə gətirib. O, Azərbaycan poeziyasında həm də Naxçıvan şeir silsiləsinin görkəmli yaradıcısı kimi qəbul olunur. İslam Səfərlinin Naxçıvan mövzusunda yazılmış 30-dan çox şeirində bu ecazkar yurdun özünəməxsusluqları, bütün incəlikləri öz əksini tapıb. Şair “Xal-xal meşəsi” şeirində yazır:

Vayxır çeşməsinin suları bumbuz,

Buluddan Ay çıxdı, taladan ulduz.

Bir az da aşağı düşdü yolumuz

– Gəldi qulağıma quşların səsi,

A Xal-xal meşəsi,

Xal-xal meşəsi!..

Demirəm, uca bir dağ belindəsən,

“Aran meşəsi”sən el dilində sən.

Naxçıvan çayının sahilində sən

Boy at!

Qoy İslamın gülsün nəğməsi,

A Xal-xal meşəsi,

Xal-xal meşəsi!..

İslam Səfərli “Naxçıvan yadigarı” adlı mənzərə albomlarının müəllifi rəssam Bəhruz Kəngərliyə olan sonsuz sevgisini şeirə gətirir. Bəhruz Kəngərlinin yaradıcılığı ilə yaxından tanış olan şair Naxçıvanı qarış-qarış gəzib dolaşmaq, onun gözəl hüsnünü poetik lövhələrlə oxucusuna çatdırmaq istəyir. Ancaq hara baxırsa, hansı tarixi məkana üz tutursa, görür ki, bu yerlərin gözəlliyini Bəhruz Kəngərli ondan əvvəl ölməz sənət əsərlərinə köçürüb. Şeirində hər iki sənətkarın – rəssamın və şairin ana torpağa sevgisi, məhəbbəti təbii yaradılıb. Ordubad rayonunun Unus kəndində qayaların zirvəsində dayanan “Gəlin daş”a həsr etdiyi şeirində şair müharibədən qayıtmayan insanları yada salır, onların yolunu gözləyən anaların, vəfalı, sədaqətli gəlinlərin bədii obrazını yaradır:

Ayağından çaylardımı çağlayan,

Qucağında körpəmidir ağlayan?

Nədir, nədir üzündəki bu kədər?

Qorxma, yarın döyüşdən də sağ gələr.

Əfsanəni soruşuram gecədən,

Taleyini necə yazım, necə mən?

Zirvən daş, təməlin daş,

“Gəlin daş”, ay “Gəlin daş”.

İslam Səfərli həm də tanınmış dramaturq olub. O, Azərbaycan ədəbiyyatının dramaturgiya sahəsində uzun müddət davam edən durğunluğu yararaq “Göz həkimi” adlı 5 pərdə, 10 şəkilli pyesini yazmaqla qısa müddətdə teatr rejissorların diqqətini çəkib. Əsər 1956-cı ildə Azərbaycan Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulub. “Göz həkimi” pyesi tezliklə şair-dramaturqa şöhrət gətirir. Pyesi yazarkən dramaturqun 32 yaşı var idi. Bu pyesdə saf məhəbbət, insanın öz ailəsi və cəmiyyət qarşısındakı məsuliyyət hissi, təbabətdə yenilik uğrunda mübarizə inandırıcı səhnələrdə, mənalı görüşlərdə, dialoqlarda öz əksini tapıb. Bu pyes bir il qabaq, yəni 1955-ci ildə Naxçıvan Dövlət Dram Teatrında da tamaşaya qoyulub, naxçıvanlı tamaşaçıların böyük alqışına səbəb olub. “Yadigar”, “Ana ürəyi”, “Yol ayrıcında” kimi pyeslərində isə müasir həyatımız, fədakar insanlarımız böyük məhəbbətlə təsvir edilib. Şair-dramaturq İslam Səfərlinin “Yadigar” pyesi, Nizami Gəncəvinin 800 illiyinə həsr etdiyi “Xeyir və şər” mənzum dramı zamanın nəbzi ilə döyünüb, onu pyeslər ustası kimi də tanıdıb. “Xeyir və şər” müxtəlif vaxtlarda Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub və hər dəfə rəğbətlə qarşılanıb.

Şeirlərinə ən çox mahnılar bəstələnən İslam Səfərli, sözün əsl mənasında, nəğməkar şair olub. Onun şeirlərində musiqi çağlayıb. Bu gün də İslam Səfərlinin şeirlərinə bəstələnmiş mahnılar təravətini itirməyib. Əksinə, illər keçdikcə, həmin mahnıların əvəzolunmaz qiymətini daha dərindən dərk edirik. Ana, torpaq, xalq məhəbbəti, Vətəninə bağlılıq, saf sevgi, təkrarolunmaz təbiət lövhələri İslam Səfərli şeirlərinin qayəsini təşkil edir. Bundan başqa, şair “Dağlar”, “Səslər zirvəsi”, “Şirmayı dillər”, “Sevərlər səni” kimi şeirlərində görkəmli sənət adamlarımızı tərənnüm edib.

Ömür payı 52 ilə də çatmayan İslam Səfərli yaradıcılığı ilə uzun ömür qazanan xoşbəxt taleli şairdir. Şairin şeir və poemaları, dram əsərləri, oçerk, novella, libretto və kinossenariləri göstərir ki, o, qələmini müxtəlif janrlarda sınayaraq gözəl əsərlər yarada bildi. Onun təkcə bədii əsərləri deyil, şeirlərinə bəstələnmiş ölməz mahnılar da şair ömrünün davamı kimi yaşayır və yaşayacaqdır.

Nəğməkar şairin xatirəsi qədim Naxçıvan torpağında hər zaman uca tutulur. 2013-cü ildə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli siması İslam Səfərlinin anadan olmasının 90 illiyi muxtar respublikamızda geniş şəkildə qeyd olundu. İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 yanvar 2013-cü il tarixli Sərəncamı bir daha bir həqiqəti ortaya qoyur ki, ömrünü və taleyini xalqının xoşbəxt taleyinə bağlayan sənətkarlar heç vaxt unudulmur, yaddan çıxmırlar.

                                                                                     Aytac Cəlilova

     Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi

“Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: