Bakıda Əməkdar rəssam Leyla Əzimbəyovanın fərdi sərgisi açılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İçərişəhərdəki “Qız Qalası” Sərgi Salonunda Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Leyla Əzimbəyovanın "Fərqli Olaraq" adlı fərdi yaradıcılıq sərgisi açılıb. Sərginin açılışında yaradıcı ziyalılar, elm və ictimaiyyət nümayəndələri, sənətkarın doğmaları və sənət dostları iştirak ediblər.
Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin dəstəyi ilə açılan sərgidə rəssamın son dövr yaradıcılığına aid 40-a yaxın əsəri sərgilənir.
Sərginin açılışında Xalq rəssamları Fərhad Xəlilov, Səlhab Məmmədov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prezidenti, Xalq rəssamı Ömər Eldarov, akademik İsa Həbibbəyli, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva çıxış ediblər.
Çıxış edənlər Leyla Əzimbəyovanın yaradıcılığının fərqli cəhətləri və bədii-estetik tərəfləri barədə danışaraq rəssamı belə əlamətdar hadisə münasibətilə təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.
Əməkdar rəssam Leyla Əzimbəyova göstərilən dəstəyə görə təşəkkür edərək bu cür yüksək səviyyəli tədbirlərin yaradıcı gənclərdə böyük ruh yüksəkliyi və stimul yaratdığını diqqətə çatdırıb.
Qonaqlar ekspozisiyaya maraqla baxıb, bəyəndikləri əsərlərin fonunda şəkillər çəkdirib, rəssamı fərdi sərgisi münasibətilə təbrik edib, gül dəstələri verib, yaradıcılıq uğurları arzulayıblar. Əsasən, portret, mənzərə, natürmort janrlarındakı əsərlərdə həyat eşqi, insan və təbiətə doğma münasibət diqqəti daha çox cəlb edir.
Tədbir çərçivəsində “Qız Qalası” qalereyasının əməkdaşı Nərmin Xəlilovanın Leyla Əzimbəyovanın əsərləri əsasında hazırladığı albom-kataloq izləyicilərə təqdim edilib.
Sərgi iştirakçılarına Əməkdar artist, pianoçu Nərgiz Əliyevanın ifasında musiqili kompozisiya təqdim edilib.
Qeyd edək ki, sərgidə satışdan əldə ediləcək gəlir "Yaşat" Fonduna köçürüləcək.
Sərgi dekabrın 25-dək davam edəcək.