“Eurasiareview” portalında Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin böyük məsləhətçisi Vasif Hüseynovun “Azərbaycan NATO ilə münasibətləri inkişaf etdirən multilateralizmi dəstəkləyir” məqaləsi dərc edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Şərq Tərəfdaşlığı ölkələrinin və Aİ liderlərinin sammitində iştirak etmək üçün dekabrın 14-də Brüsselə səfəri çərçivəsində NATO-nun mənzil-qərargahında qurumun Baş katibi Yens Stoltenberq ilə görüşü, NATO-Azərbaycan əlaqələrinin tarixi, mövcud vəziyyəti və gələcək perspektivlərindən bəhs olunub. Bildirilib ki, Azərbaycan Prezidentinin NATO-nun mənzil-qərargahına sayca yeddinci səfəri Azərbaycanla Transatlantik Alyans arasında bir çox sahələrdə səmərəli və çoxşaxəli əməkdaşlığın səviyyəsini göstərir.
Məqalə müəllifi NATO ilə münasibətlərin hələ 1990-ci illərində ulu öndər Heydər Əliyevin dövründə qurulduğunu və ilk addımın Azərbaycanın Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ilə atıldığını diqqətə çatdırıb. Həmin vaxtdan Azərbaycan bir çox təhlükəsizlik çağırışlarına qarşı səylərə mühüm töhfə verən Alyansın etibarlı tərəfdaşı olduğunu sübuta yetirib. Həmçinin Azərbaycan 11 sentyabr terrorundan sonra ABŞ-a sarsılmaz dəstəyini bəyan edib, Əfqanıstan və İraqda sülhməramlı kontingenti ilə beynəlxalq missiyanın fəaliyyətinə töhfə verib, eləcə də digər ölkələr Əfqanistan kontingentini azaltdığı dövrdə Azərbaycan yeganə müsəlman ölkə olaraq 2018-ci ildə sülhməramlıların sayını artırıb. Bütün bunlar Azərbaycanın Qərb müttəfiqlərinə verdiyi dəstəyi bir daha təsdiqləyir.
Məqalədə Azərbaycanın NATO yüklərinin daşınmasında mühüm nəqliyyat dəhlizini təqdim etməsi də təqdir olunub və qeyd edilib ki, Əfqanıstandakı NATO qoşunları üçün nəzərdə tutulan yükün təxminən 40 faizi Azərbaycan üzərindən daşınıb. Bu ilin avqust ayında isə Azərbaycan hərbçiləri türk sülhməramlıları ilə birlikdə Kabil hava limanının təhlükəsizliyini təmin edərək, mülki əhalinin və qoşunların təhlükəsiz təxliyəsi üçün lazımi tədbirlər görüb. NATO-nun baş katibi Y.Stoltenberq bu mühüm rola görə Prezident İlham Əliyevə təşəkkür edib və Azərbaycan qüvvələrinin bu yay Kabil hava limanında təxliyə zamanı təhlükəsizliyin təmin edilməsində vacib rol oynadığını vurğulayıb.
Qeyd edilib ki, NATO ilə əməkdaşlığın mühüm sahələrindən biri də Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində atılan addımlardır. Bu istiqamətdə azərbaycanlı zabitlərin NATO qərargah və agentliklərində xidməti, birgə layihələrin keçirilməsi diqqətə çatdırılıb.
Məqalədə digər mühüm məqam NATO-nun Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi birmənalı dəstəyi ilə bağlıdır. Qeyd edilib ki, NATO-nun bir sıra sammitlərində bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub, digər tərəfdən Cənubi Qafqazdakı münaqişələrin, o cümlədən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllinin beynəlxalq hüququn norma və prinsipləri əsasında vacibliyi vurğulanıb.
2020-ci ilin sonunda Ermənistan və Azərbaycan arasında 44 günlük müharibə zamanı NATO atəşkəs və münaqişənin danışıqlar yolu ilə həllinə çağırıb. Bununla da NATO Ermənistan rəhbərliyinin müdaxilə çağırışlarını rədd edib. 2020-ci il oktyabrın 21-də Qarabağda hərbi əməliyyatların davam etdiyi vaxtda Ermənistan prezidenti Armen Sarkisyanı qəbul edən Baş katib Yens Stoltenberq mətbuat konfransında erməni tərəfə NATO-nun bu münaqişənin bir hissəsi olmadığını xatırladıb.
NATO-nun müharibədən sonrakı bəyanatları və sənədləri göstərdi ki, Alyans Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması ilə regionda yaranmış yeni reallıqları qəbul edir və bununla da münaqişəyə bitmiş kimi yanaşır. Məsələn, bəzi erməni müşahidəçilərinin gözləntilərinin əksinə olaraq, NATO-nun bu ilin iyununda Brüsseldə keçirilən sammitinin kommünikesində keçmiş Ermənistan-Azərbaycan münaqişəsindən söz açılmayıb. Baş katib Stoltenberq dekabrın 14-də Prezident İlham Əliyevlə görüşündən sonra keçirilən mətbuat konfransında Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına tərəfdar olduğunu bildirib: “Biz iki ölkə arasında normallaşma və dialoqa yönəlmiş səyləri dəstəkləyirik”.
Müəllif qeyd edib ki, Azərbaycan ilə NATO arasında bu münasibətlər Azərbaycanın xarici siyasətdə multilateralizm prinsiplərinə əməl etməsi və balanslı yanaşması sayəsində mümkün olub. Ölkənin Rusiya və İranın əhatəsində mürəkkəb regionda yerləşməsinə və Azərbaycan ərazilərinin 20 faizini 30 ilədək işğal altında saxlayan Ermənistanla ərazi münaqişəsinə baxmayaraq, Azərbaycan müstəqilliyini və xarici siyasətdə multilateralizmi qoruyub saxlamaqda uğur qazanıb.
Bu prinsipial mövqe ölkənin Qərbdəki tərəfdaşları, o cümlədən Rusiya tərəfindən də yüksək qiymətləndirilib ki, bu da Azərbaycanın 2017-ci ildən 2020-ci ilədək NATO-Rusiya və ABŞ-Rusiya yüksək rütbəli hərbi rəsmilərinin yeddi görüşünə ev sahibliyi etməsi ilə özünü göstərir.
Yekunda qeyd edilib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli və bununla da Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi getdikcə artan münaqişəli beynəlxalq münasibətlərdə daha müstəqil hərəkət etmək üçün ölkə rəhbərliyinə mühüm rıçaq verir. Bununla belə, Azərbaycan üçün bəzi yeni təhdidlər və çağırışlar da mövcuddur. Buna görə də Aİ və NATO-nun Azərbaycana dəstəyini artırmaq və ölkəyə müstəqil və çoxtərəfli xarici siyasətini inamla həyata keçirməsinə kömək etmək vacibdir.