Naxçıvanda “Nizami Gəncəvi – 880 il” adlı rəsm sərgisi açılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bəhruz Kəngərli adına Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sərgi Salonunda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar sərgi təşkil olunub.
Əvvəlcə tədbirdə sənətşünas Nizami Alıyevin fikirləri dinlənilib. 2021-ci il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin tamam olduğunu qeyd edən sənətşünas Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan edildiyini bildirib.
Vurğulanıb ki, hər iki mühüm sənəd Nizami Gəncəvi irsinə göstərilən qayğıdan xəbər verir və bu onun həmişəyaşar irsinin yenidən və daha dərindən tədqiqinə şərait yaradır.
Şair, ədəbiyyatşünas Xanəli Kərimli dahi söz sərrafının ölməz ədəbi irsindən ətraflı bəhs edib.
18 müəllifin 28 əsəri Nizami yaradıcılığının müxtəlif dövrlərinə həsr olunmaqla böyük ustadın sənət xəzinəsini özündə əks etdirən sərgidə dəyərli sənət əsərləri sırasında qrafika, rəngkarlıq, ağac üzərində yandırma, heykəltəraşlıq, keramika, dekorativ tətbiqi sənət nümunələri, qarışıq texnikada hazırlanmış əl işləri, dahi şairin əsərlərinə çəkilmiş illustrasiyalar tamaşaçıların gözünü, könlünü oxşayıb. Əməkdar rəssamlardan Fikrət Babayevin “Nizami Gəncəvi dünyası”, Həbibə Allahverdiyevanın “Nizami Gəncəvi Naxçıvanda”, Nəsrullah Muzayevin “Kərpickəsən kişinin dastanı”, Sabir Məmmədovun heykəltəraşlığın qarelyef janrında yaratdığı “Nizami Gəncəvi-880”, Şamil Abbasovun “Xosrov və Şirin”, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Gənc Rəssamlar Bölməsinin üzvləri Çinar Hacıyevin, Tənzilə İbadovanın sənət əsərləri də maraqla qarşılanıb.
Sərgidə naxçıvanlı rəssamların miniatür əl işləri də nümayiş olunurdu.
Təhminə Babayeva