Oyunu ilə dünya səviyyəli teatrşünasları heyrətləndirən Xalq artisti: Zemfira Əliyeva - FOTOLAR

A- A A+

Aktrisanın həyat yolu ilə qısa tanışlıq: Zemfira Əliyeva  25 dekabr 1941-ci ildə Gəncə şəhərində doğulub. Anası Firuzə Bədirbəyli Gəncə Dövlət Dram Teatrının aktrisası olub. Kiçik yaşlarından teatrın tamaşalarında uşaq rollarını oynayıb. Zemfira Əliyeva 1972-ci ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrının truppasına daxil olub. Bu teatrda Cəfər Cabbarlının “Almaz”ında Almaz, “Solğun çiçəklər”ində Sara, "Oqtay Eloğlu"sunda Firəngiz, “Yaşar”ında Yaqut, Hüseyn Cavidin “Ana” faciəsində Səlma, “Şeyda”sında Roza, “Şeyx Sənan”ında Xumar, “Uçurum”unda Anjel, M.F. Axundzadənin “Hacı Qara” komediyasında Sona, B. Vahabzadənin “Yağışdan sonra”sında Reyhan, Ş. Qurbanovun “Sənsiz”ində Maral, “Bir cüt bədmüşk ağacı”ında Azadə, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”nda Pırpız Sona, Sabit Rəhmanın “Toy” komediyasında Zinyət, Vaqif Səmədoğlunun “Bəxt üzüyü”ndə Söylü, İlyas Əfəndiyevin “Unuda bilmirəm”ində Nərmin, “Məhv olmuş gündəliklər”ində Anjel, G. Fiqeyredunun “Tülkü və üzüm” alleqoriyasında Kleya, S.S. Axundovun  “Laçın yuvası”nda Pəricahan, “Eşq və intiqam”ında Zöhrə, Nazim Hikmətin “Bayramın birinci günü” əsərində Zəhra, Sofoklun “Elektra”sında Elektra, M. Müşfiqin “Yenə o bağ olaydı...” kompozisiyasında Dilbər, Əliyar Yusiflinin “Siz xoşbəxt yaşayın” dramında Vəfa kimi maraqlı rollarla tamaşaçıların sevgisini qazanıb. Özünəməxsus yaradıcılıq tərzi, səhnədə obrazın daxili aləmini ustalıqla açması və gözəl plastikası ilə Zemfira xanım sənətkar kimi öz dəst-xətini yaradıb.

1987-ci ildə Naxçıvan Teatrı Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Ümumittifaq teatr festivalına dəvət alır. Həmin festivalda isə Sofoklun “Elektra” tamaşası geniş auditoriyaya təqdim edilir. Tərkibində Rusiya, Bolqarıstan, Çexoslavakiya və digər ölkələrdən olan münsiflər heyəti tamaşanı maraqla qarşılayırlar. Hətta tamaşanın calı surbo tərcümə ilə keçmiş Ümumittifaq Televiziyası ilə birbaşa yayımı da təşkil edilir. “Elektra” tamaşasında Zemfira Əliyevanın oynadığı Elektra obrazı o zaman dünya səviyyəli teatr tənqidçilərinin diqqətini cəlb edib. Bolqar teatr tənqidçisi Dmitrina Dokova tamaşa ilə bağlı öz təəssüratlarını belə bölüşüb: “Elektra rolunun ifaçısı Zemfira Əliyevanın misilsiz oyunu məni heyrətə gətirdi. Olduqca qüdrətli aktrisadır. Heyif ki onun başqa rollarını görməmişəm. Mənə elə gəlir ki, bir rolla da sənətkara qiymət vermək olar. Ümumiyyətlə, “Elektra” məftunedici tamaşadır”. Slovak teatrşünası Nadejda Lindovskaya isə bu tamaşanı Naxçıvan teatrının siması kimi qiymətləndirib: “Klassik əsərlər hər hansı bir teatrın simasını, onun nəyə qadir olduğunu təyin edən amillərdən biridir. Mən çox böyük sevinclə Naxçıvan teatrının məharətlə tamaşaya qoyduğu “Elektra” faciəsinə baxdım”. “Naxçıvan teatrının “Elektra” tamaşasının rejissor konsepsiyası, teatr vasitələrindən ustalıqla istifadə edilməsi, ümumi sənət iqlimi, daha doğrusu, tamaşanı xeyli zənginləşdirmişdir. Mən bu festivalda bildim ki, Naxçıvan teatrı əsaslı, köklü sənət ocağıdır” - bu fikirlər  isə rus teatrşünası Anatoli Afanasyevə məxsusdur.

Dünya səviyyəli tənqidçiləri heyrətə gətirən “Elektra” tamaşası Naxçıvan teatrının sənət ənələrinin necə güclü və sarsılmaz dayaqlar üzərində qurulduğunu bir daha təsdiq edir. Teatr o zaman bu cür festivalda cəmi bir dəfə iştirak etməsinə baxmayaraq, orada olan sənətkarların, rejissor və aktyorların diqqətini özünə çəkə bildi.  

Zemfira Əliyeva Naxçıvan teatrında qazandığı nailiyyətlərinə görə  1974-cü ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" və 1982-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 11-ci çağırış Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı seçilib. Bu onun həm də ictimai bir fəal kimi də muxtar respublikada qazandığı tamaşaçı sevgisinin təzahürü idi. Aktirsa xalq artisti, rejissor və aktyor Vaqif Əsədovun həyat yoldaşı olub. 1988-1995-ci illərdə Akademik Milli Dram Teatrında işləyən Zemfira Əliyeva 1995-ci ildə Bakıda vəfat edib.

O, tamaşaçılara həm də “Böyük dayaq”, “Doğma sahillər”, “Yad qızı”, “Qəzəlxan” kimi filmlərdən və “İtkin gəlin” serialından da yaxşı tanışdır.

 

Səməd Canbaxşiyev

Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: