Bu gün görkəmli rəqqasə Əminə Dilbazinin anadan olmasından 102 il ötür

A- A A+

Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərən Əminə Dilbazi uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirmiş, fitri istedadı və bənzərsiz ifaçılıq imkanları sayəsində xalq rəqslərinin qiymətli nümunələrinə yeni çalarlar qazandıraraq onları orijinal ifa tərzi ilə xeyli zənginləşdirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Azərbaycan xalqının milli xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, Xalq artisti, “İstiqlal” ordenli Əminə Dilbazinin doğum günüdür.

Əminə Dilbazi 1919-cu ildə aşıq musiqisinin, saz havalarının vətəni, şeir-sənət ocağı olan Qazax mahalında dünyaya göz açıb. 1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq dahi Üzeyir Hacıbəylinin bəstələdiyi “Kolxoz çölləri” mahnısını ifa edib. O, 1936-1969-cu illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti kimi çalışıb və müxtəlif illərdə rəqs qruplarına rəhbərlik edib.

Müəllimlik fəaliyyətinə isə 1939-cu ildə Teatr Texnikumunda başlayıb. Sonralar uzun illər Bakı Xoreoqrafiya Məktəbində və Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərən Əminə Dilbazi özünün zəngin sənət təcrübəsini ölkəmizdə milli xoreoqrafiyanın təşəkkülünə sərf edib, xalq rəqslərinin incəliklərini gənc nəslə öyrətmək sahəsində qüvvə və bacarığını əsirgəməyib. Bununla da milli rəqs məktəbinin püxtələşməsi prosesinə böyük töhfələr verib.

Əminə Dilbazinin adı ölkəmizdə professional və özfəaliyyət rəqs ansambllarının yaradılması ilə də sıx bağlıdır. Mahir ifaçı 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı “Çinar” tələbə rəqs kollektivinə rəhbərlik edib. 1967-ci ildə isə “Sevinc” qızlar ansamblını yaradıb. Bununla da zəngin pedaqoji təcrübəsini ölkəmizdə milli xoreoqrafiyanın inkişafına yönəldən Əminə Dilbazi xalq rəqslərinin sirlərinə bələd olan yeni ifaçılar nəslinin hazırlanması yolunda yorulmadan çalışıb, bir çox milli rəqs ifaçılarının peşəkar rəqs sənətində fəaliyyət göstərməsinə birbaşa köməklik göstərib. O, klassik milli rəqslərimizi yeni ifa tərzi ilə zənginləşdirərək əsl sənət inciləri yaratmağa müvəffəq olub.

Görkəmli ifaçının fəaliyyəti boyu repertuarı hər zaman öz rəngarəngliyi ilə səciyyələnib. O, bir çox filmlərdə rəqslərə quruluş verib. Mahir rəqqasənin ifa etdiyi “İnnabı”, “Tərəkəmə”, “Vağzalı-Mirzeyi”, “Turacı”, “Naz eləmə” rəqsləri xüsusilə sevilib.

Əminə Dilbazi həm də “Leyli və Məcnun” operasında, “Arşın mal alan” və “O olmasın, bu olsun” komediyaları və digər əsərlərdə də rəqslərə quruluş verib. Rəqqasə “Əzablı yollar”, “Mən mahnı qoşuram”, “Ulduz” və s. filmlərin xoreoqrafı olub.

Tarixi kökləri qədimlərə bağlanan rəqslərimizin parlaq nümunələrinin yaşadılmasına layiqli töhfələr verməklə yanaşı, Əminə Dilbazi dünya xalqları rəqslərinin mahir ifaçısı kimi də tamaşaçıların qəlbinə yol tapıb. Görkəmli rəqqasənin repertuarına rus, Ukrayna, özbək, ərəb, Çin və s. xalqların rəqsləri daxil olub. Bununla yanaşı, Əminə Dilbazi Azərbaycan mədəniyyətinin xarici ölkələrdə tanınmasında və geniş şöhrət qazanmasında özünəməxsus rol oynayıb.

Tanınmış rəqqasə 1954-cü ildə Əməkdar artist, 1959-cu ildə Xalq artisti adlarına layiq görülüb, 1999-cu ildə “İstiqlal” ordeni ilə təltif edilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Əminə Dilbazinin anadan olmasının 100 illiyi ölkəmizdə geniş şəkildə qeyd olunub.

Əminə Dilbazi gözəl sənətkar olmaqla bərabər, həm də Cövdət Hacıyev kimi görkəmli musiqiçinin həyat yoldaşı olub.

2010-cu il aprelin 30-da haqq dünyasına qovuşan Əminə Dilbazinin zəngin təcrübəyə, mahir pedaqoq qabiliyyətinə malik böyük rəqs ustadı kimi xalq rəqslərimizin incəliklərini gənc nəslə öyrətməklə milli xoreoqrafiyamızın inkişafı naminə gördüyü böyük işlər heç vaxt yaddaşlardan silinməyəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: