Uşaqların nağıl dünyası-Naxçıvan Dövlət Kukla Teatrı - FOTOLAR
Nağıllarla böyümüşük hər birimiz. Bizə nağıllar danışıb anamız gecələr. Nağıl bitib, ancaq yuxuya getməmişik. O sirli-sehirli aləmə düşmüşük. Məlikməmmədin qəhrəmanlığı, Balıqçının, Göyçək Fatmanın həyatı, dostlarını divin əlindən xilas edən Cırtdan haqqında uzun-uzun düşünüb anamıza suallar vermişik, yenə danışmasını istəmişik o nağıllardan…
Ötən şənbə günü cizgi filmlərdəki, mənim ona danışdığım nağıllardakı qəhrəmanları görmək istədiyini deyən azyaşlı oğlumu uşaqların nağıl dünyasına-Naxçıvan Dövlət Kukla Teatrına apardım. Bu gün şəhərimizdə çox az adam tapılar ki, uşaqlıq və yeniyetməlik dövrü bu teatrda keçməsin, buradakı aktyorların ifasında Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaratdığı nağıl qəhrəmanlarının macəralarını izləməsin. Uşaqlar sevdikləri nağıl qəhrəmanlarını canlı olaraq burada görə bilirlər.
Teatrın giriş qapısının önünə göstəriləcək tamaşanın afişası vurulub. İçəri daxil oluruq, foyedə balacaların nağıl dünyası ilə qarşılaşırıq. Teatrın rəssamları tərəfindən milli üslubda hazırlanan maketlər, nağıl qəhrəmanları bura gələn hər bir uşağın marağına səbəb olur.
Qeyd edim ki, bu teatrın əsası 1989-cu ildə qoyulub və 2004-cü il mart ayının 11-dən görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin adını daşıyır. Naxçıvanda ilk peşəkar Kukla teatrı olan bu teatr kollektivinin Azərbaycanın digər bölgələrində, Türkiyə, İran və Tacikistan respublikalarında təşkil edilmiş teatr festivallarında iştirak etməsi, müxtəlif illərdə Türkiyə, Tacikistan və İrana səfərləri beynəlxalq mədəni əlaqələrin qurulmasında əhəmiyyətli rol oynayıb. Teatrda bugünədək uşaqların milli, mənəvi və əxlaqi dəyərlərinin formalaşmasında mühüm rol oynayan onlarla tamaşa hazırlanıb.
Uşaqların həftəsonunu maraqlı və yaddaqalan bir şəkildə keçirmələri üçün valideynlər onların əlindən tutub bu məkana gətirirdilər. Hər kəs biletini alır, teatrın səhnə zalındakı oturacaqlarda əyləşir. Uşaqlar həyəcanlı və sevinclidirlər. Balacalar üçün yenə maraqlı və yaddaqalan bir tamaşa hazırlayıb Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla teatrının aktyorları. Onlar bu dəfə “Nəğməkar bülbül”ün tamaşasına baxacaqlar. Hamı yerini aldıqdan sonra nəzərlər səhnəyə cəmlənir, pərdələr aralanır və bülbül xoş nəğməsi ilə balaca tamaşaçılarını salamlayır. Bir azdan səhnəni şən gülüşlər, maraqlar bürüyür. Tamaşaya diqqətkəsilən uşaqların simalarından da hiss olunur ki, nağıllar aləmindədirlər.
Uşaqlara vətən sevgisini, heyvanlara qarşı mərhəmətli olmağı aşılayan “Nəğməkar bülbül” tamaşası maraqla qarşılandı. Tamaşanın qısa məzmunu isə belə idi: Bülbülün gözəl səsi Tacir ağanı valeh edir. İstəyir ki, bülbül onun evində oxusun. Onu tutub gətirib evində bir qəfəsə salır. Amma nə etsə də, bülbül oxumur. Çünki o güldən, çiçəkdən, ağaclardan uzaq düşüb. Ovçunu gətirib soruşurlar ki, bu quş niyə oxumur. Ovçu bülbülü təbiətin qoynuna buraxıb ona azadlıq bəxş edir, bülbül yenə gülün, çiçəyin, təbiətin qoynunda xoş nəğməsini oxuyur.
Uşaqlar bu teatrın səhnəsində Cırtdanı, Göyçək Fatmanı, Şəngül, Şüngül və Məngülü, Qırmızı papağ, Qoğalın sərgüzətlərini, Tıq-tıq xanımı hər dəfə eyni həyəcan və maraqla izləyir, gülür, əylənir və müsbət keyfiyyətlər qazanırlar. Teatrın səhnəsində bu obrazları yaradan qəhrəmanlar isə, əlbəttə ki, aktyor və aktrisalardır. Kukla teatrına gələn uşaqlar Göyçək Fatmanı, Buratinonu, Durnanı, Qırmızı papağı, Qoğalı onların təqdimatında seviblər. Tamaşadan sonra kuklaları oynadan, sevimli nağıl qəhrəmanlarının obrazlarını canlandıran aktrisalardan biri Ləman Vəliyeva ilə teatrdakı yaradıcılıq prosesindən, burada hazırlanan səhnə əsərlərindən danışdıq.
-İlk Kukla tamaşasına baxdığınız anı xatırlayırsınızmı? Ağlınıza gələrdimi, özünüz də nə zamansa kuklalara can verərsiniz?
Bəli, bir vaxtlar özüm də bu səhnədə tamaşaçı olmuşam. İlk baxdığım tamaşa isə “Göyçək Fatma” olub. Tamaşa könlümü oxşamışdı. Bu teatr, kuklalar aləmi hələ o vaxtdan məni cəlb etmişdi.
Artıq 7 ildir ki, Məmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktrisasıyam. İşimi, uşaqları çox sevirəm. Gəlişimin də maraqlı bir səbəbi var. Naxçıvan Musiqi Kollecində “Xanəndəlik” ixtisası üzrə təhsil alırdım. Hazırda teatrımızın bədii rəhbəri, direktoru olan Xalq artisti Şirzad Abutalıbov bizə “Aktyor sənəti” fənnini tədris edirdi. Ümumiyyətlə, uşaqlıqdan bu sahə üzrə fəaliyyətim olub. Məktəbdə şeirlər deyərdim, qurulan tamaşalarda çıxış edərdim. Amma təhsilim xanəndəlik üzrə idi. Şirzad müəllimin tövsiyəsi ilə bu sahəyə yönəldim. Kolleci bitirdikdən sonra 2014-cü ildə NDU-nun İncəsənət fakültəsində aktyorluq ixtisası üzrə təhsil aldım. Zaur Vedilinin “Meşə macəraları” əsərindəki Göyərçin ilk obrazım olub.
İlk dəfə səhnəyə çıxanda dizlərim əsirdi. Alqışlar, sevgi dolu simalar gördükcə hər şey sakitliyə qərq oldu. İncəsənət bir dəryadır. Biz sənət adamları isə o dəryadan sadəcə bir damla ala bilirik. Səhnəyə o qədər bağlanırıq ki, heç bir maddiyat olmasa belə, işimizi sevgi ilə görürük. Bu səhnə mənim üçün həyatdır. Çox tamaşalarda oynamışam burada. Hər dəfə tamaşadan sonra uşaqların dilindən canlandırdığım obraz haqqında xoş sözlər eşidəndə, onların gözlərinin güldüyünü görəndə mənən rahatlıq tapmışam.
-Göstərdiyiniz tamaşalar azyaşlıların tərbiyəsinə necə təsir edir?
Müasir dövrdə uşaqlar üçün tamaşa hazırlamaq çətindir. Bugünün uşaqları çox ağıllı, tələbkardırlar. Onlar müxtəlif cizgi filmlərinə baxır, internetdən istifadə edirlər. Texnologiya dövrüdür. Bu gün hətta onlar özləri nələrsə kəşf edir, nailiyyətlər qazanırlar. Buna görə tamaşalar daha maraqlı və inandırıcı olmalıdır. Əgər bir vaxtlar uşaqlar bu səhnədəki kuklaları həqiqətən nağıl qəhrəmanı kimi görürdülərsə, indi bilirlər ki, o kuklanı oynadan bir insandır. Məqsədimiz uşaqları sadəcə əyləndirmək deyil. Eyni zamanda onları müsbət keyfiyyətlərlə tərbiyələndirməkdir. Düşünürəm ki, bu gün uşaqlar sevinə-sevinə bu teatra gəlirsə, deməli, biz işimizin öhdəsindən gəlir, teatrı uşaqlara sevdirə bilirik. Kukla teatrının uşaqların mənəvi və estetik zövqünün formalaşmasında, uşaqların vətənpərvərlik tərbiyəsində, onlarda hələ balaca yaşlarından teatra qarşı maraq yaranmasında rolu böyükdür. Vətənə, anaya sevgi, təbiətə qayğı və s. kimi nüanslar burada göstərilən tamaşaların əsas qayəsini təşkil edir.
-Uşaqlar Buratinonu sevdilərmi?
-Görkəmli rus yazıçısı Aleksey Tolstoyun “Buratinonun macəraları” povesti əsasında hazırlanan bu tamaşa teatrımızda uşaqlar üçün tez –tez nümayiş olunur. Əsərin baş qəhrəmanı olan Buratino obrazı mənə həvalə olunub. Buratino uşaqlara tənbəl olmamağı, cəsurluğu, yalan danışmamağı, təhsilə biganə yanaşmamağı aşılayır. Bu mənada uşaqlar Buratinonu çox sevir.
-Bəs necə hazırlanır tamaşalar? Kulisdə olanlar hər zaman izləyicilərə maraqlı gəlir…
Teatrda Azərbaycan və xalq nağılları əsasında hazırlanan tamaşaları uşaqların başa düşəcəyi bir dildə səhnələşdiririk. Pyes oxunur, hər kəs obrazını yazır, üzərində işləyir. Və çıxırıq səhnəyə mizam məşqlərinə. Kukla olarsa, kuklalarımız hazırlanıb gəlir, özümüzüksə, obrazımızla səhnəyə çıxırıq. Tamaşa hazır olandan sonra daxili və ictimai baxışımız olur, sonda isə balaca tamaşaçılarımızın qarşısına çıxırıq. Hər həftənin şənbə günü saat 12:00 və 15:00-da Kukla teatrında uşaqlar üçün tamaşalar olur.
Başqa teatrlardan fərqli olaraq, burada daha çox görünən kukla, görünməyən isə aktyordur. Kukla teatrında biz həm özümüz obrazı canlandırırıq, həm də bir kuklaya can veririk, onun xarakterini, məharətini nümayiş etdiririk. Kuklaların mimikası yoxdur. Amma biz hisslərimizi o qədər qabarıq surətdə nümayiş etdirməliyik ki, uşaq hiss eləsin, kukla gülür, danışır, kukla sevinir, yemək yeyir, kukla rəqs edir. Burada kukla hazırlayan rəssamlarımızın, onlar üçün geyimlər hazırlayan dərzilərimizin də böyük əməyi var. Kuklanı hazırlamaq, səhnədə ona can vermək çox zövqlü, sevgi dolu bir işdir.
-Yeni il münasibətilə hansı sürprizlər olacaq uşaqlar üçün bu teatrın səhnəsində?
Bununla bağlı danışsam, sürpriz olmayacaq. Sadəcə deyə bilərəm ki, gəlib, görüb anı yaşamaq lazımdır. Qar qız, Şaxta baba, nağıl qəhrəmanları olacaq. Uşaqlar üçün əsl bayram ab-havası yaşanacaq burda. Bayram günlərində hər gün iki seans olmaqla balacaları əyləndirəcəyik.
Teatrın kollektivi bu günlərdə yapon xalq nağılı əsasında səhnələşdirilən “Yaxşılıq itmir” tamaşasına hazırlaşır. Bu səbəbdən Ləman xanım bizimlə ayaqüstü söhbətini bitirib iti addımlarla səhnəyə, yeni bir tamaşanın məşqinə yollandı. Biz də onların vaxtını çox almaq istəmədik. Əslində 30-40 dəqiqə nümayiş olunan bir tamaşa böyük zəhmət hesabına ərsəyə gəlir.
Onlar bu səhnəyə uşaqlar üçün çıxırlar. Uşaqların nəsə öyrəndiklərini, sevinclərini görəndə isə çəkdikləri əziyyəti unudurlar.
Türkanə Əmoyeva
“NUHÇIXAN”