Zəngin və çoxşaxəli yaradıcılığa malik bəstəkar - Cahangir Cahangirov

A- A A+

XX əsr Azərbaycan musiqi mədəniyyəti tarixinin ən mühüm, əlamətdar dövrüdür. Ölkəmizdə yüksək peşəkarlığı, özünəməxsus obrazlar aləmi və musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi məhz XX yüzilliyin əvvəllərində dahi bəstəkar Üzeyir Hacıbəylinin şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezinə nail olaraq müasir Azərbaycan professional musiqi mədəniyyətinin əsasını qoyması ilə yarandı. Avropa klassik musiqisinin janr və formalarını milli zəmində məharətlə tətbiq edən bəstəkarlarımız beynəlxalq miqyasda tanınmağa, milli musiqimizə dünya şöhrəti qazandırmağa başladılar. 

Azərbaycan musiqi mədəniyyətinin kamil inkişaf dövrü XX əsrin 40-cı illərinə təsadüf edir. Belə ki, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Soltan Hacıbəyov kimi gənc bəstəkarlar nəsli məhz bu dövrdə yetişərək musiqi mədəniyyətimizə əhəmiyyətli töhfələr bəxş etmişdir. Bu bəstəkarlar sırasında Cahangir Cahangirovun xüsusi yeri var.

Cahangir Cahangirovun yaradıcılıq yolu Azərbaycan musiqisinin böyük bir mərhələsini əhatə edir. Mahnı, kantata, instrumental pyes, xor, vokal-simfonik musiqi, opera kimi ən müxtəlif janrlarda əsərlərin müəllifi olan bəstəkarın milli musiqi mədəniyyətimizin inkişafında xidmətləri əvəzedilməzdir. Öz yaradıcılığında daha çox xor və vokal-simfonik musiqisinə üstünlük verən sənətkarın adı milli xor mədəniyyətimizin təşəkkülündə dahi Üzeyir Hacıbəyovdan sonra çəkilir. Təsadüfi deyil ki, C.Cahangirov öz yaradıcılığında xor musiqisinə meylini müəllimi Üzeyir Hacıbəyliyə olan böyük sevgidən və hörmətdən yarandığını qeyd edirdi. O, dahi bəstəkarla olan yaxın ünsiyyətini “Unudulmaz xatirələr” və “Üzeyir Hacıbəyov haqqında xatirələrim” məqalələrində qələmə almışdır. Məqalələrdən aydın olur ki, Üzeyir bəylə gənc Cahangirin ilk tanışlığı 1937-ci ilə təsadüf edir. Azərbaycan Dövlət Filarmoniyasının nəzdində xor kollektivi təşkil etmək üçün filarmoniyaya gələn Üzeyir bəy tələbələri dinləyir. Həmin vaxt teatr  texnikumunda təhsil alan gənc Cahangir komissiyanın sədri Üzeyir Hacıbəyov tərəfindən bəyənilir və  o, xor kollektivinə qəbul edilir. Bir müddət xorda oxuyan Cahangir öz xatirələrində daha sonra yazırdı: “Bir gün məşqdən sonra Üzeyir bəy məni yanına çağırdı və dedi: “Cahangir, yoldaşlarından bir neçəsi mənə deyiblər ki, sən bəzən musiqi parçaları, mahnılar qoşursan. Bir əyləş, çal görüm. Eşitmək istəyirəm”.  Bu sözdən sonra özümü itirdim, əllərim əsməyə başladı, həyəcanımı sakitləşdirən Üzeyir bəy çaldığım əsərlərə qulaq asaraq onları bəyəndi və mənə Qara Qarayevə müraciət etməyimi məsləhət gördü. Beləliklə, mənim bəstəkarlıq sənətinə ilk dəfə qədəm qoymağım məhz Ü.Hacıbəyovun adı ilə bağlıdır”.

C.Cahangirovun zəngin və çoxşaxəli yaradıcılıq irsinə  “Azad” və “Xanəndənin taleyi” operaları, “Füzuli”, “Nəsimi”, “Aşıq Alı” kantataları, ədəbiyyatımızın görkəmli nümayəndələri Mirzə Ələkbər Sabir və Hüseyn Cavidə həsr olunmuş oratoriyaları, xor əsərləri və xalq mahnılarının xor üçün işləmələri, simfonik və kamera-instrumental əsərlər, teatr və kinofilmlərə yazılmış musiqilər, süitalar, uvertüralar, poemalar, konsertlər, fuqalar, prelüdlər, pyeslər, odalar, marşlar, rəqslər və mahnılar daxildir. Sadalanan janrların hər birində özünəməxsus fərdi üslubunu yaradan bəstəkar bu əsərlərdə həm klassik musiqi, həm də muğam ənənələrinə istinad edərək görkəmli sənət nümunələri ilə mədəni irsimizi zənginləşdirmişdir.

Azərbaycan bəstəkarları sırasında Cənubi Azərbaycan mövzusuna ilk dəfə müraciət edən də məhz C.Cahangirov olub. “Təbrizim” mahnısı, SSRİ Dövlət mükafatına layiq görülmüş  “Arazın o tayında” vokal-simfonik poeması və “Azad” operasını buna misal göstərmək olar. Qeyd etmək lazımdır ki, “Arazın o tayında” vokal simfonik poemasında bəstəkar Azərbaycan musiqisində ilk dəfə olaraq simfonik və kantata-oratoriya janrının xüsusiyyətlərini birləşdirib.

C.Cahangirovun vokal simfonik əsərləri içərisində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin sözlərinə bəstələnmiş “Füzuli” kantatası da xüsusi yer tutur. Bu əsər Azərbaycan xor musiqisinin ən dəyərli incilərindən sayılır. Kantatanın “Şəbi-hicran” hissəsi isə daim nüfuzlu müğənnilərin repertuarına daxil edilərək dillər əzbərinə çevrilib.

C.Cahangirovun yaradıcılığının əsas hissəsini onun məlahətli, qəlb oxşayan lirik  mahnıları təşkil edir. Bəstəkar irihəcmli, mürəkkəb quruluşlu əsərlərilə yanaşı, musiqi xəzinəmizi zənginləşdirən çoxsaylı mahnıların da müəllifidir.  Təsadüfi deyil ki, sənətkarın hərtərəfli istedadını üzə çıxaran bu janr onu xalqa daha çox sevdirib, şöhrətləndiribdir. “Ana”, “Aylı gecələr”, “Bakı”, “Dan ulduzu, bir də mən”, “Ay qız”, “Ala göz”, “Nazənin”, “Gözlərin”, “Qəzəllər”, “Gəl gözəlim” və s. kimi mahnıları dillər əzbəridir. C.Cahangirovun mahnılarından danışarkən mütləq qeyd etmək lazımdır ki, o, Azərbaycan musiqisində satirik mövzuya müraciət edən ilk bəstəkardır. Görkəmli Azərbaycan satirik şairi Mirzə Ələkbər Sabirin sözlərinə yazdığı “Dinmə, danışma” mahnısı buna bariz nümunədir. Həmçinin onun vokal yaradıcılığında “Gül açdı, bahar oldu”, “Nargilə”, “Gözəlim sənsən”, “Aman kəklik”, “Lənkəran manısı”, “Yar, nə elədim sənə?” kimi xalq mahnılarının xor üçün işləmələri  də mühüm yer tutur.  Kino musiqisi sahəsində də C.Cahangirov silinməz bir iz qoymuşdur.  Bu gün də sevərək izlədiyimiz “Koroğlu”, “Yenilməz batalyon”, “Dəli Kür”, “Qatır Məmməd” ,“Papaq” kinofilmlərinə bəstəkarın  yazdığı musiqilər kino musiqi sənətimizin parlaq səhifəsini təşkil edir. Bəzi mahnılar isə kinofilmlərdən məşhurlaşaraq xalq arasında geniş şöhrət tapmış, bu gün də tanınmış müğənnilər tərəfindən ifa olunmaqdadır. Məsələn, “Yenilməz batalyon” filmindən “Köhlən atım”, “Teymurun mahnısı”, “Dəli Kür” filmindən “Ana Kür” mahnıları deyilənlərə nümunədir.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Cahangir Şirgəşt oğlu Cahangirovun 100 illik yubileyi bu il tamam olur.  Cahangir Cahangirovun yaradıcılığı təkcə  Azərbaycanda  deyil, onun hüdudlarından kənarda da tanınır və sevilir.

C.Cahangirovun 100 illik yubileyi muxtar respublikamızda müxtəlif tədbirlərlə qeyd olunur. Bu kimi tədbirlərin davamı olaraq Naxçıvan Dövlət Univeritetinin İncəsənət fakültəsində “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının təşkilatçılığı ilə bəstəkarın xatirəsinə həsr edilmiş konfrans keçirilib. Konfransda görkəmli bəstəkarın yaradıcılıq irsinin müxtəlif sahələri haqqında məruzəçilər tərəfindən çıxışlar edilib və bədii hissədə C.Cahangirovun məşhur əsərləri səsləndirilib.

Rumiyə Məmmədova

“Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: