Ərəbdilli oxucular arasında geniş auditoriyaya malik olan “İrəm” nəşri jurnalist Rəmmuz Əl Nahalın “Expo 2020 Dubai” sərgisində Azərbaycan pavilyonu haqqında geniş reportajını dərc edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, reportajda kənardan nəhəng ağac yarpağını xatırladan dam örtüyü dizaynı olan Azərbaycan pavilyonunun ətraf mühitin mühafizəsi rəmzi olduğu qeyd olunub. Müəllif diqqətə çatdırıb ki, “Gələcəyin toxumları” mövzusu ilə sərgidə çıxış edən və "Sabahın inkişafı bu gün verilən qərarlardan asılıdır" konsepsiyasını özündə əks etdirən bu pavilyondakı interaktiv elektron vasitələrdə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim edilir. Üçmərtəbəli, ağac və onun budaqları formasını xatırladan pavilyonun konsepsiyası təsdiq edir ki, yalnız insan kapitalının inkişafı ilə dayanıqlı gələcəyə nail olmaq mümkündür.
Reportajda Azərbaycanın ən yüksək texnologiyaların tətbiqi ilə günəş və külək enerjilərinə böyük əhəmiyyət verməsi, eyni zamanda karbon qazı emissiyasının azaldılması üzrə fəaliyyətlər öz əksini tapıb. Müəllif, həmçinin Azərbaycan pavilyonunun arxitekturası, interyeri, sahəsi, digər komponentləri barədə də ətraflı məlumat verib. O vurğulayıb ki, buradakı interaktiv multimedia monitorları Azərbaycanın müasir nailiyyətlərini və görməli yerlərini, xüsusən dünyanın ən görkəmli binalarından sayılan və memar Zaha Hadidin layihəsi ilə inşa olunmuş Heydər Əliyev Mərkəzini nümayiş etdirir.
Sonda azərbaycanlı şef-aşpaz Orxan Muxtarovun təqdim etdiyi milli kulinariya nümunələri haqqında məlumat verilib.