Bu gün tanınmış aktrisa Nəcibə Behbudovanın doğum günüdür

A- A A+

Milli kinomuzun və teatr sənətimizin inkişafında bir çox sənətkarların müstəsna xidmətləri olub. Onlar ən ağır zamanlarda və ən ağır şərtlərdə belə bu sənətin inkişafı üçün əllərindən gələn bütün səy və imkanları əsirgəməyiblər. Belə sənət adamlarından biri də tanınmış teatr və kino aktyoru, Əməkdar artist Nəcibə Behbudovadır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Nəcibə Behbudovanın anadan olmasından 108 il ötür.

Nəcibə Məcid qızı Behbudova 1914-cü il yanvarın 6-da Tiflisdə anadan olub. O, tanınmış müğənni Rəşid Behbudovun böyük bacısıdır. Atası Məcid Behbudov el xanəndəsi kimi tanınıb. Anası Firuzə Vəkilova isə müəllimə işləyib. Altı yaşında olanda Tiflisdəki əmək məktəbinə gedib. Nəcibə xanım doqquz yaşında olanda məktəbdə oxumaqla yanaşı, Nəriman Nərimanov adına klubun dram və rəqs dərnəklərinə üzv olub. Məktəbi 1930-cu ildə bitirib.

1931-ci ildə Bakıya gəlib və burda Hidrologiya Texnikumuna daxil olub. Dinləyici kimi Bülbülün Konservatoriyadakı sinfinə gedib və vokal ifaçılığının müəyyən peşəkarlıq xüsusiyyətlərinə yiyələnib. Hətta konsertlərdə müğənni kimi çıxış edib. Lakin 1933-cü ildə anası rəhmətə getdiyi üçün Tiflisə qayıdıb. Bir müddətdən sonra Mirzə Fətəli Axundzadə adına Tiflis Azərbaycan Teatrının truppasına daxil olub. Əvvəlcə tamaşalara dəvətli aktrisa kimi çıxış edib. 1937- 1939-cu illərdə teatrın aktyor ştatında olub.

Aktrisa 1940-cı ildə yenidən Tiflis teatrına dəvət edilib. 1941-1945-ci illərdəki Böyük Vətən müharibəsi dövründə həm teatrda aktrisalıq edib, həm də bir sıra mədəni-maarif müəssisələrində yeniyetmələrin incəsənətə yiyələnmələri sahəsində səmərəli işlər görüb. Nəcibə Behbudova Tiflis teatrında repertuarındakı sanballı tamaşalarda çıxış edib.

1947-ci ildə Nəcibə Behbudova Bakıya gəlib və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul edilib. Tipik məişət personajlarını xüsusi şövqlə oynayıb.

Nəcibə Behbudova “Ulduz” (Tamam), “Araqarışdıranlar” (Sona xala), “Bəyin oğurlanması” (Bibixanım), “Fəryad” (erməni axçısı) filmlərində çəkilib. Teatr sənətindəki xidmətlərinə görə 1974-cü ildə “Əməkdar artist fəxri adına layiq görülüb.

Aktrisa 1999-cu il dekabrın 7-də Bakıda vəfat edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: