Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri 10 yaşını yubiley konserti ilə qeyd etdi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin  yaradılmasının  10 illiyi münasibətilə yubiley konserti  keçirilib. Naxçıvan Dövlət Musiqili Dram Teatrında təşkil olunan yubiley konsertində Orkestrin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib.

Konsertdə Naxçıvan Dövlət Filarmoniyası Estrada Orkestrinin bədii rəhbəri, dirijor Elvin Əliyarovun rəhbərliyi ilə səsləndirilən Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından musiqi, Əməkdar artist Ruhiyyə Hüseynovanın ifasında Eldar Mansurovun “Mən  səninləyəm”, gənc estrada ifaçısı Rahim Əsgərzadənin ifasında dünya estrada nümunəsi  Lusio  Dallanın “Karuzo” mahnıları izləyicilər tərəfindən rəğbətlə qarşılanıb. 

Sonra Estrada Orkestrinin gənc solistləri Bəhruz Quliyevin ifasında Emin Sabitoğlunun “Şirin dil”, İlkin Abdullayevin ifasında Emin Sabitoğlunun “Ötən günlərim”, Samir İsmayılovun ifasında “Arazüstü şəhərim” və başqa ifalar təqdim edilib.

Yubiley  konserti maraqlı repertuar zənginliyi ilə seçilib. Konsertdə estrada mahnıları ilə yanaşı  dünya musiqisinin böyük sənətkarlarının müxtəlif musiqi janrında yazdığı melodiyalar da səsləndirilib. Bir saatdan artıq davam edən konsert proqramı tədbir iştirakçılarına xoş ovqat bəxş edib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il yanvarın 10-da imzaladığı Sərəncamla yaradılan bu musiqi kollektivi qısa vaxtda estrada həvəskarlarının rəğbətini qazanıb. Orkestrin repertuarında Azərbaycan bəstəkarları ilə yanaşı, Avropa və rus bəstəkarlarının musiqi əsərlərinə də geniş yer verilir. Kollektiv rəngarəng repertuarı ilə ictimaiyyət qarşısında müntəzəm  konsert proqramları ilə çıxış edir.

                                                                      Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: