Başlıqda verilən bu ifadənin müəllifi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovdur. Mən deyərdim ki, ulu öndər Heydər Əliyevdən sonra Naxçıvan Teatrının taleyi və yaradıcılığı ilə mütəmadi şəkildə yaxından maraqlanan, onun qayğılarını həll edən də məhz Ali Məclis Sədrimizdir. 1995-ci ildən (Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildiyi il) sonra bu teatra göstərilən diqqət və qayğı nəticəsində həm yaradıcılıq xeyli inkişaf edib, həm də maddi-texniki baza müasirləşdirilibdir. Müasir teatrların tələbinə uyğun avadanlıqlar, aktyorların qrim otaqları, digər yardımçı və texniki sahələrdə bu öz əksini tapıb. Hər dəfə yeni quruluş verilən tamaşalara Ali Məclis Sədrinin özünün bir ziyalı tamaşaçı kimi gəlib baxması sənətə verilən qiymət, mədəni və yüksək intellektual səviyyənin nümayişi, aktyor, rejissorlarda yaradıcılığa daha da məsuliyyətli yanaşma üçün əsas, mühüm faktdır. Tamaşalardan sonra yaradıcı heyətlə görüş, oyunda yaranan təəssüratın səmimi və tutarlı şəkildə analiz edilməsi də cənab Sədrimizin teatrı nə dərəcədə sevməsinə bir nümunədir. “Biz bəzən tarixi hadisəni bir kitabda oxuyuruq, siz isə saat yarım, iki saat müddətində bizə o hadisəni canlı şəkildə göstərirsiniz”, “Aktyorlar dəyərli və fədakar insanlardır”, “Rejissor işi, aktyor seçimi və musiqi tərtibatı səhnə əsərinin uğurla təqdim olunmasına imkan verdi”, “Teatr hər bir xalqın mədəni inkişafını göstərən birinci amildir. 130 ildən artıqdır ki, Naxçıvan teatrı da öz ənənələrini yaşadır və inkişaf edir”- Ali Məclis Sədrinin səhnədə aktyorlarla görüşü zamanı söylədiyi bu kimi onlarla sitatları dəfələrlə eşitmişik.
Ölkə başçısının Sərəncamı ilə 2008-ci ildə Naxçıvan Teatrının 125 illiyi ölkə səviyyəsində qeyd olundu. Bu münasibətlə Naxçıvanda keçirilən tədbirdə sənət ocağının tarixi və yaradıcılıq fəaliyyəti ilə bağlı çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “...Naxçıvan teatrı əsl sənət məbədi və yaradıcılıq mərkəzi kimi formalaşıb... Dünya ədəbi fikrinə qüvvətli təsir göstərən ölməz ədib və mütəfəkkirlərin zəngin yaradıcılıq ənənələri ilə sıx bağlı olan Naxçıvan teatrı daim yeniliyə can atmış, mədəni inkişafın carçısı olmuş, geniş mənada maarifçilik işi görmüş, cəhaləti və geriliyi qamçılayaraq muxtar respublikada mədəni-ictimai fikrin formalaşmasına öz təsirini göstərmişdir... Ötən əsrin 20-ci illərinə qədəm qoyan Naxçıvan teatrı yeni inkişaf mərhələsinə qədəm qoymuş, aktyorlar vahid truppada birləşmişlər. 1922-ci ildə Dövlət Dram Teatrı statusu alan Naxçıvan teatrına 1965-ci ildə böyük mütəfəkkir və dramaturq Cəlil Məmmədquluzadənin adı verilmişdir”.
1995-ci ildən sonra Naxçıvan teatrının repertuarına salınan əsərlərin mövzusu, məzmunu, rejissor işi, aktyor oyunu xeyli müasirləşdi. Teatr təkcə əylənmə, asudə vaxtın səmərəli keçirilməsi üçün mədəniyyət ocağı deyil, həm də tamaşaçını düşündürən bir məkan, milli dəyərlərin, tarixi keçmişimizin, mədəni irsimizin, ədəbiyyatımızın, bir sözlə, öz düşüncəmizin görünən təbliğat tribunası oldu. Təbii ki, bu işlərin arxasında teatra göstərilən dövlət dəstəyi və qayğısı dayanırdı. “Naxçıvan teatrında bu cür tamaşaların nümayişi bir daha göstərir ki, ötən illər ərzində muxtar respublikada teatr sənətinin inkişafı ilə bağlı görülən işlər, çəkilən birgə zəhmət hədər getməmişdir”, - bu fikirlər də cənab Vasif Talıbova məxsusdur. Gənc rejissor Həcərxanım Məmmədovanın uğurla quruluş verdiyi, Elçinin “Teleskop” tamaşasından sonra alınan təəssüratların muxtar respublika mədəniyyətinin hamisi, teatrımızın ən dəyərli tamaşaçısı və hər bir sənətkarın dostu olan cənab Sədrin dediyi sözlərdir.
Hazırda 139 yaşlı Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının truppasında 3 nəfər Xalq artisti, 5 nəfər Azərbaycan Respublikasının Əməkdar artisti, 3 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, bir nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, 1 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, 2 nəfər “Tərəqqi” medallı sənətkar fəaliyyət göstərir. 1995-ci ildən bu günə qədər isə 100-ə yaxın tamaşaya uğurla quruluş verilib. Teatr Bakıda və ölkənin 40-a yaxın şəhərində, Türkiyə Cümhuriyyətində, İran İslam Respublikasında dəfələrlə qastrol səfərlərində olub. Bir sözlə, özünü qədim ənənəyə malik bir sənət ocağı kimi tanıdıb. Bütün bunların arxasında isə teatr kollektivinin zəhməti və Ali Məclis Sədrinin qayğısı dayanır. Qeyd edək ki, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin doğum günüdür. Məhz bu münasibətlə Naxçıvan teatrının ən dəyərli tamaşaçısı və qayğıkeşi cənab Vasif Talıbovu mədəniyyət ocağımızın çoxsaylı kollektivi adından təbrik edirik!
Səməd Canbaxşiyev
Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti