Prezident Kitabxanasında “Azərbaycan-Türkiyə əlaqələri” adlı elektron resurs istifadəyə verilib

A- A A+

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Azərbaycan-Türkiyə əlaqələri” adlı elektron resurs iki qardaş ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr edilib. 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyinə qovuşduqdan sonra onu ilk tanıyan dövlət Türkiyə Cümhuriyyəti olmuşdur. 1992-ci il yanvarın 14-dən etibarən qurulan diplomatik əlaqələr hər iki ölkənin xalqlarının bir-birinə daha sıx bağlanmasına və dövlətlərin güclərini birləşdirilməsinə xidmət edib.

İki dövlət arasında münasibətlərin yüksək səviyyəyə çatdırılması ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə mümkün olmuşdur. Münasibətlərin “Bir millət, iki dövlət” prinsipi əsasında qurulması hər iki dövlətə qarşılıqlı fayda gətirmiş, birgə nəqliyyat və enerji layihələri həyata keçirilmişdir.

Bütün beynəlxalq platformalarda Azərbaycanla Türkiyə ortaq maraqlardan çıxış edərək bir-birlərini dəstəkləmişlər. Tərəflərdən birinə qarşı edilən ədalətsizliyə qarşı birgə mübarizə aparmışlar. Ermənistanın Azərbaycan ərazilərini işğalına qarşı mübarizədə Türkiyə hər zaman dövlətimizin yanında olmuş və təcavüzkara qarşı sanksiya tətbiq etmişdir.

2020-ci ilin payızında Azərbaycanın işğal alında olan torpaqlarının azad edilməsi uğrunda həyata keçirdiyi 44 günlük hərbi əməliyyatlar zamanı Türkiyənin göstərdiyi mənəvi-siyasi dəstəyin müstəsna əhəmiyyəti oldu.

Bu gün Azərbaycan Türkiyəyə ən çox sərmayə yatıran dövlətlər arasında ikinci yerdədir.

Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları 5 fəsildən və 13 alt bölmədən ibarət “Azərbaycan-Türkiyə əlaqələri” elektron resursu iki qardaş ölkə arasında münasibətlərin real mənzərəsini özündə əks etdirir.

Prezident Kitabxanasından NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, elektron resursun “Tarixi arayış” bölməsində Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında münasibətlər təhlil edilib və bu münasibətlərin dinamik inkişafını özündə əks etdirən “Xronologiya” tərtib olunub.

Elektron resursun “Sənədlər” fəslində Azərbaycanla Türkiyə arasında xarici siyasətlə bağlı imzalanan 400-ə yaxın sənədin – saziş, müqavilə, memorandum, protokol, razılaşma, bəyannamə və sərəncamın tam mətnləri istifadəçilərə təqdim edilir.

“E-resurslar” fəslində Azərbaycan-Türkiyə münasibətlərinə dair müxtəlif dillərdə 50-ə yaxın kitabın, 200-ə yaxın seçmə məqalənin elektron versiyaları öz əksini tapır. Bu resursda həmçinin 100-dən çox kitabın, 1400-ə yaxın məqalənin və 35 avtoreferatın biblioqrafiyası toplanılıb.

“Fotoqalereya” bölməsi iki qardaş ölkənin son 30 ildə keçdiyi tarixi yolun fotoxronikasını özündə əks etdirir.

“Azərbaycan-Türkiyə əlaqələri” elektron resursu https://azerturk.preslib.az/  subdomenində yerləşdirilib və müntəzəm olaraq yenilənilir.

Kitabxanada “Azərbaycan-Türkiyə. Bir millət, iki dövlət” adlı kitab sərgisi də oxuculara təqdim edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: