Rəssamlar Bəhruz Kəngərli muzeyini ziyarət ediblər - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri görkəmli fırça ustasının 130 illik yubileyi münasibətilə Bəhruz Kəngərli muzeyini ziyarət ediblər.
Rəssamlar əvvəlcə Bəhruz Kəngərli adına Rəssamlar Parkında rəssamın abidəsi önünə gül dəstələri düzüb, xatirəsini yad ediblər.
Sonra muzey ziyarət olunub.
Məlumat verilib ki, Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılıb. 2002-ci il iyunun 18-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə muzeyin açılışı olub. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Bu sərəncama əsasən Naxçıvan Muxtar Respublikasında da bir sıra işlər görülüb, Bəhruz Kəngərlinin Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan bir çox əsərlərinin surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə verilib. İlk dəfə olaraq rəssamın əsərlərinin tam külliyyatı albom-kataloq şəklində nəşr edilib. Eyni zamanda muxtar respublikada yubiley münasibətilə poçt markası buraxılıb, görkəmli rəssamın həyat və fəaliyyətinə həsr olunmuş sənədli film hazırlanıb və Bəhruz Kəngərli Muzeyinin yerləşdiyi bina yenidən qurularaq 2013-cü ildə istifadəyə verilib. Bu gün muzeydə realist rəssamın zəngin irsinə aid yüzlərlə eksponat mühafizə olunur. Həmçinin muzeyin internet saytı ekspozisiya ilə virtual tanışlıq imkanı yaradır.
Mədinə Rəhimli