“Naxçıvan təbiəti kinomuzun canlı dekorasiyası” - FOTOLAR

A- A A+

Kinematoqrafiya sənəti yalnız texniki faktor, dekorasiya, xüsusi effektlər, təbliğat, parlaq personajlar, bir əhvalatın maraqlı nəqli demək deyil. Kinonun yaranmasında, rejissorun tamaşaçıya bədii məqsədinin çatdırılmasında, eyni zamanda əhvalata uyğun seçilmiş, filmin atmosferini yaradan natura, məkan təsvirləri də mühüm rol oynayır.

Bu baxımdan Naxçıvanın unikal təbiəti, polifanik relyefi son dərəcə kinematoqrafikdir. Başqa cür desək, bu qədim tarixi ərazi həm təbii kinodekorasiya mühiti yaradır, həm də bədii ifadə vasitəsi, obraz funksiyası daşıyır. Naxçıvanın zəngin təbiəti, təbii təsvir modeli istər dram, istər fantastika, istər mistika, istər vestern,  istərsə də tarixi ekran əsərlərinin çəkilməsi üçün böyük imkanlar təklif edir.

Təsadüfi deyil ki, Azərbaycan kino tarixində əhəmiyyətli yer tutan bir sıra məşhur ekran əsərləri Naxçıvanda lentə alınıb: “Dədə Qorqud”, “Gümüşgöl əfsanəsi”, “Əzablı yollarla”, “Babək”, “Doğma sahillər”, “Nəsimi” və s.    

Naxçıvan təbiəti, xüsusən də, landşaft və dağ silsilələri rejissora öz bədii niyyətini həyata keçirmək üçün geniş şərait yaradır və dekorasiya qurmaq ehtiyacını minimuma endirir.

Nümunə kimi Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi Dədə Qorqud” dastanı əsasında 1975-ci ildə ekranlaşdırılmış “Dədə Qorqud” filmində bir səhnəyə diqqət yetirək. Ata itkisinə hazır olmayan Burla Xatunun ağrısının, itkisinin ifadəsi interyerdə yox, əzəmətli daşların kontekstində verilib. Konkret olaraq, bu səhnədə daş həm özünün coğrafi, təbii funksionallıq çərçivəsindən, həm də əzəmətli obrazından çıxaraq yumşaq şəkildə lirik, kövrək obraza keçid edir. O, Burla Xatunun ağrısını bölüşən, onun məhrəm hisslərinə şərik olan, dərdini özündə saxlayan canlı, güvənə biləcəyi lirik obraza, dosta çevrilir. Yuxarıda qeyd etdiyimiz səhnənin məsələn, məkan olaraq ev şəraitində çəkilməsi epizodun ifadə gücünü, energetikasını azaldardı, onu tamaşaçı üçün effektsiz, təsirsiz hala gətirərdi.

Və bu detal Naxçıvan təbiətinin çoxqatlılığını, çoxölçülülüyünü, rejissorun niyyətindən asılı olaraq obyektin anlamının dəyişə biləcəyini göstərir. Yəni daha aydın desək, polifonik təbiət imkan verir ki, rejissor çəkiliş prosesində filmin ideyasına xidmət edən ən müxtəlif bədii həllər tapsın.

Naxçıvan təbiətində kinematoqrafik amil o qədər güclüdür ki, burda təsvir özü danışır, dialoq və mətnlərə ehtiyac yoxdur.

Azərbaycanın böyük şairlərindən biri, İmaddədin Nəsimiyə həsr olunmuş bioqrafik “Nəsimi” filmində təbiət maraqlı interpretasiyalara məruz qalır. Epizodlardan birində Teymurləng qanlı döyüşlərin  baş verdiyi ərazini nəzərdən keçirir. Teymurləngin düşüncəli, həyəcanlı baxışları onu əhatə edən, sanki baş verən qəddarlığa etiraz edən dağların, sahili meyitlərlə dolu Əlincə çayının harayı ilə birləşərək qorxunc, ekspressiv atmosfer yaradır.  

Kameranın təsvir yaratmaq üçün geniş bucaqlı çəkilişlər aparmağa imkanı olur. Yəni məkanı kiçik bucağa qısnamağa lazım gəlmir. Hətta “Babək” filmində döyüş səhnələri üçün geniş məkanlar var.

Daha bir mühüm amili qeyd eləmək lazımdır. “Babək”, “Nəsimi”, “Dədə Qorqud” filmləri sadəcə məkan baxımından ideal olduğu üçün deyil, həm də torpağın tarixi hadisələrə, obrazlı desək,  şahidliyi səbəbindən Naxçıvanda lentə alınıb. 

Bu səbəbdən Naxçıvanın həm də sənədli film üçün xarakterik olan şərtləri və şəraiti mövcuddur.

Naxçıvanın rəngarəng relyefi, tarixi abidələrlə zənginliyi, fakturası şərait yaradır ki, bədii və sənədli filmlərin çəkilişi zamanı mövcud reallığın gözlənilməz elementləri süjetə təbii şəkildə qarışsın, daxil olsun.

Bundan başqa landşaftın çoxölçülü quruluşu kinematoqrafçıları kadrların kompozisiyasını qurarkən onları səhnənin əlavə estetizasiya problemindən xilas edir. 

Ümumiyyətlə, Naxçıvanın təbii modelini mahiyyətcə zamanında kinematoqrafiyada hadisəyə çevrilmiş, İkinci Dünya müharibəsinin bitməsi ərəfəsində meydana çıxmış italyan neorealizm cərəyanına, “Cinema verite”, (Cinema verite fransız sözüdür, hərfi mənası kino həqiqət deməkdir. 1950-60-cı illərdə Fransa kinosunda meydana gəlmiş eksperimental cərəyandır), “Doqma-95” manifestinin (“Doqma-95” – 1995-ci ildə bir qrup rejissor tərəfindən Kopenhagendə yaradılmışdır) metodlarına uyğundur. Yuxarıda adını çəkdiyimiz cərəyan və metodların ümumi cəhəti budur ki, reallıq təhrif edilmir, onun imkanlarından maksimum istifadə olunur, çəkilişlər təbii lokasiyalarda aparılır, təbii işıqdan yararlanırlar, improvizə və kamera istifadəsi birləşdirilərək gerçəyi, ilk baxışda görünməyən məqamları ortaya çıxarır.

Düşünürəm ki, Naxçıvan təbiəti gələcəkdə dünya kinematoqrafçıların nəzər diqqətində olacaq. Bunun üçün səmərəli işlərə başlamaq lazımdır.

Tahir Tahiroviç

Kinorejissor 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: