İslam Mədəniyyətinin və ölkəmizin Gənclər Paytaxtı - Naxçıvan - FOTOLAR - FOTOLAR
Çoxəsrlik tarixə, zəngin maddi-mədəniyyət abidələrinə malik olan muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri zaman keçdikcə daha da gözəlləşir, inkişaf edir. Yaraşıqlı binalar, təmiz prospekt və küçələr, meydanlar, yaşıl bağlar, gözoxşayan parklar, qədim və müasir abidələr insanı valeh edir.
Bu gün Naxçıvan şəhəri muxtariyyətin, mədəniyyətin, gənclərin paytaxtı kimi şan-şöhrət qazanır. Belə ki, 1924-cü ildən muxtariyyətin paytaxtı olan bu qədim şəhər 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtıdır. Bu gün bu diyar Azərbaycanın böyük tarixi şəxsiyyəti, xalqımızın ümummilli lideri Heydər Əliyevin, mütəfəkkirlərin, görkəmli sərkərdələrin, dahi söz ustadlarının arzularının reallaşdığı möhtəşəm bir məkandır. Ulu Öndər ideyalarına böyük sədaqət nümayiş etdirən, ondan güc alan, görkəmli dövlət xadiminin göstərdiyi yolla qətiyyətlə irəliləyən, gündən-günə inkişaf edən, Şərqin qapısında məğrur dayanan, düşmənə gözdağı olan Naxçıvan bu gün vətənpərvərlik nümunəsinə çevrilib.
Naxçıvanda həyat elə qurulub ki, yaxın və uzaq ölkələrdən buraya gələnlər ideal bir məkanda olduqlarını görürlər. Təəccübləndiklərini də gizlətmirlər ki, doğma Vətəndən cismən ayrı düşmüş bir məmləkətdə qısa zaman kəsiyində bu miqyasda inkişafa necə nail olunub? Bütün bu nailiyyətlər Vətənə sədaqətli naxçıvanlıların fədakarlığı sayəsində əldə edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin daim böyük diqqət və qayğı göstərdiyi muxtar respublika bu gün bütün sahələrdə əhəmiyyətli uğurlar əldə edir. Onun paytaxtı Naxçıvan şəhəri isə önəmli beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu, müstəqil Azərbaycan dövlətinin tarixi uğurudur.
NUHÇIXAN İslam Mədəniyyətinin və ölkəmizin Gənclər Paytaxtı olan bu şəhərin gözoxşayan fotolarını təqdim edir.