Xan babalarımızın ruhunu yaşadan saray

A- A A+

Başqa ölkələrdə və xalqlarda qadınların hüquqlarının tapdalandığı, qadına kölə kimi baxıldığı bir zamanda (XII əsrdə) bu ulu torpaqda hökmdarın xanımının adına və şərəfinə ucaltdığı möhtəşəm abidə  (Möminə xatun türbəsi) ilə üz-üzə Xanın malikanəsinə doğru addımlayıram. Əzəmətli, möhtəşəm, əsl döyüşçü duruşu ilə “Xan diki”ndə qərarlaşan qırmızı daşlı saray əsrlərə, zamana meydan oxuyur.

XVIII əsrdə Azərbaycan ərazisində mövcud olmuş xanlıqlarda hər bir xanın özünəməxsus sarayı olub. Ayrı-ayrı şəhərlərdə tikilən bu saraylar   ümumi quruluşuna və fasad interyerinə görə fərqlənsələr də, eyni sturuktura və memarlıq üslubuna malik olublar.  

1747-ci ildə Nadir xan imperiyası dağıldıqdan sonra Azərbaycan ərazisində bir çox xanlıqlar yarandı. Onlardan biri də  Heydərqulu xanın əsasını qoyduğu Naxçıvan xanlığı idi. Bu ulu torpağa sahiblik etdiyi zamanlarda Naxçıvanın bir çox ərazilərində tarixi tikililər, eləcə də öz  iqamətgahlarını- bu  möhtəşəm sarayı ucaldan xan babalarımız zaman -zaman bu imarətdə yaşadılar. Kalbalı xan Kəngərlinin tikdirdiyi  sarayda  1820-ci ildən sonra İsmayıl xan və Ehsan xan Naxçıvan xanlığını idarə ediblər. Özünün dövlətçilik ənənələri, torpaqlarımızın qorunması ilə   Azərbaycan dövlətçiliyinə çox böyük töhfələr vermiş Naxçıvan xanlığı  ləğv olunduqdan sonra sarayda Kəngərli süvarilərinin komandanlığı yerləşdirilib. 1918-20-ci illərdə Naxçıvan Milli Müdafiə Şurasının qərargahı bura köçürülüb. 1998-2010-cu illərdə isə Xalça muzeyinin   yerləşdiyi saray müxtəlif dövrlərdə baxımsız vəziyyətə düşsə də,  varlığını qoruyub saxlaya bilib. Tarixi binanın ruhu və nəfəsi özünə qaytarılıb. Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu və  Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanmasındakı  xidmətləri nəzərə alınaraq Muxtar Respublika Ali Məclis Sədrinin 23 oktyabr 2010-cu il tarixli Sərəncamı ilə “Xan sarayı Dövlət Tarix  Memarlıq Muzeyi” yaradılıb. Bir zamanlar xan babalarımızın yaşadığı  bu imarət nadir memarlıq üslubu ilə şəhərimizin hüsnünü gözəlləşdirir,  xüsusilə  yaz-yay aylarında  yaşıllıqlar  qoynunda  nağılvari  bir görkəm alır. Dövlətçilik tariximizin simvolu olan sarayın daş yaddaşında, divarlarında  çox  hadisələr qalıb. Burada həm xan ailəsi yaşayıb, həm də  feodal dövlətin idarəçiliyi həyata keçirilib.

Bina xanlıq dövrünün tarixini yaşadan muzey kimi fəaliyyət göstərdiyi  ilk illərdən ona rəhbərlik edən Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Nəzakət Əsədova ilə zərif memarlığı, ehtişamlı görkəmi olan sarayın pillələrini qalxırıq. Özümü xan-bəy dövründə hiss edir, xəyalımda bu sarayın cah-cəlallı, səsli-küylü vaxtlarını canlandırıram. Adam üç-dörd əsr əvvələ gedir sanki bir anlıq. Nəzakət xanım  qapını açır və  bura  giriş zalıdır deyib bizi xanın malikanəsi ilə tanış edir.  Giriş zalında üç mühüm sənəd  var. Ümummilli lider Heydər Əliyevin  2002-ci ildə AMEA Naxçıvan bölməsinin açılışındakı çıxışı  zamanı Azərbaycan xanlıqları, o cümlədən Naxçıvan xanlığı haqqında dediyi fikirlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muzeyin yaradılması ilə bağlı   verdiyi  Sərəncam və Naxçıvan xanlığının xəritəsi...

Bu üç mühüm sənədlə tanışlıqdan sonra 9 ekspozisiya zalı olan  muzeyin  2-ci və 3-cü zalına ayaq qoyuruq. Bu zallarda xanlıq dövrü ilə bağlı mənbələr, Naxçıvan xanlığının bayrağının, gerbinin fotosurəti, Naxçıvan xanlarına və onların ailə üzvlərinə aid fərdi və kollektiv fotoşəkillər,  elmi-tarixi ədəbiyyatlar var.  

Naxçıvan xanlığının tarixi barədə geniş məlumat verilən kitabların tarix qoxan səhifələrini vərəqləyirik. Nəzakət xanım bildirir ki, 80 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 3000-ə yaxın eksponat var. Bu illər ərzində xan nəslindən olan davamçılar muzeyə çoxlu eksponatlar bağışlayıblar. Hər biri bir tarix olan eksponatlar muzeyin fondunu daha da zənginləşdirib.

Üçüncü zalda Naxçıvan xanlarının qadın nümayəndələrinin fotoşəkilləri  və onlar haqqında olan məlumatlar yer alıb. Şairə Xurşudbanu  Natəvanın qızı Xanbikə xanımın obrazı boylanır divardakı rəsmdən.      İsmayıl xanın oğlu polkovnik Əmənulla xanla ailə həyatı quraraq Kəngərli nəslinə gəlin gələn Xanbikə xanım Əkbər xanın anası olub. Tədqiqatçıların qeydlərindən məlum olur ki, Xanbikə xanım anası kimi  rübailər, qəzəllər yazmış, həm də gözəl əl işləri hazırlamışdır.

II Kalbalı xan Naxçıvanskinin qızı, Hüseyn xanın, Rəhim xanın, Cəfərqulu xanın bacısı Zərrintacbəyim. O, 1907-ci ildə erməni daşnakları tərəfindən vəhşicəsinə qətlə yetirilən  Maqsud ağa Əlixanovla  ailə həyatı qurub.  Tarixçi Musa Quliyev qeyd edir ki, Avropanın bir çox muzeylərində bu gözəl naxçıvanlı qızın adsız fotoşəkili nümayiş  olunur.

“Qönçeyi-Ülfət” ədəbi məclisinin təşkilatçısı, “Bəyim” təxəllüsü ilə şeirlər yazan incə ruhlu şairə, Ehsan xanın qızı Qönçəbəyim də vaxtilə bu sarayda yaşayıb.

Kəngərli nəslinin daha bir qadın nümayəndəsi, məşhur opera müğənnisi, Rəhim xan Naxçıvanskinin qızı Xurşud Qacarın XIX-XX əsrlərdə Azərbaycanda musiqi mədəniyyətinin inkişafında böyük xidmətləri olub.

Xan evindəki musiqi məclislərinin, folklor gecələrinin keçirildiyi ehtişamlı zal, məşhur güzgülü salon olub. Xanın evinə gələn qonaqlar  üçün burada xüsusi tədbirlər keçirilib. Şairə Qönçəbəyim xanım bu zalda keçirilən məclislərdə şeirlərini oxuyan zaman Gürcüstanın Naxçıvanda olan səfiri Barataşvili onun oxuduğu şeirləri bəyənib və gürcü dilinə yazıb özü ilə Gürcüstana apararaq oradakı ədəbi məclislərdə də oxunmasına vasitəçi olub.

1920-ci ildə sarayı kazarmaya çevirən rus kazakları məşhur güzgülü salonu dağıdıblar. Tarixi tikili bərpa olunan zaman güzgülü zal da ayna  kimi görkəm alaraq sarayın daxili interyerini yenidən işıqlandırıb.

Naxçıvan xanlarının silaharı, məişət əşyaları burda yaşamış xanımların geyimi ilə də tanış olmaq mümkündür güzgülü salonda.

“Xanlıqlar dövründə geyim mədəniyyəti ən yüksək zirvəyə çatıb. Xan ailəsi qiymətli parçalardan geyimlər tikdirib geyinər, qızıl, gümüş  kimi zinət əşyaları ilə bu geyimləri daha da gözəlləşdirərmiş”, -deyir Nəzakət xanım. Mən isə zalın bir küncündəki milli geyimli qadın maketinə diqqət kəsilirəm. Görkəmi ilə əsl xan qızıdır o.    

Qədim dövlətçilik ənənələrimizi yaşadan mənbələrlə zəngin olan sarayın diplomatiya otağındayıq. Qürurlu duruşu, qüdrətli siması ilə  müharibələrə meydan oxuyan Hüseyn xan Naxçıvanskinin rəsmi ilə üz-üzə dayanmışam. Peterburq zadəganlarının say-seçmə üzvlərindən  ibarət qvardiya süvarilərinin komandanı, 1904-cü ildə rus-yapon müharibəsi başlayanda qafqazlardan təşkil olunmuş Dağıstan süvari alayının, 1906-cı ildə Leyb-Qvardiya Polkunun, 1912-ci ildə  əlahiddə-süvari briqadasının komandiri, “Müqəddəs Georgi”, “Müqəddəs Vladimr”, “Müqəddəs Aleksandr”, “Müqəddəs Anna”, İranın almazla bəzədilmiş “Şire Xurşid, zabitlərə məxsus  “Rumin ulduzu”, Avstriyanın “Dəmir xaç”, Bolqarıstanın  “Döyüş xidmətlərinə görə” ordenləri və qızıl silahla təltif olunub, tarixin unutmadığı, qəhrəmanlığı bütün yer kürəsinə yayılmış məşhur sərkərdənin özü də bu sarayın divarları arasında dünyaya göz açıb.

Bu otaqda Araz-Türk Cümhuriyyətinin görkəmli xadimlərindən biri, könüllü xalq dəstəsinin tərkibində  tabor komandiri, erməni daşnaklarına qarşı sərt, mübariz olan, Naxçıvan məsələsinin Paris Sülh Konfransında müzakirəyə çıxarılmasının mümkünlüyü haqqında AXC ilə danışıqlar aparmaq üçün Araz-Türk Cümhuriyyətinin Bakıya ezam etdiyi  nümayəndə heyətinin başçısı Bəhram xan Naxçıvanski və onun ailəsi ilə  bağlı olan materiallar da diqqəti cəlb edir.

İstər AXC, istərsə də mahalın sovetləşməsi prosesində ilk çağlarında  bölgənin türk-müsəlman əhalisinin erməni daşnaklarından müdafiəsi işində fəallıq göstərmiş, lakin sonralar “Qardaş qırğınının təşkilatçısı damğası ilə 1920-ci ilin avqust ayında qardaşı Rəhim xan Naxçıvanski ilə birlikdə Naxçıvan İnqilab Komitəsi tərəfindən həbs edilərək Şuşa həbsxanasına göndərilmiş və orda da vəfat etmiş görkəmli ictimai xadim  Cəfərqulu xan Naxçıvanski və onun ailəsində dünyaya göz açan adı, ünvanı hamıya bəlli olan, adına hərbi lisey, küçə, xiyaban, muzey olan  Kəngərlilər sülaləsinin sonuncu generalı Cəmşid xan Naxçıvanskinin də qürurlu duruşu bu otağın divarından asılmış rəsmdə əbədiləşib.

Və Naxçıvan xanlığının bayrağı... Kim bilir, vaxtilə bu otaqda Naxçıvan xanlığının bayraqları əhatəsində Naxçıvan xanlığı üçün hansı mühüm  qərarlar verilib, hansı siyasi məsələləri öz həllini tapıb, hansı məşhur şəxslər burada qonaq olub. Bütün bunları bu daş divarlar daha yaxşı yaddaşında saxlayıb.   

Kalbalı xan Kəngərli XVIII əsrin sonlarında bu sarayı tikdirəndə burada Naxçıvan xanlığının tarixinin əbədiləşəcəyini düşünməmişdi bəlkə də.   Ancaq bir həqiqət var ki,  bu tarix elə bu torpaqda bu möhtəşəm sarayın timsalında əbədiləşib. Tarixinə sahib çıxan xalq onu yaşatmağı da  bacarır. Sarayı ziyarətə gələn tamaşaçılara Naxçıvanın xanlıq dövrü,  Naxçıvanskilər layiqincə təbliğ olunur.

Və bu il Naxçıvanda bir sıra tarixi abidələrin, o cümlədən “Xan Sarayı” Dövlət Tarix Memarlıq, Möminə xatun və Açıq Səma Altında Muzey Kompleksinin də YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınması  nəzərdə tutulub. Bu minvalla da saray iqtisadi qüdrətimizi, gücümüzü, varlığımızı, milli dövlətçiliyimizi dünyanın yaxın-uzaq ölkələrinə tanıtmaq funksiyasını daşıyacaq, xan babalarımızın ruhunu layiqincə yaşadacaq.

Türkanə Əmoyeva

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: