Gənclər Günü münasibətilə konsert proqramı təqdim olunub - FOTOLAR
Naxçıvan Dövlət Musiqili Dram Teatrında 2 Fevral – Gənclər Günü münasibətilə konsert proqramı təqdim olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən konsertdə rəngarəng musiqilər səsləndirilib.
Proqram çərçivəsində Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Zülfüqar Mahmudov və Ruhiyyə Hüseynovanın yaddaqalan ifaları, Rüstəm İbrahimovun səsləndirdiyi “Xarıbülbül” xalq mahnısı, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Sona Abbasova və Haqverdi Əliyevin təqdim etdikləri “Vals”, Hakim Məmmədlinin dirijorluq etdiyi simfonik orkestrın ifasında Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən türk qızlarının rəqsi, müğənnilərdən Bəhruz Quliyevin oxuduğu Bəhram Nəsibovun “Gəl inad etmə”, İlkin Abdullayevin ifasında Firudin Allahverdiyevin “Nərdivan”, Nərmin Hüseynovanın səsləndirdiyi Tofiq Bakıxanovun “Gözəllik məskəni” mahnıları, Mahnı və rəqs ansamblının “Şənlik” süitası, “Qaytağı” rəqsi, Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin ifasında İohann Ştrausun “Rodetski marşı” izləyicilər tərəfindən maraqla qarşılanıb.
Azərbaycan Respublikasının Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, dosent Sahib Paşazadənin Yaşar Xəlilovun “Sözsüz” mahnısının və Həsən Rzayevin “Çahargah” rapsodiyasının tarda ifası, beynəlxalq müsabiqələr laureatı Sevinc Kərimovanın fortepianoda müşayiəti də yaddaqalan olub. Azərbaycan Respublikasının Əməkdar artisti Sahib Paşazadə əvvəlcə Gənclər Günü münasibətilə gəncləri təbrik edib, Naxçıvana gəlişindən məmnunluq duyduğunu bildirib.
Qeyd edək ki, konsertdə izləyici qismində Bakı şəhərindən Naxçıvana qonaq gələn Xalq artisti, professor, bəstəkar Tofiq Bakıxanov da iştirak edib. Konsert proqramında bəstəkarın da əsərlərinə müraciət olunub.