NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının Əməkdar artist Behruz Haxverdiyevin 60 illik yubileyi qeyd olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov çıxış edərək bildirib ki, teatr sənəti qədim ənənələrə malik olmaqla xalqımızın tarixi, məişəti və dünyagörüşü ilə bağlıdır. Naxçıvan teatrı da həmişə Azərbaycan milli teatrının mühüm tərkib hissəsi kimi onun inkişafında əhəmiyyətli yer tutub. Bu teatrda zaman-zaman Azərbaycan dramaturgiyası ilə yanaşı, dünya klassiklərinin əsərlərinə də müraciət olunub və uğurlu tamaşalar səhnəyə qoyulub. Bu ənənələr bu gün də yaşayır və Azərbaycan mədəniyyətinə öz töhfəsini verməkdədir.
Qeyd olunub ki, muxtar respublikada teatr sənətinin inkişafında xidmətləri olan insanların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Yaradıcı insanlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdü və mükafatlara layiq görülürlər. Bu gün 60 illik yubileyi qeyd olunan Behruz Haxverdiyevin də fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 2000-ci ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti”, 2012-ci ildə isə “Azərbaycan Respublikasının Əməkdar artist” fəxri adına, 2008 və 2014-cü illərdə hər bir aktyor üçün ən yüksək uğur sayılan Prezident mükafatına layiq görülüb. Emin Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi adından yubilyarı təbrik edib, sənətkara gələcək fəaliyyətində uğurlar arzulayıb, yubilyara hədiyyə təqdim olunub.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova yubilyarın həyat və fəaliyyəti haqqında məlumat verərək bildirib ki, Behruz Haxverdiyev 1962-ci il yanvarın 27-də Naxçıvan şəhərində Xalq artisti Əyyub Haqverdiyevin ailəsində dünyaya göz açıb. 1982-ci ildən Naxçıvan teatrında aktyor kimi fəaliyyətə başlayıb. Teatrda işlədiyi müddətdə Hüseyn Cavidin “İblis”ində Vasif, “Topal Teymur”unda Ağbuğa, İslam Səfərlinin “Xeyir və Şər” pyesində Xeyir, Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasında Vəli və digər obrazları canlandırıb. Səhnədə çevikliyi, dinamikliyi ilə seçilən aktyor oynadığı obrazların daxili aləmini ustalıqla tamaşaçıya çatdıra bilir.
Teatrın direktoru, Azərbaycan Respublikasının Xalq artisti Rza Xudiyev Behruz Haxverdiyevin zəngin yaradıcılığından söz açıb, yubilyarı təbrik edib. Vurğulayıb ki, aktyor təkcə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında deyil, muxtar respublikada fəaliyyət göstərən digər teatrlarda da maraqlı obrazlar yaradıb.
Tədbirdə Xalq artistləri Kamran Quliyev, Şirzad Abutalıbov, Yasəmən Ramazanova və Əməkdar artist Tofiq Seyidov aktyorla bağlı xatirələrini paylaşıb, ona yeni sənət uğurları arzulayıblar.
Sonda Behruz Haxverdiyev çıxış edərək yaradıcılığına yüksək qiymət verildiyinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını ifadə edib, səhnə sənətimizin inkişafı üçün bundan sonra da fədakarlıqla çalışacağını deyib.