“Kitabi-Dədə Qorqud” dastanında Əlincəqala haqqında verilən məlumatlar ədəbiyyatımızın söz xəzinəsi kimi

A- A A+

“Kitabi-Dədə Qorqud” dastanı ümumtürk ədəbiyyatının misilsiz söz xəzinəsidir. Dastan əfsanələrdən, rəvayətlərdən və şifahi xalq ədəbiyyatından qaynaqlanaraq yaranmış fenomen biliyin məhsulu kimi “başında dövlət olan” oğuzlara təqdim olunan mühüm sənədlər toplusu kimi də diqqəti cəlb edir. Bu sənədlərdəki sözlər elə məharətlə ifadə olunmuşdur ki, dastandakı boyların bir şəxs tərəfindən qələmə alınmasına heç bir şübhə qalmır. Kitabda oğuzların mübarizəsi rəngarəng bədii boyalarla təsvir olunmuş, onların yaşadıqları bölgələr mahir söz sənətkarlığı ilə ifadə edilmişdir. “Kitabi-Dədə Qorqud” dastanındakı “xəritə”də təsvir edilən, oğuzların olduqca qədim dövrlərdən məskunlaşdığı yurd yerlərindən biri də Əlincəqaladır.

Qeyd etmək lazımdır ki, “Kitabi-Dədə Qorqud”un olduqca fərqli və unikal dil üslubu vardır. Dastanı Azərbaycan dili qanunları daxilində təhlil etdikdə “Dədə Qorqudun dili”nin maraqlı ifadə üsulları ilə qarşılaşırıq. Belə ki, “Uşun qoca oğlu Səgrək boyu”nda feillərdən isim yaradan qeyri-məhsuldar -ək şəkilçisi ilə əgir(mək) (əyirmək) və səgir(mək) (səyirmək) sözlərindən yaranan “Əgrək” və “Səgrək” adları toxuculuğu ifadə edir. Bu isə onu düşünməyə əsas verir ki, boyda əsas qəhrəmanların adları təsadüfən ifadə olunmamış, adlar təyin olunarkən dəqiqliklə düşünülmüş, bu zaman adı ifadə edən məkanlar, yəni toponimlərin mənaları (İğdır və Culfa bölgəsi) adlarla ifadə edilmişdir. Belə ki, teşi ilə, yaxud cəhrədə yunun və pambığın birinci mərhələdə əyrilməsi, daha sonra sərinməsi (“əgrilməsi” və “səgrilməsi”) “Əgrək” və “Səgrək” adlarının mənasına da aydınlıq gətirir. “Səgirmək” sözü həm də atla çapmaq, “atı səyirtmək” mənasını ifadə edir. At çapdığı zaman, yəni səyirərkən qabaq və arxa ayaqlarının ip sərinən qaydada insan qolu ahəngində hərəkət etməsi onu düşünməyə əsas verir ki, bu sözlər oxşar hərəkətlərə nəzərən yaranmış, “səyirmək” sözündə zamanla -y samiti sözdən düşmüş, – i və – r səslərinin metatezası nəticəsində “səgirmək” sözü zamanla “sərimək” kimi ifadə edilmişdir. Dastanda “Əgrəyə Səgrək yaraşar” ifadəsindəki məna Naxçıvan bölgəsində qədim inanclardan biri kimi insanın gözü səyirərkən kirpik üzərinə müxtəlif rəngli sap qırığı qoyulması, fikrimizcə qədim dövrlərdən toxuculuqla əlaqədar yaranan adətlərdən biridir. Qədim tarixə malik Əlincəqalanın yerləşdiyi bölgədə “Culfa” və “İğdır” kimi yer adları bu bölgədə yaşayan oğuzların qədim dövrlərdən toxuculuqla məşğul olduğunu göstərən mühüm faktlardandır. “Kitabi-Dədə Qorqud”da olan bu faktlar onu düşünməyə əsas verir ki, Culfa və İğdır əraziləri oğuzların yun, yaxud pambıq əyirməyi (teşi və cəhrədə) kəşf etdikləri və bu sənətlə məşğul olduqları ilk yerlər olmuşdur. Toxuculuqla məşğul olan Oğuz boylarının, yaxud bu sənətlə məşğul olan insanların Oğuz elində böyük nüfuza malik olması dastanda aşağıdakı sözlərlə ifadə olunur: “Oğuzların zamanında Uşun qoca deyilən bir kişi vardı. Övladdan iki oğlu vardı. Böyük oğlunun adı Əgrək idi. Pəhləvan, cəsur, yaxşı bir igid idi. Haçan istəsə, Bayandur xanın divanına gəlib gedərdi. Bəylərbəyi olan Qazanın divanında onun üçün qapı-baca yox idi. Bəyləri aşağı başda qoyub, Qazanın lap önündə oturardı. Heç kimə qaynayıb qarışmırdı”. Adı toxuculuqla bağlı olan Əgrəyin xanlar xanı Bayandur xan və bəylərbəyi Qazan xanın divanında xüsusi yeri olması Oğuz elinin başçılarının döyüşkənliklə yanaşı, sənətkarlığa və toxuculuğa da mühüm əhəmiyyət vermələrini göstərir. Bunlarla yanaşı, Əgrəyin Şərurdan Göyçə gölünə qədər at çapması, Səgrəyin Dərəşamdan keçərək Əlincəqalaya gəlməsi təsadüfən, sözgəlişi ifadə edilən fikirlər yox, “İğdır” və “Culfa” adlanan yurd yerlərinə işarə etmək deməkdir. Akademik İsa Həbibbəyli “Kitabi-Dədə Qorqud”u yazılı ədəbiyyata aid edərək yazır ki, “Kitabi-Dədə Qorqud”da yazılı ədəbiyyata dair çoxsaylı xüsusiyyətlərdən biri də burada folklorda sələfi olmayan və ilk dəfə Dədə Qorqud tərəfindən yaradılmış bədii obrazların olması ilə əlaqədardır. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Nizami Gəncəvinin də “Xəmsə”sində müxtəlif hadisə və yerlərə nəzərən təyin etdiyi adlar təsadüfi deyil, olduqca mühüm tarixi əlamətlərin bir ifadəsi, oğuzların yaratdığı ədəbi ənənənin davamı kimi Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.

“Uşun qoca oğlu Səgrək boyu”nda bəhs edilən şəxslərdən biri də “Qara Təkur” adıdır. Oğuzlarda “Qara Yusif ”, “Qara Məhəmməd”, yaxud “Qara xan” kimi adların olması “Qara Təkur” adının da milli mənşəli “qara”, yəni “böyük”, “qüvvətli” mənasını ifadə etdiyini göstərir. “Təkur” isə “Kitab”da xristian başçılara verilən addır. Əlincəqala yaxınlığında “Qaralar” toponimi və bu sözdə qrammatik – lar qeyri-məhsuldar şəkilçi, “qara+lar” sözünün antroponim kimi “Qara” adı ilə bağlı olmasını göstərir. “Qara” adı ilə bağlı bu antroponim, fikrimizcə, dastanda bəhs edilən Əlincəqala təkuru Qaranın adı ilə bağlantılı ola bilər. Aydın görünür ki, Dədə Qorqud “Kitab”da bəhs etdiyi bu yerlərin tarixini, coğrafiyasını, məişət və təsərrüfat həyatını olduqca yaxından bilmiş və adları çəkilən bu obrazları özünəməxsus fərdi xüsusiyyətləri ilə vermişdir. Səgrək qardaşı Əgrəyi anasından “üstüörtülü” şəkildə soruşduğu şeirdəki sözlər də məsələyə aydınlıq gətirən faktlardan biridir.

“Qalqubanı, ana, yerimdən durdum,

Yelisi qara Qazlıq atıma butun bindim.

Arquri yatan Ala dağ ətəginə vardım.

Qanlu Oğuz ellərində dərnək var imiş anda vardım.

Yemək içmək arasında ağ-boz atlı bir çapar gəldi.

Çoq zamanmış, “Əgrək” deyərlər, bir yigid tutsaqmış.

Qadir Tanrı yol vermiş, çıqub gəlmiş.

Ulu-kiçi qalmadı, ol yigidə qarşu getdi.

Ana, bən də varayımmı, nə dersin?- dedi” Burada Səgrəyin anasının “ağzını araması” və Əgrəyə nəzərən “Qanlu Oğuz elləri”ndən bəhs etməsi heç də təsadüfi deyil. Fikrimizcə, “Qanlu Oğuz elləri” Qalın Oğuzla tez-tez vuruşan, yəni Səgrəyin mənsub olduğu Qalın Oğuz elinin “qanlıları” mənasını ifadə edir ki, burada Qalın Oğuzdan “üç gün gecə-gündüz yol” məsafəsində yaşayan əhalinin yaşadığı yurdun “Qanlı Oğuz elləri” adlandırılması da təsadüfi deyil. Səgrəyin anasının isə “Qalın Oğuz bəgləri izinə, varsa sən də vargıl” deməsi “hər kəs deyil, yalnız Qalın Oğuzdan olanlar o şəxsi qarşılasa, sən də onlarla birlikdə qarşıla” deməkdir.

“Qanlu” sözü həm də “qırmızı” deməkdir. “Qırmızı” sözünə türk dillərində həm də “al” deyilir. Fikrimizcə, dastanda İslam dininə inanan Oğuzların rəhbərləri (Bayandur xan və Qazan xan) “ağ-ban evin sahibləri” kimi ifadə edildiyi üçün “Qanlı Oğuz”da yaşayanlar, yəni bu elin Qara Təkur kimi rəhbərləri bu mənada “al-ban”, yəni “al-ban evin sahibləri” adlandırılmışdır. Səgrəyin Əgrək barədə anasının “ağzını arayaraq” söz soruşması “dolayı yolla”, “müxtəlif işarələrlə fikirlərini bildirmək” deməkdir. Bu isə onu düşünməyə əsas verir ki, “Uşun qoca oğlu Səgrək boyu”nda “Qanlu Oğuz elləri” deyilərkən əslində Qafqaz Albaniyasında yaşayan oğuzlar nəzərdə tutulmuşdur.

“Kitabi-Dədə Qorqud” dastanının Azərbaycan tarixinin öyrənilməsində və tədqiq edilməsində misilsiz əhəmiyyəti vardır. “Kitab”da bəhs edilən hadisələr isə müəyyən bir dövləti deyil, oğuzların çoxəsrlik dövlətçilik bilgilərini ifadə edir ki, bu dövlətçilik dairəsinin mərkəzində təsvir olunan şəxs Bayandur xandır. “Uşun qoca oğlu Səgrək boyu”nda olan məlumatlar isə Azərbaycan xalqının tarixində baş verən bəzi hadisələrin kiçikhəcmli, lakin mənaca böyük epoxasının mündəricəsi kimi olduqca mühüm əhəmiyyət kəsb edən tarixi bilgilər toplusudur.

Kamal Gülmalıyev

“Əlincəqala” Tarix Mədəniyyət Muzeyinin direktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: