Naxçıvan xalçalarının qədim naxışı- Buta

A- A A+

Naxçıvan xalçalarının geniş yayılmış naxışlarından biri olan butanın tarixi olduqca qədimdir. Tarixi Son Eneolit dövründən başlayan butadan əvvəlcə gil qabların bəzədilməsində istifadə olunub. Naxçıvan xalçalarında isə buta fərqli formalarda təqdim edilib. Ornamental kompozisiyada fərqli məna, azacıq forma müxtəlifliyi ilə seçilməsinə baxmayaraq, buta öz ilkin quruluşunu qoruyub saxlaya bilib. Naxçıvanda yaransa da, butanın yayılma arealı çox geniş olub.  Gəncə, Qarabağ, Ərdəbil və digər bölgələrin xalçalarında rast gəldiyimiz buta Naxçıvan xalçalarındakı butalarla eynilik təşkil edir. Ancaq Naxçıvan xalçalarında butalar, butalı kompozisiyalar daha çox üstünlük təşkil etməkdədir. Tədqiqatlar göstərir ki, buta tipli naxış həyatın, yaşamın, yenilənmənin simvolu kimi hələ qədim zamanlardan ulu əcdadlarımızın mifoloji təfəkküründə formalaşıb. Mifoloji təfəkkürün qaynaqları folklor nümunələrimizdə də yaşadılaraq günümüzə qədər gəlib çatıb. Zamanla buta ilmələrlə xalçalara və digər dekorativ-tətbiqi sənət nümunələrinə tətbiq olunub.

Dünyanın məşhur xalçaları sırasında adı çəkilən Naxçıvan xalçaları Azərbaycan xalçalarının ayrılmaz tərkib hissəsidir. Naxçıvanın müxtəlif bölgələrində nənələrimiz tərəfindən toxunan bu xalçalar yüksək keyfiyyəti və sənətkarlıq xüsusiyyətləri ilə diqqəti cəlb edir. Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyasında Naxçıvan Muxtar Respublikasının rayonlarında və Naxçıvan şəhərində toxunan xalçalar sərgilənir. Muzeyin ekspozisiyasında yer alan və XIX əsrin əvvəlləri,  XX əsrə aid olan  xalçaları bəzəyən naxışların tarixi isə olduqca qədimdir. Bu qədim naxışlardan biri də butadır. Ekspozisiyada sərgilənən xalçalardan birinin mərkəzi hissəsi başdan-başa buta ilə bəzədilib. Bir-birinə sıx yerləşdirilən bu butalar xalçanın bədii görünüşünə də xüsusi gözəllik verib.

Butalara Azərbaycan xalçalarının digər qruplarında da rast gəlinir. Naxçıvan xalçaları kimi, Gəncə, Qarabağ, Ərdəbil xalçaları da buta çeşidlərinin və kompozisiyasının zənginliyi ilə fərqlənir. Bu isə butanın bütün Azərbaycan xalqı üçün xarakterik olduğunu təsdiq edir.

Naxçıvan xalçalarında əks olunan bəzi butalar altıbucaqlı həndəsi formaya malikdir. Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyasında nümayiş olunan və altıbucaqlı həndəsi formalı butalarla zəngin olan xalçalardan biri Naxçıvan şəhərinin Əliabad qəsəbəsində toxunub. Həmin xalçada toxunan butaların düzülüş istiqaməti Qarabağ qrupunda və Gəncə xalçalarında olduğu kimidir.

Muzeydə olan xalça nümunələrinin müqayisəli təhlilindən aydın olur ki, butalar başlıca olaraq xalçaların mərkəzi hissəsinə düzülür. Belə kompozisiyalarda butalar küsülü butaları xatırladır. Küsülü buta kompozisiyası Naxçıvan xalçaları üçün xarakterikdir. Tədqiqatçı Sara Hacıyeva Naxçıvan xalçalarındakı ən geniş yayılmış elementin “buta” olduğunu vurğulayıb, həmçinin butaları öz bədii quruluşuna və texniki üslubuna görə digər xalçaçılıq məktəblərinin ornamentlərindən fərqləndirərək “Naxçıvan butası” adlandırıb.

Ancaq Naxçıvan xalçalarının naxışlanma motivində Azərbaycanın digər bölgələri ilə də bağlılıq aydın sezilir. Həndəsi tipli buta naxışının yalnız Naxçıvan üçün deyil, bütün Azərbaycan üçün xarakterik olduğu bu cəhətdən aydın görünür. Şübhəsiz ki, Naxçıvan Azərbaycanın mərkəzində yerləşdiyindən, ticarət yollarının kəsişmə nöqtəsində olduğundan sənətkarlıq texnikası, bədii üslub, babalarımızın adət və ənənələri bir-birinə təsir edib. Bütün bunlara baxmayaraq, butanın Naxçıvan üçün xarakterik olduğunu göstərən faktlar da az deyil. Belə ki, Erkən Orta əsrlərdən başlayaraq maddi-mədəniyyət, dekorativ-tətbiqi sənət nümunələri, memarlıq abidələri üzərində rast gəldiyimiz butanın nəinki Azərbaycan, dünya miqyasında ən qədim nümunəsi Naxçıvandan tapılıb. Yeri gəlmişkən, qeyd edək ki, Naxçıvan qədim dövrlərdən başlayaraq dünya miqyaslı mədəniyyət mərkəzi olub, Naxçıvanda yerləşən xammal mənbələri Şərq xalqları tərəfindən istifadə edilib, Naxçıvanda formalaşan mədəniyyətlər Qarabağa, İrəvana və Urmiya hövzəsinə təsir edib.

Bir sıra tədqiqatçılar indiyədək dünyanın ən qədim buta naxışı kimi təqribən 1000-1476-cı illər ətrafında tarixləndirilmiş Ant toxumalarındakı butaları göstərirdilər. Son illər Naxçıvanda aparılan arxeoloji tədqiqatlar bu fikirləri dəyişməyə və butanın tarixinə yenidən baxmağa imkan verir. Arxeoloji qazıntılar zamanı Naxçıvan ərazisindən tapılan sənət əsərlərinin üzərində olan butalar bu tarixi daha da qədimləşdirir. Tədqiqatçılar tərəfindən tarixi Son Eneolit dövrü kimi dəyərləndirilən buta naxışlı gil qablardan bir neçəsinə Ovçular təpəsində, bir ədəd keramika parçasına isə Xələc yaşayış yerində rast gəlinib. Qeyd edək ki, bu qablarda buta naxışı qabın gövdə hissəsində, simmetriyaya uyğun olaraq, üç dəfə boya ilə çəkilərək təkrarlanıb. Ona görə də qətiyyətlə deyə bilərik ki, buta naxışının ən qədim nümunəsi hələlik Naxçıvanda tapılan qeyd etdiyimiz gil qabların üzərindədir.

Buta formaca badama bənzədiyinə görə bu adla da tanınıb. Bununla bağlı olaraq  “Badambuta”, “badamıbuta” terminləri  yaranıb. Bir çox Avropa ölkələrində buta naxışı badam şəkilli, badam formalı buta kimi qeyd olunur. Buta adlarında olan müxtəliflik onu göstərir ki, naxış hər zaman eyni mənanı ifadə etməyib. Badama bənzər formalı naxışlar bizim eradan əvvəl və erkən orta əsrlərdən başlayaraq sənətkarlıq nümunələrindən məlumdur. Deyə bilərik ki, Naxçıvan ərazisindən tapılmış, tarixi min illər bundan öncəyə gedən buta qədim dövrlərdən başlayaraq ulu əcdadlarımızın mənəvi dünyasını əks etdirən bir naxış kimi müxtəlif dövrlərdə dekorativ-tətbiqi sənət nümunələrində tətbiq edilib.

Orta əsr dekorativ-tətbiqi sənət nümunələrində sıx rast gəldiyimiz buta insanların mifoloji təfəkkürü ilə bağlı olub. Tarixi kökləri olduqca qədimə dayanan bu naxış qədim türk dastanlarında, əfsanə və inanclarda da əks olunub. Bu baxımdan butanın dekorativ-tətbiqi sənət nümunələrimizin qədim motivlərindən, naxışlarından biri olan həyat ağacı ilə yanaşı toxunması da maraqlıdır. Qədim türk dastanlarında, əfsanə və inanclarda buta həyat ağacını, dünya ağacını, nəslin davamını, artımı simvolizə edir. Qədim türk dastanlarından gələn bu inancın izləri Naxçıvan xalçalarında da öz əksini tapıb. Naxçıvan xalçalarında butanın həyat ağacı ilə yanaşı toxunması deyilən fikirləri bir daha təsdiq edir. Məhəbbət dastanlarında dərviş, ixtiyar qoca, pir və sair mifik obrazların qızı oğlana ani olaraq göstərməsi, bəzən isə eşq şərbətini içirtməsi hadisəsinə “buta aldı”, “buta verildi” deyilir. Bu isə onu göstərir ki, minilliklərdən bəri süzülüb gələn xalq yaddaşında, xalqımızın mifoloji görüşlərində buta sevginin, məhəbbətin, yeni həyatın, məhsuldarlığın simvolu olub. Buta zamanın süzgəcindən keçərək beləcə müxtəlif forma və adlarla ilmə-ilmə Naxçıvan xalçalarına toxunub, ulu əcdadlarımızın mənəvi dünyasını və tariximizi yaşadıb. Dekorativ-tətbiqi sənət nümunələrində geniş yayılan butanı da tədqiqatçılar müxtəlif adlarla tanıdıblar. Butanın badambuta, əyributa, badamıbuta, gülabdanbuta, cıqqabuta, qızılbuta, çiçəkbuta, qarmaqlıbuta, həmçinin şabalıd-buta, qıvrım-buta, çiçəkli-buta, bala-buta, balal-buta, baba-buta, lələk-buta, küsülü-buta, qovuşan-buta, qotazlı-buta, evli-buta və sair növləri vardır. Naxçıvan xalçalarında butanın şabalıdı, həndəsi, xeyir və şər, küsülü və sair növlərinə daha çox rast gəlinir.

Tarixi mənbələrdən aydın olur ki, hələ X əsrdə Naxçıvan şəhərində zili xalçaları şöhrət tapıb. XIV əsrdə yaşamış Həmdüllah Qəzvini Naxçıvanda sənətkarların çox yüksək keyfiyyətli xalçalar toxuduğunu qeyd edib. Gəncədən cənub-qərbdə yerləşən Bərdədə hələ VII əsrdə gəbə istehsal olunub, X-XI əsrlərdə isə Gəncədə ipək xalçalar toxunub, bölgələrdə xalçaçılığın yüksək inkişafı eyni dövrü əhatə edib. Bu mənada Naxçıvan, Qarabağ, Ərdəbil, Gəncə xalçalarının toxunuşunda olan bənzərlik xalqımızın ümumi mədəniyyətinin təzahürüdür. Ümumiyyətlə, Naxçıvan, Qarabağ, İrəvan, Təbriz və Urmiya bölgələri tarixən eyni bir mədəniyyətin daşıyıcısı olub. Bu mənada, qədim mədəniyyətlərin beşiyi olan Naxçıvan buta tipli naxışların da beşiyi sayılır. Naxçıvanın tarix boyu Azərbaycanın mərkəzi hissəsində yerləşməsi onu iqtisadi-mədəni əlaqələrin mərkəzinə çevirib, o, Azərbaycanın digər bölgələrinin mədəniyyətlərindən bəhrələnib və öz növbəsində onlara təsir göstərib.

Sevindirici haldır ki, Naxçıvanda qədim tarixə malik olan xalçaçılıq sənəti bu gün də qorunur, yaşadılır və inkişaf etdirilir. Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının fəaliyyət göstərməsi isə Naxçıvanda bu qədim el sənətinin yeni inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 15 fevral tarixli “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən inşa olunan və ötən il ölkə başçısının iştirakı ilə istifadəyə verilən “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı  yeni iş yerlərinin açılması ilə yanaşı, həm də yeni xalçaçılar nəslinin formalaşmasına rəvac verir. Bu minvalla  Naxçıvan xalçaçılığı daha da inkişaf edir, keçmişdən bugünümüzə gələn bu  milli ənənəyə uzunömürlülük bəxş edilir. Ən əsası isə odur ki, keçmişdə olduğu kimi evlərimizi yenə keyfiyyətli, nəfis Naxçıvan xalçaları bəzəyəcəkdir.

                                                           Fizzə Quliyeva

                            Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: