Hüseyn Cavidin “Ana” mənzum pyesi Şuşa Dövlət Musiqili Dram Teatrının repertuarına daxil edilib - FOTOLAR

A- A A+

Dahi şair və dramaturq Hüseyn Cavidin 140 illik yubileyi və 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunması ilə əlaqədar olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüseyn Cavidin ev-muzeyi və Şuşa Dövlət Musiqili Dram Teatrının birgə layihəsi əsasında Hüseyn Cavidin “Ana” mənzum pyesinin təqdimat mərasimi keçirilib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə AMEA-dan məlumat verilib.

Pyesin yeni quruluşda premyerasından öncə teatrın foyesində Hüseyn Cavidin əsərlərinin muzey tərəfindən nəşrə hazırlanan nüsxələrindən ibarət kitab sərgisinə baxış keçirilib. Dahi şairin şeirləri muğam üçlüyü tərəfindən ifa olunub, dramaturqun “Ana” əsəri haqqında, onun yeni quruluşda səhnəyə qoyuluşu barədə tamaşaçılara ətraflı məlumat verilib.

Təqdimat mərasimində filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə dramaturqun sənət yolundan, onun ilk səhnə əsəri olan “Ana” mənzum dramından, pyesin mövzu, ideya və fabulasından, səhnə taleyindən danışıb. Hüseyn Cavid dramaturgiyasının hər zaman aktual olduğunu vurğulayan məruzəçi nitqində müasir gənclərin mənəvi tərbiyəsində “Ana” əsərinin də özünəməxsus yeri olduğunu qeyd edib.

Daha sonra tədbir iştirakçıları Əməkdar artist Loğman Kərimovun quruluşunda hazırlanan “Ana” pyesinə tamaşa ediblər.

Qeyd edək ki, Hüseyn Cavidin ev-muzeyi 2022-ci il ərzində böyük Azərbaycan şairi, dramaturqu və mütəfəkkiri Hüseyn Cavidin 140 illik yubileyi ilə əlaqədar daha bir neçə müştərək layihə həyata keçirməyi planlaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: