Könül arzulayar hər zaman səni, Şərqin darvazası azad Naxçıvan...

A- A A+

Güneyli şair Məhəmməd Biriyanın “Naxçıvan yuxusu”

Bu yaxınlarda təbrizli tanınmış tədqiqatçı Rza Həmrazın “Biriyanın Naxçıvan yuxusu” adlı məqaləsinə rast gəldim. Həmin məqalə yaşadığım qədim mədəniyyət beşiyi Naxçıvan diyarı ilə bağlı olduğu üçün diqqətimi çəkdi, düşüncələrimi oxucularla bölüşmək istədim.

Türk dili, ədəbiyyatı, tarixi haqqında araşdırmalar aparıb, bu sahədə 30-a yaxın kitab, 600-dən artıq məqalənin müəllifi olan, həmçinin Təbrizdə nəşr edilən “Qürub” məcəlləsinin baş redaktoru Rza Həmrazın həmin məqaləsində tanınmış şair Biriya və onun “Naxçıvan” adlı şeirinin yaranma tarixindən bəhs edilir.

XX əsr Azərbaycan ədəbiyyatında özünəxas yeri olan, lakin totalitar sovet quruluşu və bədnam Pəhləvi rejiminin sərt qadağaları ucbatından öyrənilməsinə, əsərlərinin çapına qadağalar qoyulan, təpədən dırnağacan milli şair və azadlıq təşnəsi olan Məhəmməd Biriya Cənubi Azərbaycanda 1930-1940-cı illərdə genişlənməkdə olan  Milli azadlıq mücadiləsinin təsiri ilə yetişən qüdrətli qələm sahiblərindəndir.

Şair Məhəmməd Qulam oğlu Biriya Bağırzadə Nuhin (1914-1985) Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi Milli Hökumətin (1945-1946) maarif naziri olub. Milli hərəkat şah qüvvələri tərəfindən  qan içində boğulduqdan sonra o, 1947-ci ildə Bakıya köçüb. Burada Ali partiya məktəbində oxuyub və radioda işləyib. Elə həmin ildə S.C.Pişəvərinin avtomobil qəzası adı  ilə aradan götürülməsi onda böyük qorxu hissi, vahimə yaradıb və o, vətənə dönməyə qərar verir. Onun bu hərəkəti hökumət dairələrini bərk qorxuya salır. Qaynar bir insan olan Biriya gedişatdan narazılıqlarını gizlətməyərək fikrini aşkar ifadə edir, elə buna görə də azadfikirli şair həbs edilərək Sibirə göndərilir. Ümumilikdə 20 ilə yaxın, əzablı bir zindan həyatı yaşayan, başı müsibətlər çəkən  Biriya  keçən əsrin 60-cı illərində həbsdən buraxılsa da, ona heç bir yerdə iş verilmir. Şair  məcbur qalaraq Şamaxıda qəbiristanlıqda mollalıq edir, sonra isə Bakıda mürdəşir olur. Böyük çətinliklə 1980-ci ildə İrana qayıdır. Amma ailəsinə, oğlu həkim Faiqə qovuşa bilmir. Onu burada da  həbs edirlər. Ağır xəstəliyə düçar olduğuna görə həbsdən azad edilir və kimsəsizlər evində 1985-ci ildə vəfat edir, “Vadiyi -rəhmət” qəbiristanlığında dəfn olunur (R.Həmraz).

Şairin vəsiyyəti ilə qəbir daşına bu misraları həkk olunub:

Vurma əl türbətimə, türbəti-adəm də mənəm,

Nə o dünya, nə bu dünya, iki aləm də mənəm.

Arama qəbrimi, axtarma mənim baş daşımı,

Rəsmdə həzrəti-Nuh, ismdə Xatəm də mənəm.

Az-çox siyasətlə də məşğul olan lirik və satirik şair Biriyanın zəngin bədii yaradıcılığından lirik və satirik şeirləri, poemaları, dram əsərləri Bakıda və Təbrizdə bir neçə dəfə kitab halında nəşr olunub.

Professor Əli Minayi Təbrizli (1924-2002) Biriyanın Bakı həyatı, başına gələn müsibətlər, eləcə də “Naxçıvan” şeirinin yazılma tarixi haqqında xatirələrini qələmə alıb və bu xatirə ilk dəfə elə 1993-cü ildə onun nəşr etdiyi “Atropat” dərgisinin I və II nömrələrində  yer alıb. Əli Minayi  yazır ki, 9 aprel 1970-ci il tarixdə Novruz bayramı günlərindən sonra M.Biriya bizimlə idi. O, məsciddə mollalıq edir, bəzən də mürdəşirliklə məşğul olurdu. Bir neçə gün bizim qonağımız oldu. O, Qazaxıstanın Karaqanda şəhərində, Rusiyanın Tambov vilayətində həbsxanada qalmasından, başına gələn başqa müsibətlərdən danışırdı. Eyni zamanda ailəsinin – həyat yoldaşı Həmidə xanımın, oğlu doktor Faiqin xiffətini çəkirdi. Bir sabah dedi ki, gecə yuxu görmüşəm, danışım, yoz: “Gördüm ki, bir ayağım Naxçıvanda, bir ayağım Culfa körpüsünün qapısına söykənib. Tikanlı məftillərin arasından oğlum balaca əllərini bu yana keçirib “ata, ata” deyə məni çağırırdı, nə qədər əlləşdim, qapı açılmadı ki, açılmadı. Əllərim qan içində idi. Aşağıda gur səslə axan Araza baxırdım. İstədim, özümü suya vurub oradan keçib gedəm. Elə bu zaman çiynimə bir əl toxundu. Elə qorxmuşdum ki, qorxudan dönüb əl sahibinin kim olduğuna belə baxmadım. Arxadan gələn bu səsi eşitdim: “Oğlum, qorxma, bəri dön. Mən Naxçıvanda ağayam. Al bunu”. Səsə tərəf qorxa-qorxa gözucu baxdım. Gördüm, xoşsifət, nurani bir ağsaqqaldır. O, əlində tutduğu böyük dəmir gürzü mənə uzadıb deyirdi: “Al, bununla qapını sındır. Qayıq o tayda səni gözləyir”. Bunu deməsi ilə də yoxa çıxması bir oldu. Baxdım, onun yerə ehmalca qoyduğu ağır batman bir gürzə, bir özümün arıq, uzun, gücsüz əl-qoluma. Bir də qarşımda dağ kimi ucalan və keçidin bütün bənd-bərəsini qapayan tilsim heybətli dəmir darvazaya. Doğrusu, lap Rüstəmi- dastan işi idi. Məndə o hünər hanı... Amma çayı o yana keçmək, uzun illər həsrətində qaldığım balamı qucaqlamaq ehtirası məni rahat buraxmırdı. Yataqdan dik daşlandım və səhərə qədər bu dəhşətli mənzərəni görməyim deyə gözlərimi yummadım. Allah, sən özün xeyir elə” deyib susdu... Mən Biriyanın təşvişə düşdüyünü görüb onu sakitləşdirdim. Sonra dedim, ağa, gəlsənə bu orijinal  mövzunu şeirə salasan. Biriya dinmədi.

Biriya səhər məscidə gedəndən sonra yuxusunun təsiri altında Naxçıvana aid  bir şeir yazdı. Axşam evə gələndə o şeiri oxudu. Amma şeir nə şeir. “Şahnamə”nin rəmzi səhnələri onun yanında heç nə idi. Şair sanki ömrünü zindanlarda çürüdən cəlladlardan qisas alır, qana-qan deyir.

Naxçıvan

Könül arzulayar hər zaman səni,

Şərqin darvazası  azad Naxçıvan.

Araya almasın sis-duman səni,

Yurdu bünövrədən, abad Naxçıvan.

 

Əsir olanlara verdin həyatı,

Çöldə çobanların oxur bayatı.

Cavidin diriltdi ədəbiyyatı,

Dünya tarixinə övlad, Naxçıvan.

 

Keçən qərinələr zülmdə yandın,

Baxma ki rəngdən rəngə boyandın.

Yurduma, elimə arxa dayandın,

Aldın zəmanədə murad, Naxçıvan.

 

Səni olarmı dövr dünyada atmaq,

Aşinadan ayırıb yadlara qatmaq.

Nə qədər çətindir məqsədə çatmaq,

Aləmə fəxridir bu ad, Naxçıvan.

 

Məni qurtarmısan Araz selindən,

Çölün küləyindən, dağın yelindən.

Kömək istəyirəm sənin elindən,

Eylə bu şairi dilşad, Naxçıvan.

 

Şöhrət verdi sənə Lenin dəhası,

Mənim bu eşqimin yox intəhası.

Yolunda bu canın nədir bəhası,

Etmə Biriyaya irad, Naxçıvan.

Rza Həmraz yazır ki, Əli Minayi Təbrizi Biriya haqqında xatirələrini bu şeir də daxil 1993-cü ildə Almaniyanın Köln şəhərində nəşr etdirdiyi “Atropat” jurnalında çap etdirdikdən sonra tanınmış ədəbiyyatşünas, təbrizli şair Yəhya Şeydaya göndərib ki, “Furuği-azadi” qəzetində nəşr etdirsin. Lakin Yəhya Şeyda bu yazının ancaq bir hissəsini Təbrizdə çıxan “Məhd-Azadi” qəzetində (1379/5/25) naqis şəkildə çıxarda bilib. Sonra “Naxçıvan yuxusu” Kanadada nəşr olunan “Azərtürk” jurnalının III nömrəsində tam şəkildə çıxır. Yəhya Şeyda bu işi tamamlamağı Təbrizin tanınmış ziyalı və tədqiqatçılarından olan Rza Həmraza həvalə edir. Rza Həmraz həmin materialları tamamlanmış şəkildə, izahlarla nəşr etdirir. (bax: Rza Həmraz. Biriyanın Naxçıvan yuxusu. Məcəlleyi-məhdi-təməddün, NO:7, Azər ayı sayı,Təbriz, 1393 (2015))

Şairin bədii yaradıcılığı Arazın bu tayında qismən Mirzə İbrahimov, Mikayıl Rəfili, Hökumə Billuri, Hökumə Allahverdiyeva, İslam Qəribli, Nərgiz Rüstəmli, Azər Turan, Esmira Fuad tərfindən müxtəlif səpkidə araşdırılıb. M.Biriyanın “Ürək sözü” adlı ilk kitabı Quzey Azərbaycanda, Bakıda 1944-cü ildə nəşr edilib. M.S.Ordubadinin “Antifaşist şair Məhəmməd Biriya” adlı ön söz yazdığı bu kitab rus dilinə də tərcümə edilib. Sonuncu dəfə 2010-cu ildə M.Biriyanın “Əsərləri” Bakıda “Elm” nəşriyyatında nəşr olunub. Çox təəssüf ki, bu kitab da şairin bütün bədii irsini əhatə etmədiyi kimi, “Naxçıvan” şeiri də buraya daxil edilməyib.

O taylı, bu taylı bütöv Azərbaycanın əzabkeş şairi Məhəmməd Biriyanın bədii yaradıcılığının dərindən öyrənilməsi öz tədqiqatçılarını gözləyir.

                                                       Əbülfəz Quliyev

                                                AMEA-nın müxbir üzvü

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: